Azərbaycan Avropanın enerji təhlükəsizliyi və regional sülhün etibarlı tərəfdaşıdır
Son dövrlərdə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında münasibətlər özünün ən fəal və dinamik inkişaf dövrünü yaşayır. Bakı ilə Brüssel arasında yüksək səviyyəli siyasi dialoqun intensivləşməsi, qarşılıqlı etimada əsaslanan əməkdaşlığın daha da dərinləşdiyini və tərəfdaşlığın strateji xarakter aldığını nümayiş etdirir. Bu proses təkcə ikitərəfli münasibətlər baxımından deyil, həm də regionun gələcək inkişafı və Avropanın təhlükəsizlik maraqları baxımından xüsusi əhəmiyyət daşıyır.
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, ardınca Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın, daha sonra isə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfərləri Brüsselin ölkəmizə verdiyi yüksək önəmin göstəricisidir. Bu ardıcıl səfərlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunu və Avropa üçün strateji əhəmiyyətini bir daha təsdiqləyir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin birgə mətbuat konfransında səsləndirilən fikirlər də münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Dövlətimizin başçısı vurğuladı ki, son dövrlərdə müşahidə olunan müsbət dinamika tərəflərin əməkdaşlığın genişləndirilməsində nümayiş etdirdikləri siyasi iradənin nəticəsidir. Əməkdaşlıq artıq yalnız siyasi dialoqla məhdudlaşmır, enerji təhlükəsizliyi, ticarət, nəqliyyat, yaşıl enerji, rəqəmsal inkişaf və regional təhlükəsizlik kimi sahələri də əhatə edir.
Ursula fon der Lyayen də çıxışında Azərbaycanın Avropa üçün etibarlı tərəfdaş olduğunu xüsusi vurğulayaraq enerji sahəsində əməkdaşlığın münasibətlərin əsas sütunlarından biri olduğunu bildirdi. O qeyd etdi ki, Azərbaycan yalnız enerji ixracatçısı deyil, həm də Avropanı Cənubi Qafqaz və Mərkəzi Asiya ilə birləşdirən mühüm logistik mərkəzə çevrilib. Bununla yanaşı, Prezident İlham Əliyevin regionda sülhün və əməkdaşlığın təşviqi istiqamətində göstərdiyi səylər də yüksək qiymətləndirildi.
Mürəkkəb geosiyasi proseslərin yaşandığı Cənubi Qafqaz regionunda Azərbaycan sabitliyin və təhlükəsizliyin qorunmasına mühüm töhfə verir. Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən xarici siyasət nəticəsində ölkəmiz beynəlxalq tərəfdaşlar üçün etibarlı dövlət kimi qəbul olunur. Avropa Komissiyası Prezidentinin Bakıya səfəri də bu reallığın beynəlxalq səviyyədə qəbul edildiyini nümayiş etdirdi.
Avropa İttifaqının Azərbaycanla enerji, nəqliyyat və rəqəmsal infrastruktur sahələrində yeni bağlantı tərəfdaşlığı platforması yaratmaq təşəbbüsü ölkəmizin geostrateji mövqeyinə verilən yüksək qiymətin ifadəsidir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, müasir dəmir yolu infrastrukturu və Şərq–Qərb, eləcə də Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərində Azərbaycanın oynadığı rol ölkəmizi Avrasiyanın mühüm nəqliyyat qovşaqlarından birinə çevirib. Azərbaycan–Avropa İttifaqı münasibətləri qarşılıqlı hörmətə, etimada və ortaq maraqlara əsaslanır. Yeni mərhələyə qədəm qoyan bu əməkdaşlıq həm ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsinə, həm də regionda uzunmüddətli sabitlik və inkişafın təmin olunmasına mühüm töhfə verir.
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru





















