Hesablama Palatasının 14 yerli icra hakimiyyəti orqanında apardığı analitik təhlil nəticəsində işlərin həcmi və dəyərinin süni şəkildə artırıldığı, satınalma prosedurlarının formal xarakter daşıdığı, sənədlərin faktiki vəziyyəti əks etdirmədiyi və dövlət vəsaiti hesabına yaradılan yol aktivlərinin mühasibat uçotundan kənarda qaldığı üzə çıxıb.
“AzPolitika”nın məlumatına görə, Quba, Tərtər, İmişli, Qusar, Ağcabədi, Zaqatala, Lerik, Şabran, Gədəbəy, Ucar və Cəlilabad rayonlarında, eləcə də Mingəçevir, Lənkəran və Şəki şəhərlərində 2024–2025-ci illərdə yolların əsaslı təmirinə ayrılan dövlət vəsaitlərinin xərclənməsi araşdırılması nəticəsində 14 yerli icra hakimiyyəti orqanı üzrə ümumilikdə 1 milyon 78 min 610,9 manatlıq işin həcmi və dəyərinin süni şəkildə artırılaraq podratçılara artıq ödəniş edildiyi müəyyənləşdirilib.
Həmin vəsait isə dövlət büdcəsinə tam bərpa etdirilib. Bununla yanaşı, altı yerli icra hakimiyyəti orqanında ümumi dəyəri 6 milyon 291 min 235,7 manat olan təmir işlərinin satınalma müqaviləsi bağlandıqdan cəmi 1–2 gün sonra, bəzi hallarda isə dörd gün ərzində başa çatdırıldığına dair aktlar rəsmiləşdirilib. Bu hallar işlərə satınalma prosedurlarından əvvəl başlanılması və tenderlərin formal xarakter daşıması ilə bağlı ciddi suallar yaradıb.
Hesabatda söküntü zamanı əldə edilən qiymətli tikinti materiallarının mədaxil edilməməsi, daşınma xərclərinin qanunsuz olaraq smetalara daxil edilməsi, podratçıların müqavilə öhdəliklərini pozmasına baxmayaraq, cərimə mexanizmlərinin tətbiq edilməməsi kimi pozuntular da əksini tapıb. Bundan başqa, dövlət vəsaiti hesabına yaradılmış və ya əsaslı təmir edilmiş, ümumi dəyəri 23 milyon 977 min 875,5 manat olan yol aktivləri mühasibat uçotunda qeydə alınmayıb. Qısacası, Hesablama Palatasının təhlili dövlət vəsaitlərinin xərclənməsi, satınalma prosedurları və maliyyə hesabatlılığı ilə bağlı ciddi nöqsanları üzə çıxarıb.
![]()
Vəkil, Azərbaycan İstehlakçılar Şurasının sədri Roman Qaraşov sözügedən faktların cinayət işinin başlanması üçün kifayət qədər əsas yaradıb-yaratmamasını Musavat.com-a şərh edib. Onun fikrincə, Hesablama Palatasının açıqladığı faktlara sadəcə, artıq ödəniş və ya mühasibat nöqsanı kimi baxmaq düzgün olmaz: “Burada əsas məsələ satınalma müqaviləsinin bağlanması ilə onun real icrası arasında nəzarətin nə dərəcədə işləməsidir. Yeni “Dövlət satınalmaları haqqında” Qanun 1 yanvar 2024-cü ildən qüvvədədir və şəffaflıq, rəqabət, elektron nəzarət imkanlarını xeyli genişləndirib. Amma ən həssas mərhələ yenə də müqavilə imzalandıqdan sonrakı mərhələdir. Tender elektron qaydada keçirilə bilər, bütün sənədlər sistemdə ola bilər, ancaq faktiki görülməyən və ya həcmi şişirdilmiş iş qəbul aktına salınırsa, həmin elektronlaşma öz məqsədinə çatmır. Milyonlarla manatlıq yol işinin müqavilə bağlandıqdan bir neçə gün sonra tamamlanmış kimi rəsmiləşdirilməsi özü ciddi sual doğurur – işi kim yoxlayıb, faktiki həcmi kim təsdiqləyib, qəbul aktını kim imzalayıb və dövlət vəsaiti hansı əsasla ödənilib? Bu sahədə səlahiyyətlər dəqiq ayrılmalıdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi satınalma prosedurunun qanuniliyinə, rəqabətin təmin edilməsinə, ehtimal olunan qiymətin əsaslandırılmasına, maraqlar toqquşmasına və yekun protokola nəzarət edir. Lakin nəzarət orqanının yekun protokolu təsdiqləməsi satınalan təşkilatı məsuliyyətdən azad etmir. Yəni, yerli icra hakimiyyəti və onun satınalma komissiyası işin faktiki icrasına görə birbaşa məsuliyyət daşıyır. Mən burada əsas boşluğu müqavilənin icrasına nəzarətdə görürəm. Prosedur elektronlaşıb, amma faktiki işin həcmi və keyfiyyəti hələ də böyük ölçüdə satınalan təşkilatın təqdim etdiyi aktlardan asılıdır. Məncə, iri infrastruktur layihələrində artıq yalnız kağız üzərində qəbul aktı kifayət etməməlidir, görülən işin mərhələli foto-video qeydi, geolokasiya məlumatı, elektron ölçmə nəticələri və riskli müqavilələr üzrə müstəqil texniki yoxlama mexanizmi tətbiq olunmalıdır.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və xəzinə sistemi isə başqa funksiyanı yerinə yetirir. Onlar podratçını seçmir və yolun neçə kilometr çəkildiyini ölçmürlər. Onların məsuliyyət sahəsi dövlət vəsaitinin qanuni əsasla, düzgün sənədlər əsasında və təyinatı üzrə ödənilməsidir. Buna görə artıq ödənişlərin xəzinə sistemindən hansı sənədlərlə keçməsi ayrıca araşdırılmalıdır. Əgər eyni xarakterli şişirdilmiş ödənişlər müxtəlif rayonlarda təkrarlanırsa, bu artıq, təkcə konkret icra hakimiyyətinin problemi deyil, maliyyə nəzarətinin riskləri vaxtında müəyyən edib-etməməsi məsələsidir. Xəzinə hər bir tikinti obyektində texniki ekspertiza apara bilməz, amma yüksək məbləğli və riskli satınalmalarda yalnız sənədin formal mövcudluğunu yoxlamaq kifayət deyil. Hesablama Palatası isə bu sistemdə sonrakı, müstəqil kənar dövlət maliyyə nəzarətini həyata keçirir. Palata artıq xərclənmiş vəsaitin qanunauyğunluğunu, səmərəliliyini, uçotunu və daxili nəzarətin işləyib-işləmədiyini qiymətləndirir. Əgər audit və ya analitik təhlil zamanı cinayət əlamətləri görünürsə, materiallar Baş Prokurorluğa göndərilə bilər və məsələ artıq audit müstəvisindən cinayət təqibi müstəvisinə keçir.
Burada Cinayət Məcəlləsinin 308-2-ci maddəsi – dövlət satınalmaları qanunvericiliyinin pozulması, 308-ci maddə – vəzifə səlahiyyətlərindən sui-istifadə, 313-cü maddə – vəzifə saxtakarlığı, qəsd sübut olunmadıqda isə 314-cü maddə – səhlənkarlıq tətbiq oluna bilər. Əgər vəzifəli şəxslə podratçı arasında maddi maraq, qarşılıqlı fayda və ya rüşvət əlaqəsi müəyyən edilərsə, artıq Cinayət Məcəlləsinin 311 və 312-ci maddələri üzrə korrupsiya cinayətləri gündəmə gəlir”.
Vəkil həmçinin bildirib ki, Hesablama Palatasının müəyyən etdiyi faktlar özü-özlüyündə kiminsə təqsirli elan edilməsi demək deyil: “Amma cinayət əlamətlərinə işarə edən kifayət qədər məlumat varsa, Cinayət-Prosessual Məcəllənin 46.2 və 46.3-cü maddələri baxımından cinayət işinin başlanması üçün hüquqi əsas yarana bilər. Satınalma qanunvericiliyinin ağır pozuntularına görə CM-in 308-2-ci maddəsi üzrə cəza 4 ilədək, vəzifə səlahiyyətlərindən sui-istifadənin ağır nəticələrə səbəb olduğu hallarda CM-in 308-ci maddəsi üzrə 7 ilədək, rüşvət alma üzrə isə CM-in 311-ci maddəsinə əsasən 12 ilədək azadlıqdan məhrumetməyə çata bilər. Ona görə burada yalnız “vəsait geri qaytarıldı” yanaşması yetərli deyil.
Əsas sual budur: həmin artıq ödəniş səhvin nəticəsi olub, səhlənkarlıqdan yaranıb, yoxsa əvvəlcədən qurulmuş və müəyyən şəxslərə üstünlük verən mexanizmin nəticəsidir? Məhz bu suala istintaq cavab verməlidir. Dövlət vəsaitinin geri qaytarılması zərərin aşkar edilən həcmdə aradan qaldırılmasıdır, amma mümkün qanunsuz hərəkətin hüquqi məsuliyyətini dərhal aradan qaldırmır”.

























