Azərbaycan hər zaman müsəlman ölkələri arasında həmrəyliyi güclü təşviq edib.
Şuşa bu gün Azərbaycanın tarixi-mədəni irsinin rəmzi olmaqla yanaşı, həm də beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi mühüm məkana çevrilib. IV Şuşa Qlobal Media Forumu çərçivəsində dünyanın müxtəlif ölkələrindən gəlmiş media nümayəndələri, ekspertlər və ictimaiyyət təmsilçiləri ilə görüşdə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın beynəlxalq siyasətinin əsas istiqamətlərini bir daha diqqət mərkəzinə gətirdi. Dövlət başçısının “Azərbaycan hər zaman müsəlman ölkələri arasında həmrəyliyi güclü təşviq edib” fikri ölkəmizin İslam dünyası ilə münasibətlərində tutduğu mövqenin aydın ifadəsidir. Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin, dinlərin və sivilizasiyaların qovuşduğu məkan olub. Bu xüsusiyyət müasir dövrdə də ölkəmizin xarici siyasətində mühüm rol oynayır.
Azərbaycanın müsəlman ölkələri ilə əlaqələri qarşılıqlı hörmət, dostluq və əməkdaşlıq prinsipləri üzərində qurulub. Ölkəmiz beynəlxalq təşkilatlar çərçivəsində İslam dünyasının ümumi maraqlarına xidmət edən təşəbbüsləri dəstəkləyir, müsəlman dövlətləri arasında siyasi, iqtisadi və humanitar əlaqələrin genişlənməsinə töhfə verir.
Prezident İlham Əliyevin çıxışında vurğulanan həmrəylik anlayışı yalnız siyasi əməkdaşlıqla məhdudlaşmır. Bu, eyni zamanda xalqlar arasında mənəvi yaxınlığın, qarşılıqlı dəstəyin və ortaq dəyərlərin qorunmasının vacibliyini ifadə edir. Müasir dünyada müxtəlif çağırışlarla üzləşən müsəlman ölkələri üçün birlik və əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın bu istiqamətdə fəaliyyəti konkret addımlarla müşayiət olunur. Ölkəmiz İslam dünyasında mədəni irsin qorunması, humanitar layihələrin həyata keçirilməsi, elm və təhsil sahəsində əməkdaşlığın inkişafı istiqamətində mühüm təşəbbüslər irəli sürüb. Bakı şəhərinin müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də Azərbaycanın Şərq və Qərb arasında dialoqa verdiyi önəmin göstəricisidir.
Şuşada keçirilən IV Qlobal Media Forumu isə bu siyasətin yeni informasiya müstəvisində təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır. Dünyanın aparıcı media nümayəndələrinin iştirakı ilə keçirilən tədbir Azərbaycanın mövqeyinin beynəlxalq auditoriyaya çatdırılması üçün geniş imkan yaradıb. Şuşa kimi tarixi bir şəhərdə belə bir forumun təşkili həm də Azərbaycanın öz mədəni irsinə və milli dəyərlərinə sahib çıxmasının göstəricisidir.
Azərbaycanın İslam dünyası ilə münasibətlərində mühüm istiqamətlərdən biri də sülh və sabitliyin təşviq edilməsidir. Ölkəmiz daim dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipini müdafiə edib. Bu yanaşma həm müsəlman ölkələri ilə münasibətlərdə, həm də beynəlxalq platformalarda Azərbaycanın əsas mövqelərindən biri kimi çıxış edir.
Prezident İlham Əliyevin çıxışında səslənən fikirlər bir daha göstərdi ki, Azərbaycan müsəlman ölkələri arasında əməkdaşlığın və qarşılıqlı etimadın gücləndirilməsini vacib hesab edir. Ölkəmizin xarici siyasəti milli maraqlarla yanaşı, regional və qlobal sabitliyə töhfə vermək məqsədi daşıyır. Bu mövqe göstərir ki, Azərbaycan gələcəkdə də İslam dünyasında birlik, əməkdaşlıq və qarşılıqlı dəstək ideyalarının inkişafına öz töhfəsini verməyə davam edəcək.
Zərdab rayon Şəftəhal kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Sədiyar Xəlilov























