image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-3

Ana dilinin inkişafinda süni maneələr

image-legitimaz-810x90

Ana dilinin inkişafinda süni maneələr

 

Azərbaycan dili xalqımızın milli kimliyini, tarixi yaddaşını və mənəvi irsini yaşadan ən mühüm dəyərlərdən biridir. Lakin XX əsrin müxtəlif dövrlərində, xüsusilə Sovet hakimiyyəti illərində Azərbaycan dilinin inkişafı bir sıra siyasi və ideoloji maneələrlə üzləşmişdir. Bu maneələr təbii inkişaf prosesindən irəli gəlmirdi, əksinə, mərkəzləşdirilmiş dövlət siyasətinin nəticəsi olaraq yaradılmış süni məhdudiyyətlər idi. Məqsəd milli dillərin ictimai-siyasi həyatda rolunu azaltmaq, rus dilini vahid ünsiyyət vasitəsinə çevirmək və ittifaq xalqlarının milli özünüdərkini zəiflətmək idi. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra milli dilə münasibət müxtəlif mərhələlərdən keçmişdir. İlk illərdə “yerliləşdirmə” siyasəti çərçivəsində milli dillərin müəyyən qədər inkişafına şərait yaradılsa da, 1930-cu illərdən etibarən vəziyyət tamamilə dəyişdi. SSRİ-də totalitar idarəetmənin güclənməsi ilə milli məsələlərin qabardılması, ana dilinin hüquqlarının müdafiəsi və milli-mədəni dəyərlərin ön plana çəkilməsi “millətçilik” kimi qiymətləndirilirdi. Nəticədə Azərbaycan ziyalılarının əhəmiyyətli hissəsi repressiyalara məruz qaldı. 1937–1938-ci illərin kütləvi repressiyaları Azərbaycan xalqının elmi və mədəni inkişafına ağır zərbə vurdu. Azərbaycan dilinin inkişafı, milli məktəblərin genişləndirilməsi və milli mədəniyyətin qorunması uğrunda çalışan çoxsaylı elm, ədəbiyyat və mədəniyyət xadimləri həbs edildi, güllələndi və ya uzun illər Sibirə və SSRİ-nin digər ucqar bölgələrinə sürgün olundu. Milli dil məsələsini açıq şəkildə müdafiə etmək təhlükəli hesab edilir, bu istiqamətdə fikir səsləndirən şəxslər “xalq düşməni” damğası ilə cəzalandırılırdı. Beləliklə, ana dilinin inkişafı yalnız hüquqi deyil, həm də mənəvi və psixoloji təzyiqlərlə məhdudlaşdırılırdı. Sonrakı onilliklərdə də rus dilinin üstün mövqeyinin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qaldı. Ali təhsil müəssisələrində, elmi fəaliyyət sahələrində, hərbi strukturlarda və ittifaq əhəmiyyətli idarələrdə rus dili əsas ünsiyyət vasitəsinə çevrilmişdi. Azərbaycan dilində elmi ədəbiyyatın hazırlanması, yüksək səviyyəli texniki terminologiyanın formalaşdırılması və dövlət idarəçiliyində ana dilinin tətbiqi ciddi məhdudiyyətlərlə üzləşirdi. Bu isə dilin funksional imkanlarının genişlənməsini ləngidən əsas amillərdən biri idi. 1970-ci illərin ortalarında SSRİ-də yeni Konstitusiyanın hazırlanması prosesi başlanarkən ittifaq respublikalarının dövlət dillərinin hüquqi statusu ilə bağlı ciddi narahatlıqlar yaranmışdı. Mərkəzi hakimiyyətin həyata keçirdiyi siyasət rus dilinin mövqeyini daha da gücləndirməyə yönəlmişdi. Bu şəraitdə milli dillərin dövlət dili kimi konstitusion şəkildə təsbit olunmasının gələcək taleyi sual altında idi. Belə bir dövrdə Azərbaycan SSR rəhbərliyinin mövqeyi xüsusi əhəmiyyət daşıyırdı. 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasının hazırlanması zamanı Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada saxlanılması məsələsi böyük prinsipiallıq tələb edirdi. Həmin dövrdə Azərbaycan SSR-ə rəhbərlik edən Ulu Öndər Heydər Əliyev bu məsələdə qətiyyətli mövqe nümayiş etdirdi. Onun siyasi iradəsi nəticəsində Azərbaycan dilinin dövlət dili statusu Konstitusiyada öz əksini tapdı. Bu addım milli-mənəvi dəyərlərin qorunması baxımından mühüm tarixi hadisə olmaqla yanaşı, gələcəkdə müstəqil Azərbaycan Respublikasında dövlət dili siyasətinin formalaşmasına da möhkəm zəmin yaratdı. Sovet dövründə ana dilinin inkişafına yaradılan süni maneələr yalnız hüquqi məhdudiyyətlərlə yekunlaşmırdı. Azərbaycan dilində nəşr olunan elmi əsərlərin sayı məhdud idi, bir çox sahələrdə terminologiya rus dili vasitəsilə formalaşdırılırdı, rəsmi yazışmaların əhəmiyyətli hissəsi rus dilində aparılırdı. Gənclərin karyera yüksəlişi üçün rus dilini mükəmməl bilməsi faktiki zərurət hesab olunurdu. Bu amillər Azərbaycan dilinin ictimai həyatın bütün sahələrində tam istifadə olunmasına mane olurdu. 1991-ci ildə dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan dilinin inkişafı istiqamətində yeni mərhələ başlandı. Azərbaycan dili dövlət dili kimi Konstitusiya ilə təsbit edildi, onun tətbiq dairəsinin genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Xüsusilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlət dili siyasəti sistemli xarakter aldı. 2001-ci il 9 avqust tarixli Fərmanla hər il avqustun 1-nin Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunması qərara alındı. Bundan əvvəl, 2001-ci il 18 iyun tarixli Fərmanla latın qrafikalı Azərbaycan əlifbasına tam keçid təmin edildi və bu, milli dil siyasətində yeni mərhələnin başlanğıcı oldu. Bu gün Azərbaycan dili müstəqil dövlətimizin əsas rəmzlərindən biri kimi qorunur və inkişaf etdirilir. Dövlət dili haqqında qanunvericilik təkmilləşdirilir, Azərbaycan dilinin saflığının qorunması, informasiya məkanında düzgün istifadəsi və gələcək nəsillərə zəngin formada ötürülməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Tarix göstərir ki, müxtəlif dövrlərdə ana dilimizin inkişafına qarşı yaradılmış bütün süni maneələrə baxmayaraq, Azərbaycan xalqı öz dilini qorumağı bacarmış, onu dövlətçilik və milli həmrəyliyin əsas sütunlarından birinə çevirmişdir.

 

Veteran müəllim Vəfadar Niftəliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki