Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik
“Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu səfər son aylarda Brüsselin Cənubi Qafqaz siyasətində müşahidə olunan yeni dinamikanın məntiqi davamı olmaqla yanaşı, Azərbaycanın Avropa İttifaqının xarici siyasət və enerji təhlükəsizliyi gündəliyində tutduğu mühüm yeri bir daha təsdiqləyir. Bundan əvvəl Avropa Şurasının Prezidenti Antonio Koştanın Bakıya səfəri də Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa verdiyi strateji əhəmiyyəti nümayiş etdirmişdi. Avropa İttifaqının iki ali rəhbərinin qısa müddət ərzində Azərbaycana səfər etməsi təsadüfi deyil. Bu, 27 üzv dövləti birləşdirən Avropa İttifaqının Azərbaycanla münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltmək niyyətinin siyasi ifadəsidir”.
Son illər Azərbaycan–Avropa İttifaqı münasibətlərində müəyyən fikir ayrılıqları müşahidə olunsa da, tərəflər arasında qarşılıqlı maraq doğuran istiqamətlər əməkdaşlığın davamlı inkişafını təmin edib. Xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, yaşıl enerji, ticarət və regional sabitlik məsələləri tərəfdaşlığın əsas istiqamətlərinə çevrilib. Səfər zamanı Ursula fon der Lyayenin Azərbaycanı “strateji tərəfdaş” adlandırması xüsusi diqqət çəkən məqamlardan biri oldu. Beynəlxalq diplomatik praktikada bu cür ifadələr tərəflər arasında uzunmüddətli əməkdaşlığa və qarşılıqlı etimada əsaslanan münasibətlərin mövcudluğunu ifadə edir. Bu yanaşma Azərbaycanın son illərdə həyata keçirdiyi ardıcıl və balanslaşdırılmış xarici siyasətin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir. Avropa Komissiyasının Prezidenti çıxışında Azərbaycanın regionun aparıcı dövləti kimi rolunu, Cənubi Qafqazda sülh gündəliyinin formalaşdırılmasına verdiyi töhfəni və Prezident İlham Əliyevin liderliyini xüsusi vurğuladı. Bu yanaşma artıq Avropa İttifaqının regionla bağlı yanaşmasında Azərbaycanın aparıcı aktor kimi qəbul olunduğunu göstərən mühüm siyasi mesajdır. “Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət nəticəsində Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində etibarlı, məsuliyyətli və proqnozlaşdırılan tərəfdaş kimi qəbul olunur. Məhz bu amil ölkəmizin həm Qərb, həm Şərq, həm də qlobal Cənub ölkələri ilə qarşılıqlı hörmət və milli maraqlara əsaslanan münasibətlər qurmasına imkan yaradır. Beləliklə, Avropa Komissiyasının Prezidentinin Bakıya səfəri göstərdi ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri artıq yalnız enerji əməkdaşlığı ilə məhdudlaşmır. Tərəfdaşlıq geosiyasi, iqtisadi, nəqliyyat, yaşıl enerji və regional təhlükəsizlik sahələrini əhatə edən çoxşaxəli strateji əməkdaşlıq modelinə çevrilir. Bu isə Azərbaycanın Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas tərəfdaş statusunun daha da möhkəmləndiyini və münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deməyə əsas verir.
Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini























