Şuşa Qlobal Media Forumunun əsas məqsədi müxtəlif ölkələrdən olan media nümayəndələri üçün açıq dialoq və fikir mübadiləsi mühiti yaratmaqdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən Şuşa Qlobal Media Forumu son illərdə beynəlxalq media nümayəndələrinin, ekspertlərin, analitiklərin və ictimai rəyə təsir göstərən şəxslərin bir araya gəldiyi nüfuzlu beynəlxalq platformaya çevrilmişdir. İşğaldan azad edilmiş Şuşa şəhərində təşkil olunan Forum təkcə media sahəsində əməkdaşlığın inkişafına xidmət etmir, eyni zamanda Qarabağda həyata keçirilən bərpa və yenidənqurma işlərinin, Azərbaycanın regionda yaratdığı yeni reallıqların və davamlı inkişaf modelinin dünya ictimaiyyətinə çatdırılmasına mühüm töhfə verir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, “Azərbaycanda, Qarabağda, Şuşada bu cür mötəbər auditoriyanı qəbul etmək böyük şərəfdir.” Bu fikir Şuşanın artıq yalnız Azərbaycanın deyil, beynəlxalq siyasi, mədəni və informasiya məkanının da mühüm mərkəzlərindən birinə çevrildiyini göstərir. Bir vaxtlar işğal və dağıntılarla yadda qalan bu şəhər bu gün beynəlxalq tədbirlərin keçirildiyi, qlobal müzakirələrin aparıldığı və müxtəlif ölkələrdən gələn qonaqları qəbul edən müasir platforma kimi tanınır.
Şuşa Azərbaycanın tarixində və mədəniyyətində xüsusi yer tutur. Xalqımızın zəngin mədəni irsinin, milli musiqisinin, ədəbiyyatının və incəsənətinin beşiyi hesab edilən bu şəhər işğaldan azad olunduqdan sonra genişmiqyaslı bərpa və yenidənqurma proqramlarının həyata keçirildiyi əsas məkanlardan birinə çevrilmişdir. Tarixi abidələrin bərpası, müasir infrastrukturun qurulması, yaşayış məhəllələrinin salınması və beynəlxalq tədbirlərin təşkili Şuşanın əvvəlki şöhrətini özünə qaytarmaqla yanaşı, onun gələcək inkişaf perspektivlərini də müəyyənləşdirir.
Şuşa Qlobal Media Forumunun əsas məqsədi müxtəlif ölkələrdən olan media nümayəndələri üçün açıq dialoq və fikir mübadiləsi mühiti yaratmaqdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Forumun ideyası maraq doğuran məsələləri, qarşılıqlı surətdə narahatlıq doğuran sualları müzakirə etmək, həmçinin Qarabağ və Şuşa ilə tanış olmaq məqsədilə dünyanın müxtəlif guşələrindən media nümayəndələri üçün mühit yaratmaqdan ibarətdir.” Bu yanaşma göstərir ki, Forum yalnız informasiya mübadiləsi platforması deyil, həm də müxtəlif baxışların qarşılaşdırıldığı, aktual beynəlxalq məsələlərin müzakirə edildiyi nüfuzlu dialoq məkanıdır.
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru























