“Facebook” sosial şəbəkəsində 42 min ailəni birləşdirən “Özəlləşdirmə Çekləri Qrupu” növbəti dəfə Azərbaycan Milli Məclisinin üzvlərinə müraciə edib. AYNA.AZ müraciətin mətnini təqdim edir:
“Hörmətli deputatlar!
Biz, Dövlət Özəlləşdirmə Payları (DÖP) sahibi olan və “Facebook”da onminlərlə ailəni təmsil edən “Özəlləşdirmə Çekləri Qrupu”nun üzvləri, vaxtilə dövlət tərəfindən Qanunla verilmiş özəlləşdirmə paylarının və özəlləşdirmə çeklərinin hüquqi taleyi ilə bağlı yaranmış ciddi və uzunmüddətli problemi nəzərə alaraq, sizə kollektiv qaydada müraciət edirik.
Bu müraciətimizin məqsədi ayrı-ayrı şəxslərin şəxsi marağını deyil, minlərlə vətəndaşın qanunla tanınmış əmlak hüquqlarının, sosial ədalətin və hüquqi müəyyənlik prinsipinin qorunmasını xahiş etməkdir. Biz bu müraciəti qarşıdurma yaratmaq məqsədilə deyil, hüquqi dövlət prinsiplərinə uyğun şəkildə qanunla verilmiş hüquqlarımızın hüquqi taleyinin aydınlaşdırılması üçün təqdim edirik.
Bir ay öncə biz kollektiv şəkildə Milli Məclisin sədri xanım Sahibə Qafarovaya Şikayət ünvanladıq, lakin hörmətli Sahibə xanım bizim Müraciəti – Şikayəti Milli Məclisdə müzakirəyə cıxarmadan və komitələrdə heç bir geniş müzakirə keçirimədən, ən azı Konstitusiya Məhkəməsinə müraciət etməkdən imtina edərək – əvəzinə baxılması ücün İqtisadiyyat Mazirliyinə göndərib.
Hörmətli Deputatlar! İqtisadiyyat Nazirliyinə nə vaxtdan Dövlətcilikyə və Qanunvericiliyə aid olan probləri həll etmək səlahiyyəti verilib?
Sizdən cox xahiş edirik bizim Şikayətimizin Dövlətçilik, Qanunvericilik, Konstitusiya və Hüquq pozuntuları ilə bağlı olduğunu nəzərə alaraq qaldırdığımız əsas hüquqi və konstitusion məsələlər mahiyyəti üzrə araşdırılması və Şikayətin cavablandırılması üçün İqtisadiyyat Nazirliyinə göndərilməsin.
Məlum olduğu kimi, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində vətəndaşlara Qanunla özəlləşdirmə payları verilmiş, həmin paylar özəlləşdirmə çekləri formasında rəsmiləşdirilmişdir. Bu çeklər sadəcə qiymətli kağız, sənəd deyil, dövlət tərəfindən verilmiş, müəyyən iqtisadi dəyərə malik, vətəndaşın dövlət əmlakının özəlləşdirilməsində iştirak hüququnu təsdiq edən hüquqi-iqtisadi sənəd olmuşdur.
Özəlləşdirmə çeklərinin dövriyyəsi, tədavül və ödəmə-tədiyyə vasitəsi olması bir-birindən tam fərqli üç hüquqi anlayışlardır. Təəssü ki, deputatlarımızın bir çoxu, hətta hüquqşünaslarımızın bəziləri bunu bilmir.
Vətəndaşlar həmin çekləri dövlətə, qanunla verilmiş hüquqi təminatlara – Ulu Öndər Heydər Əliyevin xalqa vəddinə inanaraq satmayıb, yəni tədavül vasitəsi kimi istifadə etməyib (satmayıb, girov qoymayıb və s.) və ödəmə vasitəsi kimi yüksək gəlirli müəssisələrin özəlləşdirilməsində iştirak etmək üçün saxlamışlar. Lakin sonrakı illərdə yaranmış hüquqi vəziyyət nəticəsində həmin çeklərdən istifadə imkanları faktiki olaraq məhdudlaşdırılmış, çoxsaylı vətəndaşların hüquqları qeyri-müəyyən vəziyyətdə qalmışdır.
Hesab edirik ki, bu məsələ yalnız fərdi şikayət predmeti deyil, həm də geniş ictimai, tarixi, mənəvi, sosial və qanunvericilik əhəmiyyəti daşıyan məsələdir. Çünki söhbət minlərlə vətəndaşa dövlət tərəfindən verilmiş hüququn sonrakı hüquqi taleyindən və Tarixi Ədalətdən gedir.
Müraciətimizin əsasları – Deputatların hamısının bilməsi vacib olan məsələlər:
Azərbaycan Respublikasının “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanununa əsasən, özəlləşdirmə payları (çekləri) dövlət tərəfindən vətəndaşlara verilmiş və onların mülkiyyət hüququnun obyektidir. Hüquqi mahiyyətinə görə özəlləşdirmə çekləri aşağıdakı funksiyaları daşıyırdı:
- investisiya qiymətli kağızı funksiyası
- bazar tədavülü funksiyası
- dövlət əmlakının əldə edilməsi üçün ödəniş vasitəsi funksiyası
- mülkiyyət hüququnu təmsil edən hüquqi sənəd funksiyası.
Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu, hüquqi bərabərlik prinsipini və vətəndaşların dövlət orqanlarına müraciət etmək hüququnu təmin edir. Dövlət tərəfindən vətəndaşa verilmiş əmlak xarakterli hüququn sonradan qeyri-müəyyən vəziyyətdə saxlanılması hüquqi dövlət prinsipinə uyğun hesab edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 203.4. Dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada fiziki və hüquqi şəxslərin mülkiyyətinə özgəninkiləşdirilir.
Maddə 1078-4. Özəlləşdirmə qiymətli kağızları
1078-4.1. Özəlləşdirmə qiymətli kağızları dövlət əmlakının özəlləşdirilməsi zamanı dövlət əmlakının müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirilməsi məqsədi ilə buraxılan qiymətli kağızlardır.
Bu gün qüvvədə olan “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 1.0.1-ci maddəsi ilə dövlət əmlakının özəlləşdirilməsi – dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir;
Həmin Qanunun 10-cu maddəsində açıq şəkildə müəyyən edilmişdir ki, özəlləşdirmə payları ödəmə vasitəsidir və imperativ qayda olan bu norma bu gün də qüvvədədir.
Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 25 mart 1996-cı il tarixli 450 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamə”nin 5-ci bəndində açıq şəkildə göstərilir ki: “Dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövlət mülkiyyətinin özəlləşdirilməsi zamanı ödəniş vasitəsi kimi qəbul edilməsindən imtina etmək qadağandır”.
Eyni zamanda həmin Əsasnamənin 4-cü bəndində müəyyən olunur ki, çeklər yalnız özəlləşdirmə obyektlərinin alınması məqsədilə istifadə edildikdən sonra dövriyyədən çıxarılır və silinir.
Bu isə o deməkdir ki, qanunvericilik özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılmasının konkret hüquqi mexanizmini müəyyən etmişdir və bu mexanizm yalnız onların istifadə edilməsindən sonra tətbiq olunur.
Xüsusi qeyd – Ulu Öndər Heydər Əliyevin tarixi ədalət siyasəti:
7 mart 1995-ci ildə Respublikada özəlləşdirmənin həyata keçirilməsi məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Prezident Sarayındakı çıxışının YEKUN hissəsində xüsusi qeyd etmişdir ki, özəlləşdirmənin pul və ya qiymətli kağız (vauçer) formasında həyata keçirilməsindən asılı olmayaraq, hətta 15-20 il keçsə də, hər bir vətəndaş öz miras əmlak payını almalıdır və istədiyi kimi istifadə etməlidir. Ulu Öndər Heydər Əliyevi ən çox narahat edən sual “Bəs, bu, necə olacaq?” məsələsi idi.
Göründüyü kimi, hətta 2000-ci ildə qəbul olunmuş “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanun Özəlləşdirmə Payları (çekləri) üçün başqa qiymətli kağızlardan fərqli olaraq, dövriyyədə onların istifadəsini yalnız tədavül vasitəsi kimi deyil – eyni zamanda dövriyyədə olduğu müddətdə bütün özəlləşdirmə dövrü üçün iqtisadi alət kimi ödəmə vasitəsi olduğunu birbaşa tənzimləmişdir.

Biz xüsusilə vurğulamaq istəyirik ki, məsələ təkcə maddi maraq məsələsi deyil. Burada söhbət:
– dövlət tərəfindən vətəndaşlara verilmiş hüququn hüquqi taleyindən;
– qanunun aliliyinə olan inamdan;
– dövlət-vətəndaş münasibətlərində hüquqi müəyyənlik prinsipindən;
– minlərlə insanın legitim gözləntilərindən gedir.
Vaxtilə dövlət tərəfindən vətəndaşlara təqdim edilmiş özəlləşdirmə çeklərinin üzərində “BU ÇEK AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT ƏMLAKI İLƏ TƏMİN EDİLİR” ifadəsi göstərilmişdir. Minlərlə vətəndaş bu hüquqi təminata, dövlətin verdiyi qanuni vədlərə inanaraq həmin çekləri satmamış, özəlləşdirmə prosesində iştirak etmək üçün saxlamışdır. Bu səbəbdən hesab edirik ki, məsələnin yalnız formal inzibati cavablarla yekunlaşdırılması hüquqi dövlət prinsipinə uyğun hesab edilə bilməz.
Biz hesab edirik ki, bu vəziyyət:
– Konstitusiyanın 13-cü maddəsində təsbit olunmuş mülkiyyətin toxunulmazlığı prinsipinə;
– 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququnun dövlət tərəfindən qorunması prinsipinə;
– 60-cı maddəsində nəzərdə tutulmuş hüquqi müdafiə hüququna;
– 71-ci maddəsində müəyyən olunmuş insan və vətəndaş hüquqlarının təmin edilməsi vəzifəsinə;
– 149-cu maddəsində nəzərdə tutulmuş normativ hüquqi aktların hüquqi qüvvə iyerarxiyasına uyğunluq baxımından ciddi hüquqi qiymətləndirmə tələb edir.
Konstitusiyanın 147 və 149-cu maddələrinə görə, Konstitusiya və qanunlar normativ hüquqi aktlar sistemində ən yüksək hüquqi qüvvəyə malikdir və digər normativ aktlar onlara zidd ola bilməz.
Gözəl bilirsiniz ki, heç bir fərman Qanun maddəsini məhdudlaşdıra və ya ləğv edə bilməz.
Lakin 75 nömrəli fərmanın tətbiqi nəticəsində özəlləşdirmə çeklərinin hüquqi statusu və istifadəsi ilə bağlı Konstitusiya və qüvvədə olan qanunvericilik baxımından hüquqi qeyri-müəyyənlik yaranmışdır. Bu yanaşmanın qüvvədə olan qanunvericiliyin məqsəd və mahiyyəti ilə uyğunluğu ciddi hüquqi qiymətləndirmə tələb edir.
Bu vəziyyətin Konstitusiyanın mülkiyyət hüququ, hüquqi müəyyənlik və qanunun aliliyi prinsipləri baxımından ciddi hüquqi mübahisə doğurduğunu hesab edirik.
Bəzi normativ aktlarda özəlləşdirmə çeklərinin tədavül müddətinə müəyyən məhdudiyyətlər qoyulmuşdur. Özəlləşdirmə çeklərinin alqı-satqısına aid tədavül mexanizmi müəyyən müddətə məhdudlaşdırıla bilər. Onların tədavül müddəti yalnız bazar əməliyyatlarının müddətini müəyyən etmişdir. Lakin tədavül müddətinin məhdudlaşdırılması həmin çeklərin hüquqi mahiyyətini və onların yaratdığı mülkiyyət xarakterli hüquqları aradan qaldırmır – çeklərin təmsil etdiyi mülkiyyət hüququnun avtomatik olaraq ləğv edilməsi anlamına gəlmir.
Beynəlxalq qiymətli kağızlar hüququnda qəbul olunmuş prinsipə görə tədavül müddəti yalnız bazar ticarətinin müddətini müəyyən edir. Beynəlxalq qiymətli kağızlar hüququnda qəbul olunmuş prinsip belədir: qiymətli kağızın ticarət funksiyası ilə onun ödəniş funksiyası bir-birindən müstəqildir.
Bu səbəbdən çek sahiblərinin onları ödəniş vasitəsi kimi istifadə etmək hüququ qorunmalıdır. Bu, o deməkdir ki:
- çeklər dövlət müəssisələrinin əldə edilməsi üçün təqdim edilə bilirdi
- çek sahibi dövlət əmlakının əldə edilməsində iştirak etmək hüququna malik idi. Bu hüquq bazar tədavülündən müstəqildir.
AR Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanla imzaladığı “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin Dövlət Proqramı” ilə özəlləşdirmə çeklərinin tədavül müddətinin başa çatması yalnız aşağıdakı nəticələri doğurur:
- yeni investorların çek əldə etməsi mümkün olmur
- bazarda alğı-satqı əməliyyatları dayandırılır.
Lakin bu, qiymətli kağızın hüquqi mövcudluğunun və onun təmsil etdiyi hüquqların ləğvi demək deyil. Əgər qanunla həmin aktivlərin dövriyyədən çıxarılması və ya hüquqi qüvvəsinin ləğv edilməsi barədə açıq norma mövcud deyilsə, bu hüquq hüquqi baxımdan mövcudluğunu davam etdirir.
Tədavül və ödəniş funksiyaları müxtəlif hüquqi kateqoriyalardır. Tədavül müddətinin başa çatması yalnız çeklərin sərbəst alqı-satqısına aid ola bilər. Bu isə onların özəlləşdirmə prosesində hüquqi aktiv kimi mövcudluğunu avtomatik olaraq aradan qaldırmır.
Əgər çeklərin ödəniş vasitəsi kimi istifadəsi məhdudlaşdırılarsa və ya faktiki olaraq aradan qaldırılarsa, bu halda vətəndaşların həmin çeklər vasitəsilə dövlət əmlakında iştirak hüququ da məhdudlaşdırılmış olur. Bu isə mülkiyyət hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməlidir.
Qanunla özəlləşdirmə çekləri ilə 65%-i xalqa məxsus olan dövlət əmlakının ancaq pulla özəlləşdirilməsi cinayətdir.
Xüsusi məlumat:
Hesab edirik ki, özəlləşdirmə çekləri ilə bağlı sonrakı hüquqi və inzibati yanaşmalar nəticəsində qanunun mahiyyəti tam şəkildə təmin olunmamış, nəticədə normativ aktlar arasında hüquqi qeyri-müəyyənlik yaranmışdır. Güman edirik ki, məsələnin Konstitusiya və qanunvericilik baxımından bütün nəticələri dövlət rəhbərliyinə obyektiv və dolğun şəkildə təqdim edilsəydi, bu qədər uzunmüddətli hüquqi mübahisə formalaşmazdı.
Sizə bildirmək istəyirik ki, bir qrup müharibə və əmək veteranları tərəfindən DÖP-lər barədə məhkəmələrdə qaldırılan şikayət Ramiz Mehdiyevlə əlaqəli korrupsioner oliqarx məmurların təzyiqi nəticəsində təmin edilməyib və hətta Ali Məhkəmə belə Qanunla Fərman arasında olan ziddiyyətin araşdırılması üçün müraciəti Konstitusiya Məhkəməsinə göndərməyib.
Hətta, 2010-2017-ci illərdə qiymətli kağızların dövriyyədən çıxarılmasına qanunvericiliklə cavabdeh dövlət orqanlarının rəsmi dövlət sənədləri ilə özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılmadığı təsdiq olunmasına baxmayaraq, məhkəmələr öz əsaslandırmalarında qərəzli şəkildə Əmlak Məsələləri Dövlət Xidmətinin şifahi-yalan məlumatı əsasında DÖÇ-lərin 2011-ci il 1 Yanvardan dövriyyədən çıxarıldığını yazaraq, işin araşdırılmasından imtina qərarı çıxarıblar.

İkincisi, özəlləşdirmə çekləri vətəndaşlara dövlət əmlakının özəlləşdirilməsində iştirak etmək üçün verilmişdir. Əgər bu hüquq tam şəkildə həyata keçirilməyibsə, dövlət orqanları və qanunverici hakimiyyət bu hüququn ədalətli həlli üçün mexanizm yaratmalıdır.
Üçüncüsü, bu məsələ uzun müddətdir həll edilmədiyindən, artıq yalnız inzibati məsələ kimi deyil, həm də qanunvericilik səviyyəsində qiymətləndirilməli olan problem kimi meydana çıxmışdır.
