Zəngin tarixi irs, demokratik inkişaf və müasir dövrün çağırışları
Azərbaycan milli mətbuatının tarixi xalqımızın milli özünüdərk, maarifçilik və dövlətçilik salnaməsinin ayrılmaz hissəsidir. 1875-ci ildə Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuat ənənəsi sonrakı dövrlərdə daha da inkişaf edərək ictimai fikrin formalaşmasında, milli şüurun yüksəlməsində və cəmiyyətin maariflənməsində mühüm rol oynamışdır. Bu tarixi yol təkcə jurnalistika tarixini deyil, eyni zamanda Azərbaycan xalqının milli oyanış və müstəqillik uğrunda mübarizə tarixini özündə əks etdirir.
“Əkinçi”nin yaratdığı maarifçilik məktəbi sonrakı illərdə anadilli mətbuatın geniş inkişafına möhkəm zəmin yaratdı. XIX əsrin sonu və XX əsrin əvvəllərində nəşr olunan “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Dəbistan”, “İrşad”, “Tazə həyat”, “Molla Nəsrəddin”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb”, “Açıq söz” və digər qəzet-jurnallar milli mətbuatın inkişafında yeni mərhələ yaratdı. Bu nəşrlər ana dilinin qorunmasına, milli ideologiyanın təşəkkülünə, elm və təhsilin inkişafına, ictimai fikir azadlığının genişlənməsinə mühüm töhfələr verdi.
Azərbaycan jurnalistikasının inkişafında rus dilində nəşr olunan “Kaspi” qəzetinin də xüsusi yeri vardır. 1896-cı ildən Həsən bəy Zərdabinin fəal iştirakı və Əlimərdan bəy Topçubaşovun redaktorluğu ilə fəaliyyət göstərən bu qəzet mövzu dairəsi, milli mövqeyi və ictimai əhəmiyyəti ilə Azərbaycan ziyalılarının maarifçilik ideyalarının təbliğinə xidmət etmiş, milli mətbuat tarixində özünəməxsus yer tutmuşdur.
Müstəqillik illərində Azərbaycan mediasının inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Xüsusilə 1993-cü ildən etibarən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı dövlət quruculuğu və hüquqi islahatlar medianın inkişafı üçün əlverişli mühit formalaşdırdı. Söz və məlumat azadlığını məhdudlaşdıran maneələrin aradan qaldırılması, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən müasir qanunvericilik bazasının yaradılması, medianın iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi və onun vətəndaş cəmiyyətinin inkişafındakı rolunun artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi.
Senzuranın ləğvi ilə ölkədə azad və rəqabətqabiliyyətli media mühiti formalaşmağa başladı, müxtəlif istiqamətli qəzet və jurnalların fəaliyyəti genişləndi, jurnalistikanın inkişafı üçün yeni imkanlar yarandı. Medianın fəaliyyətinin hüquqi təminatının gücləndirilməsi cəmiyyətlə dövlət arasında sağlam informasiya mübadiləsinin qurulmasına və ictimai nəzarət mexanizmlərinin inkişafına mühüm töhfə verdi.
Milli mətbuatın keçdiyi 151 illik inkişaf yolu göstərir ki, güclü və məsuliyyətli media dövlətin dayanıqlı inkişafının, vətəndaş cəmiyyətinin formalaşmasının və milli maraqların qorunmasının əsas sütunlarından biridir. Zəngin tarixi irsə söykənən Azərbaycan mətbuatı bu gün də müasir çağırışlara uyğun şəkildə inkişaf edərək dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə, cəmiyyətin obyektiv məlumatlandırılmasına və Azərbaycanın beynəlxalq informasiya məkanında layiqincə təmsil olunmasına mühüm töhfələr verməkdə davam edir.
Kəmalə Əliyeva – Zərdab rayonu, Qaravəlli kənd tam ümumtəhsil məktəbinin direktoru




















