Azərbaycan dilinin inkişafı və zənginləşdirilməsi istiqamətində Prezident İlham Əliyevin ardıcıl dil siyasəti
Azərbaycan dili xalqımızın milli kimliyini, zəngin mədəni irsini və dövlətçilik ənənələrini özündə yaşadan ən qiymətli mənəvi sərvətlərdən biridir. Müstəqil Azərbaycanın dövlət dilinin qorunması, inkişaf etdirilməsi və müasir dövrün tələblərinə uyğun tətbiqinin genişləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü siyasət Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bariz nümunəsidir. Bu siyasətin əsas məqsədi Azərbaycan dilinin zənginliyinin qorunması, istifadəsinin genişləndirilməsi və gələcək nəsillərə saf şəkildə çatdırılmasını təmin etməkdir.
Prezident İlham Əliyev dövlət dilinin inkişafını ölkənin milli təhlükəsizliyi, mədəni irsi və mənəvi dəyərlərinin ayrılmaz tərkib hissəsi kimi qiymətləndirərək bu sahədə mühüm hüquqi və təşkilati tədbirlər həyata keçirmişdir. Onun rəhbərliyi ilə qəbul olunmuş dövlət sənədləri Azərbaycan dilinin bütün sahələrdə tətbiqini daha da genişləndirmiş, dil siyasətinin müasir dövrün çağırışlarına uyğun inkişafına zəmin yaratmışdır.
Bu istiqamətdə mühüm addımlardan biri Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı olmuşdur. Həmin Sərəncama əsasən 2004–2008-ci illərdə latın qrafikası ilə çap ediləcək əsərlərin siyahısı hazırlanmış və Azərbaycan ədəbiyyatının, elmi və mədəni irsinin yeni əlifbada geniş oxucu auditoriyasına çatdırılması təmin edilmişdir. Bu qərar latın qrafikalı əlifbaya keçidin tam başa çatdırılması və Azərbaycan dilində nəşrlərin vahid standart əsasında formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
Ana dilinin inkişafına xidmət edən növbəti mühüm addımlar Prezident İlham Əliyevin 14 yanvar 2004-cü il tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və 30 dekabr 2007-ci il tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları olmuşdur. Bu sənədlər nəticəsində həm milli elmi irsin sistemləşdirilməsi, həm də dünya ədəbiyyatının ən dəyərli nümunələrinin Azərbaycan dilində nəşri geniş vüsət almış, dövlət dilinin elmi, tədris və mədəni mühitdə tətbiqi daha da zənginləşdirilmişdir.
Azərbaycan dilinin dövlət idarəçiliyində, təhsil sistemində, elmdə, mədəniyyətdə, informasiya məkanında və beynəlxalq platformalarda nüfuzunun artması həyata keçirilən ardıcıl dövlət dil siyasətinin mühüm nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər Azərbaycan dilinin milli-mənəvi dəyərlərimizin əsas dayağı kimi qorunmasına, zənginləşdirilməsinə və gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir. Bu siyasət Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi milli dil strategiyasının uğurla davam etdirildiyini və Azərbaycan dilinin dövlətçiliyimizin ayrılmaz rəmzlərindən biri kimi daim yüksək diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc





















