image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-bez-nazvaniya-8

Milli mətbuat yolunda atılan ilk addım

image-legitimaz-810x90

Milli mətbuat yolunda atılan ilk addım

 

Hər bir xalqın inkişaf tarixində milli mətbuatın yaranması mühüm mərhələ hesab olunur. Mətbuat cəmiyyətin düşüncəsini formalaşdıran, insanların maariflənməsinə xidmət edən, milli kimliyin qorunmasına və ictimai fikrin inkişafına təkan verən ən güclü vasitələrdən biridir. Azərbaycan milli mətbuatının tarixi də məhz XIX əsrin ikinci yarısında böyük maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşr olunan “Əkinçi” qəzeti ilə başlanır. 1875-ci il iyulun 22-də işıq üzü görən bu qəzet təkcə ilk ana dilli mətbuat nümunəsi deyil, həm də xalqın milli oyanışına aparan yolun başlanğıcı olmuşdur. Həmin dövrdə Azərbaycan Rusiya imperiyasının tərkibində idi. Əhalinin böyük hissəsi savadsız idi, ana dilində kitab və qəzetlər demək olar ki, yox səviyyəsində idi. Cəmiyyətdə xurafat, gerilik və savadsızlıq geniş yayılmışdı. Belə bir şəraitdə Həsən bəy Zərdabi xalqın tərəqqisinin yalnız elm, təhsil və maarif yolu ilə mümkün olduğuna inanırdı. O, bu məqsədlə uzun illər çalışaraq böyük çətinliklər hesabına “Əkinçi” qəzetinin nəşrinə icazə aldı. Bu addım milli mətbuat tariximizin başlanğıcı olmaqla yanaşı, Azərbaycan ziyalılarının gələcək fəaliyyətinə də möhkəm zəmin yaratdı. “Əkinçi” qəzetinin əsas məqsədi xalqı maarifləndirmək idi. Qəzetdə kənd təsərrüfatı, elm, təhsil, səhiyyə, mədəniyyət və gündəlik həyatla bağlı sadə, anlaşıqlı yazılar dərc olunurdu. Həsən bəy Zərdabi çalışırdı ki, qəzet hər bir oxucu üçün faydalı olsun. O, xalqı yeni biliklərə yiyələnməyə, övladlarını məktəbə göndərməyə, elmə və tərəqqiyə üstünlük verməyə çağırırdı. Qəzetin dili də sadə və anlaşıqlı idi. Bu, ana dilinin inkişafına və geniş yayılmasına mühüm töhfə verdi. “Əkinçi” yalnız məlumat verən nəşr deyildi. O, milli düşüncənin formalaşmasına xidmət edən bir məktəb idi. Burada dərc olunan məqalələr insanları düşündürür, cəmiyyətin problemlərinə biganə qalmamağa çağırırdı. Zərdabi hesab edirdi ki, xalq öz hüquqlarını bilməli, elmə yiyələnməli və müasir dünyanın inkişafı ilə ayaqlaşmalıdır. Məhz buna görə də qəzet maarifçilik hərəkatının əsas tribunasına çevrildi. Qəzet ətrafında dövrün tanınmış ziyalıları birləşmişdi. Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov və digər görkəmli şəxslər öz yazıları ilə milli mətbuatın inkişafına töhfə verirdilər. Onların qələmə aldıqları əsərlər xalqın milli şüurunun oyanmasına, ədəbiyyatın, elmin və mədəniyyətin inkişafına mühüm təsir göstərirdi. Beləliklə, “Əkinçi” təkcə qəzet deyil, eyni zamanda Azərbaycan ziyalılarını bir araya gətirən mənəvi bir mərkəz rolunu oynayırdı. Təəssüf ki, “Əkinçi”nin fəaliyyəti uzun sürmədi. Müxtəlif siyasi maneələr və senzura səbəbindən qəzet 1877-ci ildə fəaliyyətini dayandırdı. Cəmi iki il ərzində 56 nömrəsi nəşr olunsa da, onun qoyduğu iz silinmədi. Əksinə, “Əkinçi”dən sonra “Ziya”, “Kəşkül”, “Kaspi”, “Şərqi-rus”, “Molla Nəsrəddin”, “Füyuzat” kimi qəzet və jurnallar meydana gəldi və milli mətbuatın inkişafını davam etdirdi. Bu gün Azərbaycan milli mətbuatı artıq 150 illik şərəfli inkişaf yolu keçmişdir. Müasir dövrdə informasiya texnologiyalarının sürətlə inkişaf etməsi mətbuatın fəaliyyət formasını dəyişsə də, onun əsas missiyası dəyişməyib. Dəqiq, operativ və obyektiv informasiya cəmiyyətin inkişafı üçün hər zaman vacibdir. Müasir jurnalistlər də Həsən bəy Zərdabinin müəyyən etdiyi prinsiplərə – həqiqətə xidmət etmək, maarifləndirmək və milli dəyərləri qorumaq missiyasına sadiq qalmağa çalışırlar. Milli mətbuat yolunda atılan ilk addım Azərbaycan tarixində ən mühüm hadisələrdən biridir. “Əkinçi” qəzeti xalqımızın milli oyanışına, ana dilinin inkişafına, maarifçiliyin yayılmasına və milli özünüdərk prosesinin güclənməsinə böyük töhfə vermişdir. Həsən bəy Zərdabinin uzaqgörənliyi və fədakarlığı nəticəsində əsası qoyulan bu yol bu gün də uğurla davam edir. Milli mətbuatımız keçmişin zəngin irsini qorumaqla yanaşı, müasir Azərbaycanın inkişafına, dövlətçiliyimizin möhkəmlənməsinə və cəmiyyətin maariflənməsinə xidmət edən ən mühüm sütunlardan biri olaraq qalır.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi -Alagöz Namazova

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki