image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-media-baku_city_020921_21-jr9v7iqm3btxyu6e2lah

Anadilli mətbuatın inkişaf yolu

image-legitimaz-810x90

Anadilli mətbuatın inkişaf yolu

 

Azərbaycan milli mətbuatının təməli Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə qoyulsa da, onun yaratdığı maarifçilik ənənəsi sonrakı dövrdə daha da genişlənərək zəngin bir mətbuat məktəbinin formalaşmasına səbəb oldu. XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycan dilində nəşr olunan qəzet və jurnallar xalqın milli şüurunun oyanmasında, maariflənməsində, ictimai fikrin formalaşmasında və milli-mədəni dəyərlərin qorunub saxlanılmasında əvəzsiz rol oynadı.

Bu dövrdə nəşr edilən “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Dəbistan”, “İrşad”, “Tazə həyat”, “Molla Nəsrəddin”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb”, “Açıq söz” və digər qəzet və jurnallar Azərbaycan milli mətbuatının inkişafında yeni mərhələnin əsasını qoydu. Bu mətbuat orqanları xalqın ana dilinin qorunması, milli-mənəvi dəyərlərin təbliği, elm və təhsilin inkişafı, azad fikir və ictimai tərəqqi ideyalarının yayılması istiqamətində mühüm fəaliyyət göstərdilər. Onların səhifələrində dövrün qabaqcıl ziyalılarının məqalələri dərc olunur, cəmiyyətin aktual problemləri müzakirə edilir, xalqın maariflənməsinə xidmət edən yazılar geniş yer alırdı.

Xüsusilə “Molla Nəsrəddin” jurnalı satirik üslubu ilə cəmiyyətin nöqsanlarını cəsarətlə tənqid edir, geriliyə, mövhumata və savadsızlığa qarşı mübarizə aparırdı. “Füyuzat” isə milli ideologiyanın, türkçülük və müasirlik ideyalarının təbliğində mühüm tribuna kimi çıxış edərək Azərbaycan ziyalılarının düşüncə tərzinə ciddi təsir göstərmişdir. “Həyat”, “İrşad”, “Açıq söz” kimi nəşrlər də milli oyanışın və istiqlal ideyalarının yayılmasında mühüm rol oynamış, milli mətbuatın ideya-məzmun baxımından zənginləşməsinə töhfə vermişdir.

Azərbaycan mətbuatının inkişaf tarixində rus dilində nəşr olunan “Kaspi” qəzetinin də xüsusi yeri vardır. 1896-cı ildən Həsən bəy Zərdabinin fəal iştirakı və onun kürəkəni Əlimərdan bəy Topçubaşovun redaktorluğu ilə fəaliyyət göstərən qəzet mövzu dairəsi və məfkurəsi baxımından Zərdabinin maarifçilik ideyalarının davamçısına çevrildi. “Kaspi” Azərbaycan həqiqətlərinin daha geniş auditoriyaya çatdırılmasına, milli ziyalıların fikir və mülahizələrinin yayılmasına, ölkənin ictimai-siyasi və mədəni həyatının işıqlandırılmasına mühüm töhfələr verdi.

Anadilli mətbuatın keçdiyi bu şərəfli yol Azərbaycan xalqının milli oyanış və istiqlal mübarizəsinin ayrılmaz hissəsidir. Bu nəşrlər təkcə informasiya mənbəyi deyil, həm də milli kimliyin, ana dilinin, azad düşüncənin və maarifçiliyin daşıyıcısı olmuşdur. Onların yaratdığı zəngin irs müasir Azərbaycan mediasının inkişafı üçün möhkəm təməl təşkil edir. Milli mətbuatımızın böyük nümayəndələrinin ideyaları bu gün də aktuallığını qoruyur, cəmiyyətin obyektiv məlumatlandırılması, milli maraqların müdafiəsi və dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərən Azərbaycan mediası həmin ənənələri layiqincə davam etdirir.

22 İyul – Milli Mətbuat Günü münasibətilə anadilli mətbuatımızın formalaşmasında və inkişafında misilsiz xidmətləri olmuş bütün ziyalıların xatirəsini dərin ehtiramla yad edir, bu şərəfli ənənələri yaşadan bütün media nümayəndələrini peşə bayramı münasibətilə təbrik edirik.

 

Etibar Talıbov – Zərdab rayonu Alıcanlı kənd sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki