21 Noyabr 1992-ci il – Yeni Azərbaycan Partiyasının təsis konfransı: Azərbaycanın siyasi tarixində mühüm dönüş nöqtəsi
1992-ci il noyabrın 21-də Azərbaycanın ictimai-siyasi həyatında mühüm tarixi hadisə baş verdi. Həmin gün Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransı keçirildi. Bu hadisə müstəqil Azərbaycanın siyasi tarixində yeni mərhələnin başlanğıcı, milli dövlətçilik ənənələrinin qorunması və ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyırdı. 1990-cı illərin əvvəlləri Azərbaycan üçün son dərəcə mürəkkəb və çətin bir dövr idi. Ölkə müstəqilliyini yenicə bərpa etmiş, Ermənistanın hərbi təcavüzü ilə üzləşmiş, iqtisadi və sosial böhran dərinləşmişdi. Dövlət idarəçiliyində yaranmış çətinliklər, siyasi qarşıdurmalar və cəmiyyətdə hökm sürən qeyri-sabitlik Azərbaycanın gələcəyi ilə bağlı ciddi narahatlıqlar doğururdu. Belə bir şəraitdə xalq güclü siyasi iradəyə, təcrübəli dövlət xadiminə və ölkəni böhrandan çıxara biləcək liderə ehtiyac duyurdu. Məhz həmin tarixi şəraitdə Azərbaycanın müxtəlif bölgələrindən olan ziyalılar, tanınmış ictimai-siyasi xadimlər və vətəndaşlar Ümummilli Lider Heydər Əliyevə müraciət edərək yeni siyasi təşkilatın yaradılması təşəbbüsünü irəli sürdülər. Bu təşəbbüsün əsas məqsədi Azərbaycanın müstəqilliyini qorumaq, dövlətçiliyini möhkəmləndirmək, ölkədə siyasi sabitliyin təmin olunmasına və milli birliyin formalaşmasına töhfə vermək idi. 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Konfransda Azərbaycanın müxtəlif bölgələrini təmsil edən nümayəndələr iştirak etdilər. Müzakirələr nəticəsində Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi və Ümummilli Lider Heydər Əliyev partiyanın Sədri seçildi. Bununla da Azərbaycanın siyasi həyatında yeni bir təşkilatın əsası qoyuldu.
Yeni Azərbaycan Partiyasının yaranması təsadüfi hadisə deyildi. Bu, xalqın ölkədə mövcud olan ağır siyasi vəziyyətdən çıxış yolu axtarışının və Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinə olan inamının nəticəsi idi. Partiya yarandığı gündən milli maraqların müdafiəsini, dövlət müstəqilliyinin qorunmasını, hüquqi və demokratik dövlət quruculuğunu, sosial rifahın yüksəldilməsini və Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasını əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirdi. Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyəti və dövlətçilik təcrübəsi Yeni Azərbaycan Partiyasının ideoloji əsaslarının formalaşmasında mühüm rol oynadı. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyinin qorunması, ölkədə sabitliyin yaradılması və müstəqil inkişaf strategiyasının həyata keçirilməsi istiqamətində mühüm addımlar atıldı. Ümummilli Lider Heydər Əliyevin siyasi irsi bu gün də Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutur. 1993-cü ildə Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın taleyində həlledici əhəmiyyət daşıdı. Ölkədə siyasi sabitliyin təmin edilməsi, dövlət idarəçiliyinin möhkəmləndirilməsi, iqtisadi inkişafın əsaslarının yaradılması və beynəlxalq münasibətlərin genişləndirilməsi istiqamətində mühüm işlər həyata keçirildi. Bu proseslər Yeni Azərbaycan Partiyasının siyasi fəaliyyətində də yeni mərhələnin başlanğıcını qoydu. Bu gün Yeni Azərbaycan Partiyası Prezident, partiyanın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə öz fəaliyyətini uğurla davam etdirir. Azərbaycanın siyasi, iqtisadi və sosial inkişafı, beynəlxalq mövqelərinin güclənməsi, həyata keçirilən genişmiqyaslı islahatlar və dövlətçilik ənənələrinin davam etdirilməsi ölkəmizin inkişaf strategiyasının mühüm istiqamətləridir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması ölkəmizin müasir tarixində ən böyük tarixi nailiyyətlərdən biridir. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində suverenliyinin təmin edilməsi Azərbaycan dövlətinin gücünü və qüdrətini nümayiş etdirdi. Bu tarixi nailiyyətlər milli birlik, dövlətçilik iradəsi və ardıcıl siyasi kursun nəticəsi kimi qiymətləndirilir.
Yeni Azərbaycan Partiyası bu gün də cəmiyyətin müxtəlif təbəqələrini birləşdirən, dövlətçilik maraqlarının müdafiəsini və ölkənin davamlı inkişafını əsas prioritetlərindən biri hesab edən siyasi təşkilat kimi fəaliyyət göstərir. Partiyanın sıralarında müxtəlif peşə sahələrinin nümayəndələrinin, ziyalıların, gənclərin və ictimai fəalların təmsil olunması onun ictimai-siyasi həyatdakı rolunu daha da artırır. Yeni Azərbaycan Partiyasının yaradılması ilə əsası qoyulan siyasi yol bu gün müasir, güclü, müstəqil və qalib Azərbaycanın inkişafı ilə davam edir. Bu əlamətdar gün münasibətilə Yeni Azərbaycan Partiyasının bütün üzvlərini və tərəfdarlarını təbrik etmək, partiyanın yaranma tarixinin əhəmiyyətini bir daha vurğulamaq xüsusi önəm daşıyır. 1992-ci il noyabrın 21-də atılan tarixi addım Azərbaycanın müasir dövlətçilik salnaməsində özünəməxsus yerini daim qoruyacaqdır. Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası bu gün milyonlarla insanı birləşdirən, ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan aparıcı siyasi təşkilatdır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə partiya qarşısına qoyduğu məqsədlərə doğru inamla irəliləyir. Təsadüfi deyil ki, dövlətimizin son illər ərzində keçdiyi uğurlu və şərəfli yolda partiyanın fəallarının böyük əməyi və töhfəsi vardır.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədri
Elşən Əzizov





















