image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1787482568403825107_1200x630

Daşkənd və bütün Özbəkistan yüksəliş dövrünü yaşayır

image-legitimaz-810x90

Daşkənd və bütün Özbəkistan yüksəliş dövrünü yaşayır.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 avqust 2026-cı ildə Özbəkistana dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin strateji məzmununu və gələcək inkişaf perspektivlərini bir daha nümayiş etdirdi. Daşkənddə keçirilən görüşlər, imzalanan sənədlər və müxtəlif layihələrin təqdimatı Azərbaycan-Özbəkistan əlaqələrinin yalnız siyasi müstəvidə deyil, iqtisadi, investisiya, nəqliyyat, enerji, təhsil və digər sahələrdə də ardıcıl şəkildə genişləndiyini göstərdi.

Bu səfərin diqqətçəkən məqamlarından biri dövlətlərarası münasibətlərin səmimiyyət və qarşılıqlı etimad üzərində qurulmasıdır. Azərbaycan və Özbəkistanı birləşdirən tarixi, milli-mənəvi və mədəni bağlar son illərdə siyasi iradə ilə daha da möhkəmlənərək konkret əməkdaşlıq layihələrinə çevrilir. Cənab Prezident İlham Əliyevin Daşkənddə səsləndirdiyi fikirlər də bu münasibətlərin mahiyyətini aydın ifadə edir:

“Bildiyiniz kimi, biz də Özbəkistana, Özbəkistanın qardaş xalqına eyni xoş və qardaşlıq hisslərini bəsləyirik. Düşünürəm ki, bugünkü səfərin nəticələri də bunu bir daha təsdiqləyir. Lakin ilk növbədə bir daha qeyd etmək istərdim ki, mən Daşkəndə ilk dəfə səfər etmirəm və hər dəfə buraya gələndə sürətli inkişafın şahidi oluram. Bunu hər sahədə görmək mümkündür: həm böyük layihələrdə, həm də detallarda. Bu gün Daşkənd və bütün Özbəkistan yüksəliş dövrünü yaşayır. Bu isə mənim əziz qardaşım Şavkat Miromonoviçin Özbəkistanın potensialının gücləndirilməsinə, beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsinə və ən mühüm sosial-iqtisadi məsələlərin həllinə yönəlmiş fəaliyyətinin nəticəsidir.”

Prezident İlham Əliyevin vurğuladığı kimi, Daşkənddə və bütövlükdə Özbəkistanda dəyişikliklər həm iri layihələrdə, həm də şəhərin və ölkənin gündəlik həyatında müşahidə olunur. Dövlətin iqtisadi potensialının artırılması, sənayenin və kənd təsərrüfatının şaxələndirilməsi, investisiyaların cəlb edilməsi və sosial-iqtisadi məsələlərin həlli ölkənin yeni inkişaf mərhələsinin əsas istiqamətlərindəndir.

Bu inkişafın miqyası “Yeni Daşkənd” layihəsində də özünü göstərir. Özbəkistanın ən böyük şəhərsalma layihəsi kimi təqdim olunan bu təşəbbüs iqtisadiyyat, nəqliyyat, təhsil, ekologiya və rəqəmsal texnologiyaları vahid məkanda birləşdirən müasir şəhərsalma modelini nəzərdə tutur. Layihənin tam başa çatdırılmasından sonra 260 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır.

Səfər çərçivəsində Azərbaycan şirkətlərinin Özbəkistanda həyata keçirdiyi layihələr də iki ölkə arasında iqtisadi əməkdaşlığın praktiki nəticələrini nümayiş etdirdi. “Davr Bank”, gips zavodu, STEAM məktəbləri, SOCAR-ın yanacaqdoldurma məntəqələri, “Sea Breeze Uzbekistan”, “Baku City”, eləcə də digər layihələrin açılış və təməlqoyma mərasimlərinin keçirilməsi Azərbaycanın Özbəkistan iqtisadiyyatına sərmayə qoyuluşunun genişləndiyini göstərir.

Özbəkistanın bugünkü yüksəlişi ilə Azərbaycanın inkişaf təcrübəsinin qarşılıqlı əməkdaşlıq müstəvisində bir araya gəlməsi isə iki xalqın ümumi tarixi və mənəvi bağlarını müasir dövrün iqtisadi və siyasi reallıqları ilə birləşdirən mühüm amilə çevrilir. Bu baxımdan Daşkənd səfəri yalnız ikitərəfli münasibətlərin növbəti mərhələsi deyil, Azərbaycan-Özbəkistan qardaşlığının gələcəyə hesablanmış yeni səhifəsi kimi qiymətləndirilə bilər.

 

Rüxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki