Azərbaycan idmanının qazandığı möhtəşəm uğurlar bütün idman ictimaiyyəti tərəfindən böyük sevinc hissi ilə qarşılanır
İdmanda əldə olunan nailiyyətlərin davamlı və sistemli xarakter daşıması, digər sahələrdə olduğu kimi, birbaşa dövlətin göstərdiyi diqqət və qayğı ilə bağlıdır. İdmançı öz əməyi və uğurlarının yalnız ailəsi və yaxınları tərəfindən deyil, eyni zamanda dövlət səviyyəsində yüksək qiymətləndirildiyini gördükdə, bu, onun motivasiyasını daha da artırır. Məşqçi və texniki heyətlə birlikdə bu dəstəyi hiss edən idmançı yeni zirvələrə doğru daha böyük əzmlə irəliləyir.
Azərbaycan idmançılarının ötən il beynəlxalq yarışlarda qazandığı iki minə yaxın medalın 600-dən çoxunun qızıl olması ölkəmizdə idmanın hansı səviyyədə inkişaf etdiyini aydın şəkildə nümayiş etdirir. Bu qələbələr zamanı Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, üçrəngli bayrağımızın yüksəldilməsi və müxtəlif xalqların nümayəndələri tərəfindən alqışlanması hər bir vətəndaş üçün qürur mənbəyidir. Bu uğurların əsasında isə dövlət tərəfindən həyata keçirilən məqsədyönlü idman siyasəti dayanır. Artıq idmançılarımız yaxşı anlayırlar ki, onlar qalib xalqın və güclü dövlətin nümayəndələri kimi daha böyük məsuliyyət daşıyırlar.
Albaniyanın paytaxtı Tiranada keçirilən yunan-Roma və sərbəst güləş üzrə Avropa çempionatında milli komandamızın birinci yerə yüksəlməsi bu siyasətin real nəticəsidir. Dövlət başçısı İlham Əliyevin idmançılar və məşqçilərlə görüşü, onların uğurlarını yüksək qiymətləndirməsi idmana göstərilən diqqətin bariz nümunəsidir. Bu, həm də göstərir ki, ölkə rəhbərliyi üçün idman sahəsi hər zaman prioritet istiqamətlərdən biri olaraq qalır.
Bu ənənənin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Onun idmanın milli kimliyin və müstəqilliyin mühüm rəmzlərindən biri olması barədə fikirləri bu gün də aktuallığını qoruyur. Prezident İlham Əliyevin çıxışlarında da idmanın cəmiyyət həyatındakı rolu, xüsusilə gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında əhəmiyyəti daim vurğulanır.
Azərbaycan idmanının qazandığı bu möhtəşəm uğurlar bütün idman ictimaiyyəti tərəfindən böyük sevinc hissi ilə qarşılanır. Azərbaycan Karate Federasiyası da bu qələbələri yüksək qiymətləndirir, güləşçilərimizi, onların məşqçilərini, texniki heyəti, Güləş Federasiyasını və Gənclər və İdman Nazirliyini ürəkdən təbrik edir. İnanırıq ki, gələcəkdə də Azərbaycan idmançıları beynəlxalq arenalarda yeni nailiyyətlər qazanaraq ölkəmizin adını daim uca tutacaqlar.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd tam ümumtəhsil orta məktəbinin direktoru

