Vətəndaşlarda dövlət tərəfindən verilmiş özəlləşdirmə paylarının gələcəkdə qanunla nəzərdə tutulmuş qaydada istifadə ediləcəyi ilə bağlı legitim gözlənti formalaşmışdır. Bu gözləntinin uzun müddət qeyri-müəyyən vəziyyətdə saxlanılması hüquqi müəyyənlik prinsipinə uyğun hesab edilə bilməz.
Dördüncüsü, vətəndaşların bir hissəsinin vaxtilə özəlləşdirmə prosesində iştirak edə bilməməsi, bir hissəsinin isə çekləri indiyədək saxlaması obyektiv hüquqi və sosial nəticələr doğurmuşdur. Bu şəxslərin hüquqları tamamilə nəzərə alınmadan məsələnin bağlanmış hesab edilməsi ədalətli yanaşma sayıla bilməz.
Beşincisi, bu məsələ cəmiyyətdə dövlətə inam, qanunun aliliyinə hörmət və sosial ədalət baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət tərəfindən verilmiş hüququn hüquqi taleyi aydın, əsaslandırılmış və ədalətli şəkildə həll olunmalıdır.
Hörmətli deputatlar!
Ümumiyyətlə, “dövriyyə müddəti” ilə “mülkiyyət hüququnun ləğvi” eyni anlayışlar deyil, heç bir qanunda çeklərin hüquqi qüvvəsinin tam itirilməsi yazılmayıb, qanunvericilikdə yalnız istifadə olunmuş çeklərin dövriyyədən çıxarılması nəzərdə tutulurdu. Bu, o deməkdir ki, ciddi hüquq pozuntusu var!
(Daha ətraflı bu KEÇİDddə)
Yeri gəlmişkən, bugünlərdə haqları tapdanmış çek sahibləri Konstitusiya Məhkəməsinə şikayət və vəsatətlə müraciət ediblər.
Milli Məclisdən xahişimiz
Yuxarıda göstərilənləri nəzərə alaraq, sizlərdən xahiş edirik:
- Özəlləşdirmə payları və özəlləşdirmə çekləri ilə bağlı yaranmış vəziyyətin Milli Məclis səviyyəsində araşdırılmasına, Milli Məclisin aidiyyəti komitələrində ictimai və hüquqi müzakirəyə çıxarılmasına təşəbbüs göstərəsiniz.
- Bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsindən və aidiyyəti dövlət orqanlarından rəsmi məlumatların alınmasına və vəziyyətin hüquqi qiymətləndirilməsinə kömək edəsiniz.
- Özəlləşdirmə çekləri əlində qalmış vətəndaşların hüquqlarının tanınması, bərpası və ya kompensasiya mexanizminin yaradılması məsələsinin qanunvericilik səviyyəsində müzakirəyə çıxarılmasına yardım göstərəsiniz.
Xüsusi qeyd:
Qanun qarşısında hamının bərabərhüquqlu olmasına baxmayaraq, bu manipulyasiyalar ilə ayrı-seçkilik meydana gətirilmişdir. Məsələn, 2010-cu ildə “Siyəzən Broyler”in özəlləşdirilməsində əmək kollektivinin 1 Dövlət Özəlləşdirmə Payı (DÖP – 4 cek) üçün 100 manat dəyərində səhm verildiyi halda, investor üçün bir Dövlət Özəlləşdirmə Payı (4 çek) 1400 manat olaraq hesablanmışdır. Belə ki, 14 milyon 337 minlik dövlət əmlakı üçün investor ödəmə vasitəsi kimi 10 000 Özəlləşdirmə Payı vermişdir.
Özəlləşdirmə payının əmlak dəyəri məbləği bir kollektiv üzvü üçün 65 000 ABŞ dolları hesabladıqları hallar olub (həmin dövrdə 1 ABŞ dolları 0,78 manat idi). Məsələn: 3 iyun 2008-ci il Bakı şəhər, Binəqədi, Azadlıq pr.187, İXMİM-nin Əmlak kompleksi 1 DÖP (4 çek)-yı 60 488 manat, 19 avqust 2008-ci il Suraxanı r-n, Əmircan qəs., Balandın küç. İXMİM-nin “Atəşgah” fabrik-mətbəxi 1 DÖP (4çek) 60 760 manat, 3 mart 2009-cu il Bakı şəhəri, Qaradağ r-nu, Puta qəsəbəsi Əmək kompleksi 1 DÖP 41 858 manat, 30 iyun 2009-cu il Bakı şəhəri, Yasamal r-n “Sevinc” kafesi 1 DÖP 29 100 manat, 10 noyabr 2009-cu il Bakı şəhəri, Əzizbəyov r-n, Şüvalan qəs., Təsərrüfat hesablı 1 nömrəli Univermaq 1 DÖP-yə (4 çek) 27 764 manat dəyərində səhm.
