image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-1

Azərbaycan dilinin dövlət dili statusunun möhkəmləndirilməsində Ümummilli Lider Heydər Əliyevin tarixi rolü

image-legitimaz-810x90

Azərbaycan dilinin dövlət dili statusunun möhkəmləndirilməsində Ümummilli Lider Heydər Əliyevin tarixi rolü

 

Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında, ana dilinin inkişaf etdirilməsində və dövlət səviyyəsində möhkəmləndirilməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinə xalqın milli kimliyinin əsas göstəricilərindən biri kimi yanaşmış, onun qorunması və inkişafını dövlət siyasətinin mühüm istiqamətlərindən biri hesab etmişdir.

Sovet dövründə milli dillərə münasibətin mürəkkəb olduğu bir şəraitdə Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunması böyük siyasi iradə və uzaqgörənlik tələb edirdi. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Konstitusiyanın 73-cü maddəsinin aşağıdakı redaksiyada verilməsi təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”.

Bu qərar həmin dövr üçün mühüm tarixi hadisə olmaqla yanaşı, Azərbaycan dilinin hüquqi statusunun qorunması və gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyırdı. Ümummilli Liderin qətiyyətli mövqeyi sayəsində Azərbaycan dili dövlət səviyyəsində tanınmış və onun ictimai-siyasi, elmi-mədəni həyatda istifadəsinin genişlənməsi üçün mühüm hüquqi zəmin yaradılmışdır.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da dövlət dilinin hüquqi statusunun möhkəmləndirilməsi məsələsi diqqət mərkəzində olmuşdur. 1995-ci ildə Azərbaycan Respublikasının yeni Konstitusiyası hazırlanarkən dövlət dilinin adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Aparılan geniş müzakirələr zamanı ana dilimizin tarixi adı olan Azərbaycan dili ifadəsinin dövlət dili kimi təsbit edilməsi üstünlük qazanmışdır. Ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsində müəyyən edilmişdir ki, “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir”.

Bu müddəa Azərbaycan dilinin dövlətçilik atributlarından biri kimi hüquqi əsasını daha da möhkəmləndirmiş, onun bütün dövlət orqanlarında, təhsil, elm, mədəniyyət və ictimai həyatın digər sahələrində geniş istifadəsinə şərait yaratmışdır.

Ümummilli Lider Heydər Əliyevin ana dilinə verdiyi yüksək dəyər və göstərdiyi diqqət bu gün də Azərbaycan dövlətinin dil siyasətinin əsasını təşkil edir. Onun təşəbbüsü ilə həyata keçirilmiş mühüm tədbirlər nəticəsində Azərbaycan dili yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqımızın milli varlığını, tarixini və dövlətçilik ənənələrini yaşadan mühüm mənəvi sərvət kimi qorunub inkişaf etdirilir.

Bu gün Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin möhkəm olması Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin və milli dəyərlərə bağlılığının parlaq nəticələrindən biridir. Ana dilimizin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi hər bir azərbaycanlının mühüm vəzifəsi olmaqla yanaşı, Ümummilli Liderin dilimizin taleyi ilə bağlı göstərdiyi tarixi xidmətlərə layiqli töhfədir.

 

Gülnaz Məmmədova – Zərdab şəhər sakini, təqaüdçü

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki