Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü oldu
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyub. Tarixi, mədəni və mənəvi yaxınlıq üzərində qurulan əlaqələr siyasi, iqtisadi, nəqliyyat, enerji, investisiya, humanitar və digər istiqamətlərdə ardıcıl şəkildə genişlənir. Bu baxımdan Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tamhüquqlu üzv kimi qoşulması ölkəmizin regionla münasibətlərində mühüm tarixi hadisə kimi qiymətləndirilir. 2025-ci ilin noyabrında Azərbaycan bu formatın tamhüquqlu iştirakçısına çevrilməklə Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün yeni imkanlar əldə etdi. Bu qərar Azərbaycanın region ölkələri ilə son illərdə formalaşdırdığı yüksək səviyyəli siyasi münasibətlərin və qarşılıqlı etimadın məntiqi nəticəsi olmaqla yanaşı, ölkəmizin Mərkəzi Asiya ilə bağlı həyata keçirdiyi məqsədyönlü xarici siyasətin mühüm nəticələrindən biridir.
Mərkəzi Asiya Dövlət Başçıları arasında Məşvərət formatı region ölkələri arasında əməkdaşlığın gücləndirilməsi, ümumi maraq doğuran məsələlərin müzakirəsi və regional həmrəyliyin möhkəmləndirilməsi baxımından mühüm platformadır. Azərbaycanın bu formata tamhüquqlu üzv kimi daxil olması isə artıq ölkəmizin Mərkəzi Asiya ilə münasibətlərinin yalnız ikitərəfli əlaqələr çərçivəsində deyil, çoxtərəfli regional əməkdaşlıq müstəvisində də inkişaf etdiyini göstərir. Azərbaycan ilə Mərkəzi Asiya dövlətlərini birləşdirən mühüm amillərdən biri ortaq tarixi və mədəni irsdir. Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və digər türk dünyası ölkələri arasında mövcud olan tarixi bağlar xalqlarımız arasında münasibətlərin möhkəm təməlini təşkil edir. Son illərdə bu tarixi yaxınlıq siyasi iradə və qarşılıqlı maraqlar əsasında müasir əməkdaşlıq modelinə çevrilib. Dövlət başçıları arasında qarşılıqlı səfərlərin intensivləşməsi, imzalanan sənədlərin sayının artması, müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsi Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əlaqələrin strateji xarakter daşıdığını nümayiş etdirir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində Prezident cənab İlham Əliyevin həyata keçirdiyi fəal və məqsədyönlü xarici siyasət xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz region dövlətləri ilə siyasi dialoqun inkişafına, iqtisadi tərəfdaşlığın genişləndirilməsinə və qarşılıqlı faydalı əməkdaşlıq mexanizmlərinin yaradılmasına böyük önəm verir.
Şəhla Eminova – Zərdab şəhər sakini, əməkdar müəllim























