Prezident İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına rəsmi səfəri zamanı səsləndirdiyi fikirlər Azərbaycan–Almaniya münasibətlərinin strateji mahiyyətini və Avropa İttifaqı ilə əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Dövlət başçısının çıxışında Almaniyanın Cənubi Qafqazda sülhün təşviqi, Azərbaycan–Avropa İttifaqı münasibətlərinin inkişafı və regional sabitliyin möhkəmləndirilməsi istiqamətində oynadığı rol xüsusi vurğulanmışdır.
Azərbaycan son illərdə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etmişdir. Uzun illər icra olunmayan BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin reallıqda təmin edilməsi regionda yeni geosiyasi vəziyyət formalaşdırmış, bunun ardınca Azərbaycanın Ermənistana sülh müqaviləsi bağlanması təşəbbüsü ilə çıxış etməsi Cənubi Qafqazda davamlı sülhün təmin olunmasına yönəlmiş mühüm diplomatik addım olmuşdur. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu prosesdə Almaniya hökumətinin konstruktiv mövqeyi və danışıqlar platformalarının təşkili sülh gündəliyinə mühüm töhfə vermişdir. Xüsusilə Almaniyada xarici işlər nazirləri səviyyəsində keçirilən görüşlər tərəflər arasında dialoqun davam etdirilməsi baxımından etimad mühitinin formalaşmasına xidmət etmişdir.
Almaniyanın vasitəçilik və diplomatik təşəbbüsləri təkcə ikitərəfli münasibətlərin inkişafı ilə məhdudlaşmır. Avropanın aparıcı siyasi və iqtisadi gücü kimi Almaniya Avropa İttifaqının xarici siyasətinin formalaşmasında mühüm təsir imkanlarına malikdir. Bu baxımdan Almaniyanın Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə verdiyi dəstək Avropa İttifaqının Cənubi Qafqaz siyasətində yeni əməkdaşlıq modelinin formalaşmasına müsbət təsir göstərir. Prezident İlham Əliyevin Almaniya hökumətinin rolunu yüksək qiymətləndirməsi məhz bu siyasi reallığın ifadəsi kimi dəyərləndirilə bilər.
Dövlət başçısının çıxışında Avropa İttifaqı–Azərbaycan münasibətlərinin inkişafına ayrıca diqqət yetirilməsi də təsadüfi deyil. Cari ildə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfərləri tərəflər arasında siyasi dialoqun intensivləşdiyini göstərən mühüm hadisələrdir. Bu səfərlər enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, yaşıl enerji, rəqəmsal transformasiya və iqtisadi əməkdaşlıq kimi strateji istiqamətlər üzrə tərəfdaşlığın dərinləşdirilməsi baxımından əhəmiyyətli siyasi mesajlar vermişdir. Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşı olmaqla yanaşı, Şərq–Qərb nəqliyyat marşrutunun əsas iştirakçılarından biri kimi də Avropa İttifaqının uzunmüddətli iqtisadi maraqlarına töhfə verir.
Müasir beynəlxalq münasibətlər sistemində Almaniyanın Avropa İttifaqı daxilində lider dövlətlərdən biri olması Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Almaniyanın siyasi nüfuzu, iqtisadi potensialı və diplomatik imkanları Avropa İttifaqı ilə Azərbaycan arasında institusional əməkdaşlığın genişlənməsinə əlavə stimul yaradır. Bu əməkdaşlıq yalnız iqtisadi maraqlara deyil, həm də regional sabitliyin, təhlükəsizliyin və qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq modelinin inkişafına xidmət edir.
Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri zamanı səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan–Almaniya münasibətləri artıq ikitərəfli əməkdaşlıq çərçivəsini aşaraq Avropa İttifaqı ilə strateji tərəfdaşlığın mühüm elementinə çevrilmişdir. Almaniyanın sülh prosesinə verdiyi dəstək, Avropa İttifaqı ilə münasibətlərin inkişafında oynadığı aparıcı rol və gələcək əməkdaşlıq perspektivləri Azərbaycan ilə Avropa arasında qarşılıqlı etimadın və uzunmüddətli strateji tərəfdaşlığın daha da möhkəmlənəcəyini göstərən əsas amillərdən biridir.
Etibar Talıbov – Zərdab rayonu Alıcanlı kənd sakini






















