Azərbaycan–Almaniya əməkdaşlığında iqtisadi və enerji tərəfdaşlığının yeni mərhələsi
Prezident İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycan–Almaniya münasibətlərinin strateji əhəmiyyətini və gələcək inkişaf perspektivlərini bir daha nümayiş etdirdi. Dövlət başçısının vurğuladığı kimi, iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi, qarşılıqlı investisiyaların təşviqi və enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi qarşıdakı dövrün əsas prioritetlərindən biri olacaq.
Azərbaycan uzun illərdir Almaniya şirkətləri üçün etibarlı tərəfdaş və əlverişli investisiya məkanı kimi tanınır. Hazırda ölkəmizdə 200-dən çox Almaniya şirkətinin müxtəlif sahələrdə uğurla fəaliyyət göstərməsi bunun bariz göstəricisidir. Sənaye, tikinti, logistika, xidmət, kənd təsərrüfatı və digər istiqamətlərdə həyata keçirilən layihələr iki ölkənin iqtisadi əməkdaşlığının dinamik inkişaf etdiyini təsdiqləyir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu səfərdən sonra Almaniya şirkətlərinin Azərbaycandakı fəaliyyətinin daha da genişlənməsi üçün yeni imkanlar yaranacaq. Qarşılıqlı sərmayələrin artırılması istiqamətində aparılan müzakirələr və Alman şirkətlərinin ölkəmizdə daha geniş fəaliyyət göstərməsi üçün irəli sürülən konkret təkliflər iqtisadi əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu da bu əməkdaşlığın mühüm istiqamətlərindən biridir. Bu ildən etibarən Azərbaycan təbii qaz ixrac etdiyi ölkələrin sırasına Almaniyanı da əlavə edib. Bununla da Azərbaycan qazı artıq Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılır. Bu fakt ölkəmizin etibarlı enerji təchizatçısı kimi nüfuzunu daha da möhkəmləndirməklə yanaşı, Avropanın enerji mənbələrinin şaxələndirilməsinə və enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir. Eyni zamanda, Azərbaycanın Almaniyaya neft ixracı da enerji sahəsində mövcud tərəfdaşlığın əhatə dairəsini genişləndirir.
Enerji əməkdaşlığının perspektivləri yalnız ənənəvi enerji resursları ilə məhdudlaşmır. Azərbaycan bərpa olunan enerji potensialının inkişafına böyük önəm verir və gələcəkdə yaşıl enerjinin Avropa bazarlarına ixracını qarşıya mühüm hədəf kimi qoyub. Bu istiqamətdə həyata keçirilən layihələr Almaniya ilə əməkdaşlıq üçün də yeni imkanlar yaradır. Yaşıl enerji, innovativ texnologiyalar və dayanıqlı inkişaf sahələrində birgə təşəbbüslər iki ölkə arasında tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək.
Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri zamanı səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan–Almaniya münasibətləri qarşılıqlı etimad və ortaq maraqlar əsasında davamlı inkişaf edir. İqtisadiyyat, investisiya və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin milli maraqlarına cavab verməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və regional iqtisadi əməkdaşlığın inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır.
Aqil Mehdiyev – Zərdab rayonu Alıcanlı kənd sakini






















