Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda müzakirə olunan məsələlər ölkəyə investisiya marağının müxtəlif sahələr üzrə genişləndiyini göstərir
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əsas əhəmiyyətlərindən biri də Azərbaycanın iqtisadiyyatında yeni investisiya istiqamətlərinin formalaşdığını göstərməsidir. Artıq investisiya imkanları yalnız neft və qaz sektoru ilə məhdudlaşmır. Bərpaolunan enerji, logistika, rəqəmsal texnologiyalar, sənaye, kənd təsərrüfatı, enerji infrastrukturu və digər sahələrdə də yeni imkanlar yaranır.
Xarici investor üçün ən vacib məsələlərdən biri isə etibarlı tərəfdaşlıqdır. Azərbaycan uzun illər ərzində müxtəlif beynəlxalq şirkətlərlə enerji layihələri həyata keçirib. Prezident İlham Əliyevin Forumda qeyd etdiyi kimi, 30 il əvvəl bağlanmış müqavilələrin bu gün də qüvvədə olması investorlar üçün etibarlılıq baxımından mühüm mesajdır.
Bu, ölkəyə investisiya qoyan şirkətlər üçün uzunmüddətli əməkdaşlığın və qarşılıqlı etimadın əhəmiyyətini göstərir. İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın iqtisadi inkişafında yeni mərhələnin formalaşdığını göstərən mühüm tədbirlərdən biridir. Forumda imzalanan sənədlər və müzakirə olunan məsələlər ölkəyə investisiya marağının müxtəlif sahələr üzrə genişləndiyini göstərir.
Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri mövcud iqtisadi imkanları daha da genişləndirmək, qeyri-neft sektorunun inkişafını sürətləndirmək, yeni texnologiyaları tətbiq etmək və xarici investisiyalar üçün daha əlverişli şərait yaratmaqdır. Xüsusilə yaşıl enerji, rəqəmsallaşma, logistika və müasir sənaye sahələri gələcək üçün yeni imkanlar yaradır. Günəş və külək enerjisinin inkişaf etdirilməsi, enerji şəbəkələrinin yenilənməsi, Qarabağ və Şərqi Zəngəzurda yeni layihələrin həyata keçirilməsi ölkənin iqtisadi potensialının daha da artmasına şərait yarada bilər.
Ən əsası isə investisiya yalnız böyük rəqəmlər demək deyil. Yeni investisiya yeni müəssisə, yeni texnologiya, yeni iş yerləri və yeni iqtisadi imkanlar deməkdir. Buna görə də Azərbaycanda investisiya mühitinin genişləndirilməsi ölkənin gələcək iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bakıda keçirilən İnvestisiya Forumu da Azərbaycanın öz iqtisadi potensialını beynəlxalq investorların diqqətinə çatdırması və yeni əməkdaşlıqlar üçün imkanlar yaratması baxımından əhəmiyyətli platforma kimi çıxış edir. Gələcəkdə bu əməkdaşlıqların konkret layihələrə çevrilməsi Azərbaycanın iqtisadiyyatının daha da şaxələndirilməsinə və yeni inkişaf imkanlarının yaranmasına kömək edə bilər.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri























