image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-4

23 ay ərzində əldə olunmuş mühüm nailiyyətlər

image-legitimaz-810x90

23 ay ərzində əldə olunmuş mühüm nailiyyətlər

 

28 May – Müstəqillik Günü Azərbaycan xalqının azadlıq, dövlətçilik və milli iradə tarixinin ən şərəfli səhifələrindən biridir. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti yalnız Şərqdə və müsəlman dünyasında ilk demokratik respublika olmaqla kifayətlənməmiş, həm də qısa müddətdə müasir dövlət quruculuğu istiqamətində mühüm addımlar atmışdır. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Cümhuriyyət hökuməti xalqın milli kimliyinin formalaşması, hüquqi dövlət prinsiplərinin yaradılması və maarifçiliyin inkişafı sahəsində böyük irs qoyub getmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin əsas məqsədlərindən biri milli düşüncəyə əsaslanan təhsil sisteminin qurulması idi. Çünki dövlət rəhbərləri yaxşı anlayırdılar ki, müstəqilliyin qorunması savadlı və vətənpərvər gənclərin yetişdirilməsindən asılıdır. Bu məqsədlə 1918-ci ilin avqust ayında “Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında” qərar qəbul edildi və məktəblərdə tədrisin ana dilində aparılmasına başlanıldı. Bu addım Azərbaycan dilinin dövlət və təhsil dili kimi möhkəmlənməsinə böyük töhfə verdi.

Maarifçilik siyasətinin ən mühüm uğurlarından biri isə Bakı Dövlət Universitetinin yaradılması oldu. 1919-cu ilin sentyabrında parlament tərəfindən universitetin açılması haqqında qanunun qəbul edilməsi ölkənin elmi və intellektual inkişafında yeni mərhələnin başlanğıcı idi. Universitetin fəaliyyətə başlaması milli kadrların hazırlanmasına, elm və təhsilin inkişafına geniş imkan yaratdı. Bununla yanaşı, digər ali və orta ixtisas məktəblərinin, teatrların, kitabxanaların və mədəniyyət ocaqlarının yaradılması istiqamətində də ciddi hazırlıqlar görülürdü.

Azərbaycan Xalq Cümhuriyyəti hüquqi dövlət quruculuğuna da xüsusi diqqət yetirmişdir. Müstəqil dövlətin əsas dayaqlarından biri olan ədliyyə sistemi məhz Cümhuriyyətin yarandığı gün – 1918-ci il mayın 28-də təsis edildi. Ədliyyə Nazirliyinin yaradılması qanunun aliliyinin təmin olunmasına və müasir məhkəmə sisteminin formalaşdırılmasına xidmət edirdi. Sonrakı aylarda məhkəmələrin fəaliyyəti və hüquq-mühafizə orqanlarının işi ilə bağlı mühüm sənədlər qəbul olundu. Azərbaycan Məhkəmə Palatasının və Ədliyyə Nazirliyinin əsasnamələrinin təsdiqlənməsi dövlət idarəçiliyində hüquqi mexanizmlərin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı.

Bu gün 28 May yalnız tarixi bir gün deyil, həm də milli qürur və dövlətçilik ənənələrinin simvoludur. Azərbaycan Xalq Cümhuriyyətinin qoyduğu demokratik dəyərlər, təhsil və hüquq sahəsindəki islahatlar müasir Azərbaycanın inkişaf yolunda möhkəm təməl rolunu oynayır. Cəmi 23 ay yaşamış bu dövlət xalqımıza sübut etdi ki, azadlıq və müstəqillik uğrunda atılan addımlar tarixdə silinməz iz buraxır.

 

Firdovsi Məmmədov – Zərdab rayonu Alıcanlı kənd sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki