image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1785232029-1770815999639396686_1200x630

Azərbaycan ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir

image-legitimaz-810x90

Azərbaycan ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir

 

Azərbaycan dili xalqımızın milli kimliyinin, mənəvi dəyərlərinin, dövlətçilik ənənələrinin və zəngin mədəni irsinin əsas daşıyıcısıdır. Ana dilimizin qorunması və inkişaf etdirilməsi müstəqil Azərbaycan dövlətinin milli siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin əsasını Ümummilli Lider Heydər Əliyev qoymuş, Prezident İlham Əliyev isə həmin strateji xətti dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirmişdir. Bu gün Azərbaycan dilinin hüquqi əsaslarının möhkəmləndirilməsi, onun dövlət idarəçiliyində, təhsildə, elmdə, mədəniyyətdə və informasiya məkanında tətbiqinin genişləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər dövlət dilinə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir. Ümummilli Lider Heydər Əliyev ana dilini milli dövlətçiliyin əsas atributlarından biri hesab edirdi. Onun təşəbbüsü ilə 1978-ci ildə qəbul edilmiş Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsində Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Müstəqillik dövründə isə 1995-ci il 12 noyabr tarixində qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində Azərbaycan dili dövlət dili elan edildi. Sonrakı dövrdə 2001-ci ildə dövlət dilinin tətbiqinin təkmilləşdirilməsi haqqında Fərman imzalandı, latın qrafikalı Azərbaycan əlifbasına tam keçid təmin edildi və 1 avqust “Azərbaycan əlifbası və Azərbaycan dili günü” təsis olundu. 2002-ci il 30 sentyabr tarixində qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun isə dövlət dili siyasətinin hüquqi əsaslarını daha da möhkəmləndirdi. Prezident İlham Əliyev bu siyasi kursu ardıcıl şəkildə davam etdirərək Azərbaycan dilinin qorunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən etmişdir. Dövlət başçısı bütün çıxışlarında ana dilinin milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsi olduğunu vurğulamış, Azərbaycan dilinin zənginliyinin, saflığının və ədəbi normalarının qorunmasının hər bir vətəndaşın borcu olduğunu dəfələrlə qeyd etmişdir.Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət dilinin inkişafı istiqamətində mühüm normativ-hüquqi sənədlər qəbul edilmişdir. 2013-cü il 9 aprel tarixində Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı təsdiq edilmişdir. Bu proqram Azərbaycan dilinin elmi əsaslarla inkişaf etdirilməsi, müasir terminologiyanın formalaşdırılması, elektron resursların yaradılması, dilçilik tədqiqatlarının genişləndirilməsi və dövlət dilinin tətbiqinin daha da təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Dövlət başçısının 1 noyabr 2018-ci il tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ana dilinin qorunması istiqamətində həyata keçirilən siyasətin yeni mərhələsini müəyyən etmişdir. Həmin Fərmanda dövlət dilinin normalarına riayət olunmasının gücləndirilməsi, reklam, media, internet informasiya resursları və ictimai xidmət sahələrində Azərbaycan dilinin düzgün istifadəsinin təmin olunması, dil normalarının pozulmasının qarşısının alınması ilə bağlı konkret tapşırıqlar verilmişdir. Bu siyasətin davamı olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 174 nömrəli Qərarı ilə “Azərbaycan dilinin orfoqrafiya normaları” təsdiq edilmişdir. Yeni orfoqrafiya normaları müasir dövrün tələblərinə uyğun hazırlanaraq dövlət idarəçiliyində, təhsil sistemində, elmi fəaliyyət sahələrində, kütləvi informasiya vasitələrində və nəşriyyat işində vahid yazı standartlarının tətbiqinə mühüm töhfə vermişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dilinin rəqəmsal mühitdə inkişafına da xüsusi diqqət yetirilir. Elektron lüğətlərin hazırlanması, terminoloji bazaların zənginləşdirilməsi, Azərbaycan dilində rəqəmsal resursların artırılması, informasiya-kommunikasiya texnologiyalarında dövlət dilinin tətbiqinin genişləndirilməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Bu tədbirlər Azərbaycan dilinin müasir texnoloji inkişaf prosesində öz mövqeyini möhkəmləndirməsinə xidmət edir. Dövlət başçısının həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən biri də xaricdə yaşayan azərbaycanlıların ana dili ilə əlaqələrinin möhkəmləndirilməsidir. Dünya azərbaycanlılarının milli-mədəni birliyinin qorunmasında Azərbaycan dilinin xüsusi rol oynadığı nəzərə alınaraq diaspor təşkilatlarının fəaliyyəti dəstəklənir, Azərbaycan dili və mədəniyyətinin beynəlxalq səviyyədə təbliği istiqamətində ardıcıl tədbirlər görülür. Təhsil sahəsində də Azərbaycan dilinin inkişafı prioritet istiqamət olaraq qalır. Məktəblərdə ana dilinin tədrisinin keyfiyyətinin yüksəldilməsi, yeni dərsliklərin hazırlanması, klassik və müasir Azərbaycan ədəbiyyatının təbliği, ali təhsil müəssisələrində dilçilik elminin inkişafına göstərilən dövlət dəstəyi bu siyasətin mühüm nəticələrindəndir.Bu gün Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi sahəsində əldə olunan nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bir daha təsdiq edir. Dövlət dilinin hüquqi əsaslarının möhkəmləndirilməsi, ədəbi dil normalarının qorunması, rəqəmsal dövrün çağırışlarına uyğun inkişaf etdirilməsi, beynəlxalq nüfuzunun artırılması və gələcək nəsillərə saf şəkildə çatdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər milli dövlətçilik siyasətinin mühüm tərkib hissəsinə çevrilmişdir. Azərbaycan dili bu gün təkcə ünsiyyət vasitəsi deyil, həm də müstəqil dövlətimizin suverenliyini, milli birliyini və mənəvi dəyərlərini ifadə edən əsas dövlət atributlarından biridir. Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu dövlət dili siyasətinin Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə inamla davam etdirilməsi Azərbaycan dilinin gələcək inkişafı, milli-mədəni irsimizin qorunması və Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır.

 

 

Veteran müəllim Etibar Niftəliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki