image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

Milli mətbuat yolunda atılan ilk addım – “Əkinçi” qəzeti

image-legitimaz-810x90

Milli mətbuat yolunda atılan ilk addım – “Əkinçi” qəzeti.

 

1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub.1875-ci il iyulun 22-si Azərbaycan tarixində təkcə bir qəzetin nəşrə başladığı gün deyil, həm də milli mətbuatın, maarifçilik hərəkatının və ictimai fikrin yeni mərhələyə qədəm qoyduğu tarixi gündür. Həmin gün görkəmli ziyalı, maarifçi, təbiətşünas alim və publisist Həsən bəy Zərdabinin təşəbbüsü ilə Azərbaycan dilində ilk milli qəzet – “Əkinçi” işıq üzü gördü. Bu qəzet xalqın maariflənməsi, milli özünüdərkin formalaşması, ana dilinin inkişafı və müasir jurnalistikanın əsasının qoyulması baxımından misilsiz rol oynadı. Cəmi iki il fəaliyyət göstərməsinə və yalnız 56 nömrəsinin nəşr olunmasına baxmayaraq, “Əkinçi” Azərbaycan xalqının ictimai, siyasi və mədəni həyatında silinməz iz buraxdı. XIX əsrin ikinci yarısında Azərbaycan çar Rusiyasının tərkibində idi. Həmin dövrdə ölkədə savadsızlıq geniş yayılmış, xalqın böyük hissəsi elm və təhsildən uzaq qalmışdı. Cəmiyyətin inkişafına mane olan əsas amillərdən biri cəhalət, dini fanatizm və köhnə düşüncə tərzi idi. Belə bir şəraitdə Həsən bəy Zərdabi xalqın tərəqqisinin yalnız maariflənmədən keçdiyini anlayırdı. O hesab edirdi ki, xalqın ana dilində danışan, onun problemlərini işıqlandıran və elmə çağıran mətbuat orqanı yaradılmalıdır. Məhz bu məqsədlə o, uzun illər müxtəlif çətinliklərə baxmayaraq qəzet nəşr etdirmək üçün mübarizə apardı. Nəhayət, çar hökumətindən icazə alaraq 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk nömrəsini nəşr etdirməyə nail oldu. Qəzetin adının “Əkinçi” seçilməsi təsadüfi deyildi. Zərdabi bu ad vasitəsilə torpağı becərən əkinçi kimi insanların da düşüncəsini, dünyagörüşünü və şüurunu becərmək istədiyini göstərirdi. O, xalqın elm və bilik sayəsində inkişaf edəcəyinə inanırdı. “Əkinçi” sadə və aydın dildə yazılırdı ki, savadlı insanlar onu oxuyaraq başqalarına izah edə bilsinlər. Beləliklə, qəzet yalnız oxucular üçün deyil, bütün xalq üçün maarif məktəbinə çevrilmişdi.“Əkinçi” ayda iki dəfə, 300–400 nüsxə tirajla çap olunurdu. İlk baxışdan bu rəqəm az görünə bilər. Lakin həmin dövrün imkanları və əhalinin savad səviyyəsi nəzərə alındıqda bu, böyük nailiyyət hesab olunurdu. Çox vaxt qəzet pulsuz paylanırdı ki, insanlar onunla tanış ola bilsinlər. Hətta bəzi kəndlərdə bir nəfər qəzeti ucadan oxuyur, digərləri isə onu dinləyirdi. Bu da qəzetin təsir dairəsini xeyli genişləndirirdi. “Əkinçi” qəzetində müxtəlif mövzulara yer verilirdi. Burada kənd təsərrüfatı, elm, təhsil, səhiyyə, gigiyena, iqtisadiyyat, əxlaq, ailə tərbiyəsi, dil, ədəbiyyat və ictimai problemlərlə bağlı məqalələr dərc olunurdu. Zərdabi çalışırdı ki, xalqı yalnız məlumatlandırmasın, eyni zamanda düşündürsün və müasir həyata hazırlasın. O, insanların sağlam həyat tərzi keçirməsini, uşaqlarını məktəbə göndərməsini, əməksevər və savadlı olmasını təbliğ edirdi.Qəzetin əsas məqsədi maarifçilik idi. Həsən bəy Zərdabi hesab edirdi ki, elm və təhsilcəmiyyətin inkişafının əsas şərtidir. Buna görə də “Əkinçi”də məktəblərin açılması, qızların təhsil alması, müəllimlərin hazırlanması və ana dilində tədrisin genişləndirilməsi məsələləri mütəmadi işıqlandırılırdı. Bu ideyalar o dövr üçün kifayət qədər cəsarətli idi. Çünki bir çox insanlar yeniliyi qəbul etmək istəmir, köhnə adətlərdən əl çəkmirdilər.“Əkinçi” həm də Azərbaycan ədəbi dilinin inkişafında mühüm rol oynadı. O vaxta qədər bir çox yazılar ağır ərəb və fars sözləri ilə zəngin idi və sadə insanlar onları başa düşməkdə çətinlik çəkirdilər. Zərdabi isə qəzetin xalqın başa düşəcəyi sadə Azərbaycan dilində yazılmasına xüsusi diqqət yetirirdi. Bunun nəticəsində ana dilinin nüfuzu artdı, milli dilin qorunması və inkişafı istiqamətində mühüm addım atıldı.Qəzet yalnız Həsən bəy Zərdabinin yazıları ilə məhdudlaşmırdı. Onun ətrafında dövrün tanınmış ziyalıları birləşmişdilər. Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani, Məhəmmədtağı Əlizadə Şirvani və digər ziyalılar öz məqalə, məktub və şeirləri ilə qəzetin zənginləşməsinə böyük töhfə verirdilər. Bu müəlliflər xalqın maariflənməsi, milli birlik, elm və mədəniyyətin inkişafı ideyalarını dəstəkləyirdilər. “Əkinçi” cəmiyyətin problemlərini açıq şəkildə qaldırırdı. Burada rüşvət, savadsızlıq, qadınların hüquqsuzluğu, dini fanatizm və sosial ədalətsizlik tənqid edilirdi. Zərdabi insanların hüquqlarını bilməsini, dövlət işlərinə maraq göstərməsini və cəmiyyətin fəal üzvünə çevrilməsini istəyirdi. Qəzet milli şüurun formalaşmasına, vətənpərvərlik hissinin güclənməsinə və xalqın öz taleyinə sahib çıxmasına xidmət edirdi.

 

Əvəz Soltanov-Zərdab rayonu üzrə gənclər və idman sektorunun müdiri

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki