image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1782983406_17829248476313210888_1200x630

Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsi

image-legitimaz-810x90

2026-cı il iyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana rəsmi səfəri Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevlə keçirilən görüş və mətbuata birgə bəyanatlar göstərdi ki, tərəflər əməkdaşlığı artıq təkcə enerji sahəsi ilə məhdudlaşdırmır, nəqliyyat, rəqəmsal bağlantılar, regional kommunikasiyalar, yaşıl enerji və iqtisadi inteqrasiya istiqamətlərində də genişləndirmək niyyətindədirlər. Prezident İlham Əliyev bəyanatında vurğuladı ki, Azərbaycan Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaş olduğunu illər ərzində əməli fəaliyyəti ilə sübut etmişdir. Xüsusilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu son illərdə daha da artmışdır. Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarına təbii qaz ixracı Avropa ölkələrinin enerji mənbələrinin şaxələndirilməsində mühüm əhəmiyyət daşıyır. 2022-ci ildə imzalanmış Strateji Enerji Tərəfdaşlığı Memorandumu Azərbaycan–Aİ münasibətlərində dönüş nöqtəsi olmuş, qaz tədarükünün 2027-ci ilədək ildə 20 milyard kubmetrə çatdırılması hədəfi müəyyən edilmişdir. Ursula fon der Lyayen isə çıxışında Azərbaycanın Avropa ilə Xəzər hövzəsi və Mərkəzi Asiya arasında mühüm geostrateji körpü rolunu oynadığını xüsusi qeyd etdi. O bildirdi ki, Avropa İttifaqı Azərbaycanla yeni Aİ–Azərbaycan Bağlantı Tərəfdaşlığının yaradılmasını təklif edir. Bu təşəbbüs nəqliyyat dəhlizlərinin inkişafını, enerji sistemlərinin inteqrasiyasını, rəqəmsal infrastrukturun genişləndirilməsini və iqtisadi əlaqələrin möhkəmləndirilməsini nəzərdə tutur. Səfər zamanı Avropa Komissiyası Cənubi Qafqaz regionunda nəqliyyat, enerji və rəqəmsal infrastruktur layihələrinin dəstəklənməsi məqsədilə 200 milyon avroya qədər qrant ayrılacağını, bunun isə uzunmüddətli perspektivdə 2 milyard avroyadək investisiyanın cəlb edilməsinə imkan yarada biləcəyini açıqladı. Bu vəsait Orta Dəhlizin inkişafı, regional kommunikasiyaların genişləndirilməsi və Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyev Azərbaycanın regional sülhün və əməkdaşlığın tərəfdarı olduğunu vurğulayaraq bildirdi ki, ölkə artıq təkcə enerji ixracatçısı deyil, həm də beynəlxalq nəqliyyat-logistika qovşağına çevrilməkdədir. Xəzər dənizi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və Orta Dəhliz layihələri Avropa ilə Asiya arasında yükdaşımaların həcminin artmasına mühüm töhfə verir. Bununla yanaşı, görüşdə yaşıl enerji sahəsində əməkdaşlıq perspektivləri də geniş müzakirə edildi. Xəzər dənizinin böyük külək enerjisi potensialı, günəş enerjisi layihələri və gələcəkdə yaşıl hidrogen istehsalı istiqamətində əməkdaşlıq Avropa İttifaqının enerji keçidi strategiyasına uyğun prioritet sahələr kimi qiymətləndirildi. Prezident İlham Əliyev bəyanatında qeyd etdi ki, Azərbaycan Avropa İttifaqı ilə qarşılıqlı hörmət, bərabərhüquqluluq və milli maraqların nəzərə alınması prinsipləri əsasında əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır. Bu yanaşma iki tərəf arasında etimadın möhkəmlənməsinə və uzunmüddətli strateji tərəfdaşlığın genişlənməsinə xidmət edir. 1 iyul 2026-cı il tarixli Bakı görüşü Azərbaycan–Avropa Komissiyası münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Enerji təhlükəsizliyi, regional bağlantılar, rəqəmsal transformasiya, yaşıl enerji, investisiyalar və sülh gündəliyi üzrə əldə olunan razılaşmalar tərəflər arasında strateji əməkdaşlığın daha da dərinləşəcəyini göstərir. Azərbaycanın Avropanın enerji və nəqliyyat təhlükəsizliyində artan rolu, Avropa Komissiyasının isə ölkəmizi etibarlı tərəfdaş kimi qiymətləndirməsi gələcək əməkdaşlığın möhkəm əsaslar üzərində inkişaf edəcəyini nümayiş etdirir.

 

Veteran müəllim Vəfadar Niftəliyev

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki