Azərbaycan–Almaniya münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində imzalanmış sənədlər iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir. Əldə olunmuş razılaşmalar siyasi dialoqun daha da möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və uzunmüddətli strateji tərəfdaşlığın inkişafı üçün mühüm hüquqi-siyasi baza formalaşdırır.
Səfər zamanı Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts tərəfindən “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə” imzalanmışdır. Bu sənəd qarşılıqlı hörmət, etimad və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm siyasi sənəd kimi xüsusi əhəmiyyət daşıyır. Birgə Bəyannamə siyasi dialoqun intensivləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, enerji təhlükəsizliyi, nəqliyyat və logistika, innovasiya, rəqəmsallaşma, yaşıl enerji, təhsil və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır.
Rəsmi səfər çərçivəsində imzalanan digər mühüm sənəd Azərbaycan–Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə olmuşdur. Bu təşəbbüs iki ölkənin işgüzar dairələri arasında əlaqələrin sistemli şəkildə inkişaf etdirilməsinə, yeni investisiya layihələrinin təşviqinə, sahibkarlar arasında birbaşa əməkdaşlığın genişləndirilməsinə və qarşılıqlı ticarət dövriyyəsinin artırılmasına xidmət edəcəkdir. Biznes Şurasının fəaliyyəti iqtisadi tərəfdaşlığın institusional əsaslarını daha da möhkəmləndirməklə yanaşı, yeni biznes təşəbbüslərinin reallaşdırılması üçün əlverişli platforma rolunu oynayacaqdır.
Müasir beynəlxalq münasibətlər şəraitində dövlətlər arasında strateji tərəfdaşlığın davamlı inkişafı qarşılıqlı maraqlara əsaslanan siyasi dialoq və güclü iqtisadi əməkdaşlıqdan keçir. Azərbaycan və Almaniya arasında imzalanmış sənədlər də məhz bu məqsədlərə xidmət edərək uzunmüddətli əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir. Bu sənədlərin icrası nəticəsində müxtəlif sahələr üzrə birgə layihələrin həyata keçirilməsi, investisiya imkanlarının genişləndirilməsi və innovativ təşəbbüslərin dəstəklənməsi üçün yeni perspektivlər yaranacaqdır.
Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri zamanı imzalanmış sənədlər Azərbaycan–Almaniya münasibətlərinin strateji mahiyyətini daha da gücləndirən mühüm addım kimi qiymətləndirilə bilər. Strateji gündəliyin müəyyənləşdirilməsi və Biznes Şurasının yaradılması iki ölkə arasında siyasi, iqtisadi və institusional əməkdaşlığın daha da dərinləşməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və uzunmüddətli tərəfdaşlığın uğurla inkişafına mühüm töhfə verəcəkdir.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd tam ümumtəhsil orta məktəbinin direktoru





















