image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17846382965879525374_1200x630

Azərbaycan–Almaniya iqtisadi və enerji əməkdaşlığı yeni inkişaf mərhələsində

image-legitimaz-810x90

Azərbaycan–Almaniya iqtisadi və enerji əməkdaşlığı yeni inkişaf mərhələsində

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycan–Almaniya münasibətlərinin iqtisadi və enerji sahələrində yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Son illər qarşılıqlı etimada əsaslanan əməkdaşlıq hər iki ölkənin maraqlarına uyğun şəkildə genişlənərək strateji əhəmiyyət kəsb edən istiqamətlər üzrə daha da dərinləşir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, hazırda 200-dən çox Almaniya şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir. Bu şirkətlər sənaye, tikinti, logistika, nəqliyyat, mühəndislik, xidmət, informasiya texnologiyaları və digər sahələrdə ölkəmizin iqtisadi inkişafına mühüm töhfələr verir. Alman şirkətlərinin qabaqcıl texnologiyaları, idarəetmə təcrübəsi və innovativ yanaşmaları Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi siyasətinə uyğun olaraq yeni əməkdaşlıq imkanları yaradır.

Dövlət başçısının qeyd etdiyi kimi, rəsmi səfər zamanı Alman şirkətlərinin Azərbaycanda fəaliyyətinin daha da genişləndirilməsi üçün konkret təkliflər irəli sürülmüş, qarşılıqlı sərmayə qoyuluşunun artırılması məsələləri ətrafında ətraflı fikir mübadiləsi aparılmışdır. Bu yanaşma göstərir ki, tərəflər yalnız mövcud əməkdaşlığın davam etdirilməsində deyil, həm də yeni investisiya layihələrinin reallaşdırılmasında maraqlıdırlar. Qarşılıqlı sərmayələrin artması müasir texnologiyaların tətbiqinə, yeni istehsal sahələrinin yaradılmasına, məşğulluğun genişlənməsinə və qeyri-neft sektorunun inkişafına əlavə stimul verəcəkdir.

Azərbaycan–Almaniya münasibətlərində enerji əməkdaşlığı xüsusi yer tutur. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu ildən etibarən Azərbaycan təbii qazının Almaniyaya ixracına başlanılmışdır. Bununla da Azərbaycan qazı artıq Avropa İttifaqına üzv olan on ölkəyə çatdırılır. Bu mühüm addım ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirir və enerji mənbələrinin şaxələndirilməsi istiqamətində həyata keçirilən beynəlxalq səylərə əhəmiyyətli töhfə verir. Azərbaycan uzun illərdir Almaniyaya xam neft ixrac edən etibarlı tərəfdaş kimi çıxış edir. Enerji əməkdaşlığının gələcək mərhələsində isə bərpa olunan enerji sahəsi xüsusi önəm daşıyır. Azərbaycanın zəngin günəş və külək enerjisi potensialından səmərəli istifadə olunması, yaşıl enerji layihələrinin həyata keçirilməsi və gələcəkdə bu enerjinin Avropa bazarına ixracı iki ölkə arasında əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir. Bu, həm qlobal iqlim məqsədlərinə, həm də dayanıqlı enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcəkdir.

Müasir beynəlxalq iqtisadi münasibətlərdə etibarlı tərəfdaşlıq, qarşılıqlı faydalı investisiyalar və enerji təhlükəsizliyi dövlətlər arasında əməkdaşlığın əsas sütunlarından hesab olunur. Azərbaycan və Almaniya arasında formalaşan münasibətlər də məhz bu prinsiplərə əsaslanır. İqtisadi və enerji sahələrində həyata keçirilən birgə təşəbbüslər gələcək illərdə əməkdaşlığın daha da genişlənəcəyini və qarşılıqlı maraqlara xidmət edən yeni layihələrin reallaşdırılacağını göstərir.

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri çərçivəsində səsləndirilən fikirlər bir daha təsdiq edir ki, Azərbaycan–Almaniya əməkdaşlığı yalnız bugünkü iqtisadi əlaqələrlə məhdudlaşmır. Qarşılıqlı sərmayələrin artırılması, Almaniya şirkətlərinin Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi və enerji sahəsində yeni əməkdaşlıq istiqamətlərinin formalaşdırılması hər iki ölkənin uzunmüddətli strateji maraqlarına xidmət etməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinə və regional iqtisadi inkişafın möhkəmləndirilməsinə də mühüm töhfə verəcəkdir.

 

Fərid Qurbanov – Zərdab rayonu, Təzəkənd kənd sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki