Azərbaycan–Çexiya iqtisadi əməkdaşlığının inkişaf perspektivləri
Son illərdə Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Bu baxımdan Çexiya ilə iqtisadi münasibətlərin inkişafı xüsusi əhəmiyyət kəsb edir. İki ölkə arasında qarşılıqlı səfərlər, keçirilən biznes forumlar və artan maraq iqtisadi əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Azərbaycana Çexiyadan geniş iş adamları heyətinin səfəri bu əməkdaşlığın praktiki müstəviyə keçdiyini nümayiş etdirir. Belə görüşlər yalnız yeni biznes əlaqələrinin qurulmasına deyil, həm də mövcud layihələrin müzakirəsi və inkişafına şərait yaradır. Xüsusilə biznes forumlar sahibkarlar arasında birbaşa ünsiyyətin qurulması baxımından mühüm platformadır. Hazırda iki ölkə arasında ticarət dövriyyəsi 800 milyon dollardan artıqdır ki, bu da kifayət qədər əhəmiyyətli göstəricidir. Lakin ticarət strukturuna nəzər saldıqda əsas payın Azərbaycanın neft ixracının təşkil etdiyi görünür. Bu isə iqtisadi əməkdaşlığın hələ tam balanslı olmadığını göstərir. Məhz buna görə tərəflər ticarət dövriyyəsinin şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində birgə səylərin artırılmasını vacib hesab edirlər.
Danışıqlar zamanı kənd təsərrüfatı, sənaye, enerji, nəqliyyat və innovasiya sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə bağlı konkret təkliflər irəli sürülmüşdür. Xüsusilə sərmayə yönümlü layihələrin həyata keçirilməsi iki ölkə arasında iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə təkan verə bilər. Gözləntilər ondan ibarətdir ki, qarşılıqlı səfərlər və davamlı dialoq nəticəsində Azərbaycan ilə Çexiya arasında iqtisadi əməkdaşlıq daha tarazlı və dayanıqlı formaya keçəcək. Bu isə yalnız ticarət dövriyyəsinin artmasına deyil, həm də iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına müsbət təsir göstərəcək. Mövcud potensial və qarşılıqlı maraq nəzərə alındıqda, Azərbaycan–Çexiya iqtisadi əlaqələrinin gələcəkdə daha da genişlənəcəyi və yeni uğurlara imza atacağı gözlənilir.
Əsgərxan İsazadə – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in əməkdaşı





















