Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən xarici siyasət nəticəsində ölkəmiz dünyanın etibarlı tərəfdaşlarından birinə çevrilmiş, beynəlxalq iqtisadi münasibətlərdə öz mövqeyini daha da möhkəmləndirmişdir. Bu siyasətin ən mühüm istiqamətlərindən biri də Avropa İttifaqı ilə qarşılıqlı hörmət və ortaq maraqlara əsaslanan əməkdaşlığın inkişaf etdirilməsidir.
Bu gün Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı hesab olunur. Ölkəmizin xarici ticarət dövriyyəsinin 40 faizdən çoxu Avropa İttifaqına üzv dövlətlərlə həyata keçirilir. Bu göstərici Azərbaycanın Avropa bazarında etibarlı iqtisadi tərəfdaş kimi qəbul edildiyini təsdiqləyir. Eyni zamanda, Azərbaycan Cənubi Qafqaz regionunda Avropa İttifaqının ən böyük ticarət tərəfdaşıdır. Region üzrə ümumi ticarət dövriyyəsinin təxminən 70 faizi məhz Azərbaycanın payına düşür. Bu fakt ölkəmizin iqtisadi potensialının və beynəlxalq nüfuzunun göstəricisidir.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar, əlverişli investisiya mühiti və beynəlxalq öhdəliklərə sadiqlik Azərbaycanın etibarlı tərəfdaş kimi tanınmasına mühüm töhfə vermişdir. Dövlət başçısının həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan həm regional, həm də qlobal iqtisadi layihələrin fəal iştirakçısına çevrilmişdir.
Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Enerji təhlükəsizliyi bu gün Avropa üçün ən vacib məsələlərdən biridir. Azərbaycan isə zəngin enerji ehtiyatları və müasir nəqliyyat infrastrukturu sayəsində Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Məhz bu baxımdan enerji əməkdaşlığı iki tərəf arasında strateji münasibətlərin əsas istiqamətlərindən biri hesab olunur. Dörd il əvvəl Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri zamanı enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır. Həmin sənəd Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın yeni mərhələsinin başlanğıcı olmuşdur. Memorandumun imzalanmasından sonra Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərə təbii qaz ixracı təxminən 65 faiz artmışdır. Bu artım ölkəmizin enerji siyasətinin uğurunu və beynəlxalq bazarda etibarlı tərəfdaş kimi mövqeyini bir daha təsdiqləmişdir. Hazırda Azərbaycanın ixrac etdiyi təbii qazın təxminən yarısı Avropa İttifaqına üzv ölkələrə göndərilir. Bu gün Avropa İttifaqının 10 üzv dövləti Azərbaycan qazından istifadə edir. Gələcəkdə yeni bazarlara çıxış və mövcud marşrutların genişləndirilməsi üçün böyük potensial mövcuddur. Bu isə Azərbaycanın enerji ixracının daha da artmasına və Avropanın enerji təhlükəsizliyinə əlavə töhfələr verməsinə imkan yaradacaq.
Prezident cənab İlham Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır ki, Azərbaycan bütün tərəfdaşları qarşısında götürdüyü öhdəliklərə daim sadiq qalıb. Məhz buna görə də ölkəmiz beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınır. Son illərdə baş verən qlobal enerji böhranı dövründə də Azərbaycan öz öhdəliklərini tam yerinə yetirmiş, tərəfdaş ölkələrin enerji təminatında mühüm rol oynamışdır.
Enerji sahəsində əməkdaşlıqla yanaşı, Azərbaycan ilə Avropa İttifaqı arasında nəqliyyat, logistika, rəqəmsal texnologiyalar, yaşıl enerji, investisiya və ticarət sahələrində də əlaqələr sürətlə inkişaf edir. Xüsusilə Orta Dəhliz layihəsi Avropa ilə Asiya arasında yükdaşımaların genişlənməsinə yeni imkanlar yaradır. Azərbaycanın əlverişli coğrafi mövqeyi bu layihələrin uğurla həyata keçirilməsində mühüm rol oynayır.
Eyni zamanda, ölkəmiz bərpaolunan enerji sahəsində də Avropa şirkətləri ilə fəal əməkdaşlıq edir. Günəş və külək enerjisi layihələrinin reallaşdırılması Azərbaycanın gələcək enerji strategiyasının mühüm istiqamətlərindəndir. Bu layihələr həm ölkəmizin enerji balansını gücləndirəcək, həm də Avropaya yaşıl enerji ixracı imkanlarını artıracaq.
Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin əsas prinsipləri qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və ortaq maraqlardır. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi müstəqil və praqmatik xarici siyasət nəticəsində ölkəmiz heç bir tərəfdən asılı olmadan beynəlxalq əməkdaşlığını uğurla inkişaf etdirir və milli maraqlarını qətiyyətlə qoruyur. Bu strateji əməkdaşlıq gələcək illərdə də yeni layihələr və qarşılıqlı faydalı təşəbbüslərlə daha da möhkəmlənəcək, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına və dayanıqlı inkişafına mühüm töhfə verəcəkdir.
Zərdab şəhər sakini Cavid Məmmədov






