Bildiyiniz kimi, hüquq ədalətə əsaslanır, hüquqları müəyyənləşdirən və qoruyan isə Konstitusiya və qanunlardır. Dövlət qanunla əvəzsiz olaraq DÖP/Ç-ləri verən zaman qanunda hər bir vətəndaşın dövlət özəlləşdirmə payının (çekinin) dəyərinin eyni olduğu və inflyasiyadan qorunan maddi dəyər olduğu açıq yazılıb.
Sizdən xahiş edirik: Milli Məclis əvvəlki özəlləşdirmə prosesində baş verən pozuntuları nəzərə alaraq, neqativ halların təkrarlanmaması üçün yeni Dövlət Komissiyası yaradılması və artıq 30 il keçdiyi üçün qanunla özəlləşdirmə çekinin hamı üçün (bərabərlik hüququ) eyni olan, inflyasiyadan qorunan əmlak (maddi) ekvivalenti dəyərində nominal qiymətinin hesablanaraq elan edilməsi üçün müzakirələrə başlasın.
- Milli Məclisin müvafiq komitələrində bizim nümayəndələrimizin iştirakı ilə bu məsələ üzrə dinləmə və ya müzakirə keçirilməsi imkanını nəzərdən keçirəsiniz.
- Dövlət tərəfindən vaxtilə verilmiş özəlləşdirmə paylarının hüquqi taleyinin aydınlaşdırılması və vətəndaşların pozulmuş hüquqlarının bərpası üçün qanunvericilik təşəbbüsü məsələsinin araşdırılmasına dəstək verəsiniz.
- Bu məsələnin yalnız keçmiş dövrün iqtisadi problemi kimi deyil, hazırda da davam edən hüquq pozuntusu və sosial ədalət problemi kimi qiymətləndirilməsini təmin edəsiniz.
Hörmətli deputatlar!
Biz bu müraciəti qarşıdurma yaratmaq üçün deyil, qanuni və sivil qaydada hüquqlarımızın tanınması üçün edirik. Biz inanırıq ki, Azərbaycan Respublikasının Milli Məclisi xalqın ali nümayəndəli orqanı kimi, vətəndaşların bu müraciətinə diqqətlə yanaşacaqdır.
Qüvvədə olan Azərbaycan Respublikası Qanununun birbaşa müəyyən etdiyi hüquqi normanı fərman və ya sərəncam məhdudlaşdıra, yaxud faktiki olaraq tətbiqdən çıxara bilərmi?
Təəssüf ki, bu əsas hüquqi suala indiyədək heç bir dövlət qurumu tərəfindən hüquqi əsaslandırılmış cavab verilməmişdir.
Xüsusilə vurğulamaq istəyirik ki, söhbət yalnız maddi maraqdan getmir. Burada əsas məsələ dövlət tərəfindən verilmiş hüququn hüquqi taleyi, qanuna inam, vətəndaş-dövlət münasibətlərində ədalət və hüquqi müəyyənlik prinsipidir.
Bu səbəbdən sizlərdən xahiş edirik ki, müraciətimiz Milli Məclisin aidiyyəti komitələrində ictimai və hüquqi müzakirəyə çıxarılsın və Milli Məclisin səlahiyyətləri çərçivəsində araşdırılsın, Konstitusiya Məhkəməsinə, başqa aidiyyəti qurumlara göndərilsin və problemin qanunvericilik yolu ilə ədalətli həlli üçün müvafiq addımlar atılsın.
Əvvəlcədən təşəkkür edirik və inanırıq ki, tezliklə sizin dəstəyinizlə, 16 ildir Konstitusiya və qanunların pozulması ilə davam edən Xalqın bu problemı öz həllini tapacaq.
Hörmətlə: “Özəlləşdirmə Çekləri Qrupu”
Müəllif: Aydın Gəray


























