Azərbaycan–Aİ əlaqələrinin inkişafı regional əməkdaşlığa yeni töhfə verir
Azərbaycan son illərdə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan ölkələrdən birinə çevrilib. Xüsusilə 2022-ci ildə Avropada enerji böhranının dərinləşdiyi dövrdə ölkəmiz etibarlı tərəfdaş kimi üzərinə düşən öhdəlikləri uğurla yerinə yetirdi. Bu gün Azərbaycan Avropa İttifaqının on üzv dövlətini təbii qazla təmin edir və gələcəkdə ixrac coğrafiyasını daha da genişləndirmək imkanına malikdir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, enerji təhlükəsizliyi artıq hər bir dövlətin milli təhlükəsizliyinin əsas tərkib hissəsinə çevrilib. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Cənub Qaz Dəhlizini “əsl uğur hekayəsi” adlandırması Azərbaycanın həyata keçirdiyi uğurlu enerji diplomatiyasına verilən yüksək beynəlxalq qiymətdir.
Enerji əməkdaşlığının yeni istiqaməti isə yaşıl enerji sahəsidir. Azərbaycan zəngin günəş və külək enerjisi potensialına malikdir. Dövlətimizin başçısının açıqladığı kimi, artıq imzalanmış müqavilələr yaxın illərdə ölkədə əlavə 8 giqavat bərpaolunan enerji istehsalına imkan yaradacaq. Bu isə Azərbaycanın enerji ixracatçısı kimi mövqeyini daha da gücləndirəcək.
Xəzər dənizinin külək enerjisi imkanlarından istifadə olunması və Azərbaycan, Mərkəzi Asiya ilə Avropanı birləşdirəcək Yaşıl Enerji Dəhlizi layihəsi gələcəkdə qlobal enerji bazarında yeni imkanlar yaradacaq. Avropa İttifaqının bu layihələrdə fəal iştirak etmək istəyi qarşılıqlı maraqların üst-üstə düşdüyünü göstərir.
Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının mühüm istiqamətlərindən biri də regionda sülhün və sabitliyin təmin edilməsidir. Avropa Komissiyası tərəfindən sərhədyanı bölgələrdə sosial-iqtisadi layihələrin maliyyələşdirilməsi üçün 20 milyon avroluq yardım proqramının elan olunması bunun bariz nümunəsidir. Bu vəsait səhiyyə, minatəmizləmə, kənd təsərrüfatı, su təchizatı və kiçik sahibkarlığın inkişafına yönəldiləcək, bölgədə yaşayan insanların rifahının yüksəldilməsinə xidmət edəcək.
Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən sülh gündəliyi artıq praktik nəticələr verməyə başlayıb. Regionda qarşıdurmanın azalması, əməkdaşlıq imkanlarının genişlənməsi və yeni iqtisadi əlaqələrin formalaşması Cənubi Qafqazın gələcək inkişafı üçün mühüm zəmin yaradır. Avropa İttifaqının bu prosesi dəstəkləməsi Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə verilən növbəti siyasi dəstək kimi qiymətləndirilə bilər.
Azərbaycanın xarici siyasətinin əsas üstünlüyü onun balanslı və müstəqil xarakter daşımasıdır. Ölkəmiz ABŞ, Çin Xalq Respublikası və Avropa İttifaqı kimi müxtəlif güc mərkəzləri ilə qarşılıqlı hörmət və milli maraqlar əsasında əməkdaşlıq edir. Bu siyasət Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən diplomatiyanın nəticəsidir.
Müasir dövrdə Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, mühüm enerji təchizatçısı və regionda sabitliyin təmin olunmasına töhfə verən dövlət kimi mövqeyini daha da möhkəmləndirir. Avropa İttifaqı ilə inkişaf edən strateji əməkdaşlıq isə ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsinə, iqtisadi imkanlarının genişlənməsinə və regionda uzunmüddətli sülhün bərqərar olmasına mühüm töhfə verməyə davam edəcək.
Fərid Qurbanov – Zərdab rayonu, Təzəkənd kənd sakini, fəal gənc





















