image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-83b86ff3-5e9e-41d8-b405-80f6064a72b8

Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib

image-legitimaz-810x90

Gənclərin daxili potensialının üzə çıxarılmasına, özünəinam hissinin gücləndirilməsinə və şəxsi inkişafına həsr olunan forum maraqlı çıxışlar, faydalı müzakirələr və musiqi proqramı ilə yadda qalıb.

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində “Səsdən Könüllərə Kouçinq və İnkişaf” MMC və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib.

Maarifləndirici xarakter daşıyan forum gənclərin öz potensialını kəşf etməsi, özünəinamını artırması, fərdi inkişaf imkanlarını dəyərləndirməsi və gələcək hədəflərinə doğru daha inamlı addımlar atması baxımından əhəmiyyətli platformaya çevrilib.

Tədbirin açılışında Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı regional nümayəndəliyinin rəhbəri Sevinc Qasımova iştirakçıları salamlayaraq gənclərə uğurlar arzulayıb. Daha sonra forumun fəxri qonağı, Azərbaycan Valideyn-Müəllim Assosiasiyasının sədri Şahin Rəcəbov açılış nitqi ilə çıxış edib.

Ardınca forumun təşkilində və ideyanın reallaşmasında mühüm rol oynayan “Səsdən Könüllərə Kouçinq və İnkişaf” MMC-nin qurucusu və rəhbəri Əsmər Ramizqızı səhnəyə dəvət olunub. Gənclər ona belə bir inkişaf platforması yaratdığına, onların öz potensialını ifadə etməsinə və öz səslərini tapmasına şərait yaratdığına görə təşəkkürlərini bildiriblər.

Əsmər Ramizqızı çıxışında forumun ideya rəhbərləri olan gənclər – Selena İsmayılova və Arzu Qafurovaya xüsusi təşəkkürünü ifadə edib. Onların təşəbbüskarlığını, gəncliyə verdikləri töhfəni və digər gənclər üçün nümunə olduqlarını vurğulayıb.

Forum çərçivəsində xüsusi dəvət olunmuş spikerlər və gənc natiqlər psixologiya, şəxsi inkişaf, özünüdərk, motivasiya və hədəflərə çatmaq mövzularında çıxışlar edərək iştirakçılarla öz bilik və təcrübələrini bölüşüblər. Çıxışlar auditoriyada böyük maraq doğurub, interaktiv dialoqlar və fikir mübadiləsi üçün geniş imkan yaradıb.

Tədbirin bədii hissəsində Azərbaycan Mədəniyyəti Sosial Şəbəkə Platformasının gənc xanəndələrinin ifaları forumun ab-havasına xüsusi rəng qatıb. Platformanın rəhbəri Yeganə Cavadova da çıxış edərək gənclərə belə bir imkan yaradıldığına görə Əsmər Ramizqızına minnətdarlığını bildirib.

Forum bir daha nümayiş etdirib ki, gənclərin inkişafı yalnız bilik və bacarıqların artırılması ilə məhdudlaşmır. Eyni zamanda onların özünəinamının formalaşması, yaradıcı potensialının üzə çıxarılması, düzgün istiqamətləndirilməsi və cəmiyyətə faydalı fərdlər kimi yetişməsi də mühüm əhəmiyyət daşıyır.

İştirakçıların böyük marağına səbəb olan “Psixologiya və Şəxsi İnkişaf” forumu yeni ideyalar, ilhamverici görüşlər və gələcək əməkdaşlıqlar üçün yadda qalan bir platforma kimi başa çatıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki