Azərbaycan hər zaman müsəlman ölkələri arasında həmrəyliyi güclü təşviq edib.
Şuşa bu gün yalnız Azərbaycanın mədəniyyət paytaxtı kimi deyil, həm də beynəlxalq fikir mübadiləsinin və qlobal dialoqun mühüm ünvanı kimi tanınır. IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi “Azərbaycan hər zaman müsəlman ölkələri arasında həmrəyliyi güclü təşviq edib” fikri ölkəmizin uzun illər ərzində həyata keçirdiyi xarici siyasətin əsas istiqamətlərindən birini ifadə edir. Bu yanaşma təkcə siyasi bəyanat deyil, Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu mövqenin və həyata keçirdiyi ardıcıl diplomatiyanın məntiqi nəticəsidir.
Müasir beynəlxalq münasibətlər sistemində müsəlman ölkələrinin qarşılaşdığı çağırışlar, regional münaqişələr, humanitar problemlər və informasiya müharibələri qarşılıqlı əməkdaşlığın əhəmiyyətini daha da artırır. Belə bir şəraitdə Azərbaycan daim qarşıdurmadan deyil, dialoqdan, parçalanmadan deyil, həmrəylikdən çıxış edən dövlət kimi tanınır. Prezident İlham Əliyevin çıxışında da vurğulandığı kimi, ölkəmiz İslam dünyasının ümumi maraqlarına xidmət edən təşəbbüslərdə fəal iştirak edir və müxtəlif platformalarda ortaq mövqelərin formalaşdırılmasına dəstək verir.
Azərbaycanın İslam dünyasında qazandığı nüfuz təsadüfi deyil. Ölkəmiz beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq həyata keçirir, humanitar layihələrə töhfə verir, təhsil, elm, mədəniyyət və dini irsin qorunması istiqamətində mühüm təşəbbüslərlə çıxış edir. Təbii fəlakətlərdən və silahlı münaqişələrdən zərər çəkmiş dost ölkələrə göstərilən humanitar yardımlar da Azərbaycanın həmrəylik siyasətinin praktik ifadəsidir.
Prezident İlham Əliyev çıxışında müsəlman ölkələri arasında birliyin yalnız siyasi deyil, həm də mənəvi dəyər olduğunu diqqətə çatdırdı. Bu birlik qarşılıqlı hörmətə, suverenliyə ehtirama və ortaq dəyərlərə əsaslanmalıdır. Azərbaycanın xarici siyasətində məhz bu prinsiplər prioritet təşkil edir. Dövlətimizin təşəbbüsü ilə keçirilən beynəlxalq tədbirlər müxtəlif ölkələr arasında etimadın möhkəmlənməsinə, qarşılıqlı anlaşmanın genişlənməsinə və əməkdaşlığın dərinləşməsinə xidmət edir.
Şuşada keçirilən forumun bu baxımdan xüsusi rəmzi mənası var. Uzun illər işğal altında qalmış şəhərin bu gün beynəlxalq media nümayəndələrini qəbul etməsi Azərbaycanın yeni inkişaf mərhələsinin göstəricisidir. Burada səsləndirilən mesajlar təkcə regional məsələlərə deyil, qlobal əməkdaşlığa və sivilizasiyalararası dialoqa da töhfə verir. Prezident İlham Əliyevin müsəlman ölkələri arasında həmrəyliyə dair fikirləri də məhz bu beynəlxalq platformadan dünyaya ünvanlanan mühüm çağırış kimi qiymətləndirilə bilər.
IV Şuşa Qlobal Media Forumu bir daha nümayiş etdirdi ki, informasiya əsrində siyasi dialoq, qarşılıqlı etimad və beynəlxalq həmrəylik xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin “Azərbaycan hər zaman müsəlman ölkələri arasında həmrəyliyi güclü təşviq edib” fikri isə Azərbaycanın xarici siyasət fəlsəfəsini, milli maraqlara əsaslanan diplomatik xəttini və İslam dünyasında birliyin möhkəmləndirilməsinə verdiyi töhfəni aydın şəkildə ifadə edir. Bu mövqe ölkəmizin gələcəkdə də sülhün, əməkdaşlığın və qarşılıqlı hörmətin inkişafına xidmət edən təşəbbüslərin önündə olacağını göstərir.
Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru-Rəşad İsmayılov
























