image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-karauz-yeni

Türkiyə yeni hərbi sistemə keçir: 3 dənizdə güc…

image-legitimaz-810x90

Təlimlərə ümumilikdə 45 ölkədən 10 min hərbçi qatılıb. Bu ölkələrdən 23-ü birbaşa, 22-si isə müşahidəçi qismində təlimlərdə iştirak edir. Hərbi təlimlərdə birbaşa iştirak edən ölkələr arasında Türkiyə, Azərbaycan, Qırğızıstan, Liviya, Macarıstan, Şimali Makedoniya, Monqolustan, Niger, Pakistan, Rumıniya, Suriya, Zambiya və ABŞ-ın adını çəkmək olar.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi general Yücel Karauz EFES-2026 təliminin əvvəlkilərdən fərqləri haqda danışarkən deyib.

EFES-2026 təliminin əvvəlkilərdən ən mühüm fərqi onun klassik “müştərək desant əməliyyatı təlimi” çərçivəsindən kənara çıxaraq çoxsahəli müharibə əməliyyatları (multi-domain operations), pilotsuz sistem sürüləri, şəbəkə mərkəzli müharibə və “Mavi Vətən” doktrinasının əməliyyat tətbiqi üçün praktik sınaq meydanına çevrilməsidir. Belə ki, əvvəlki təlimlərdə desant çıxarma, hava hücumu, sahili tutma, müştərək şəkildə qüvvələrin koordinasiyası üstünlük təşkil edirdi. Hazırda isə hava və dəniz dronu eyni anda və inteqrasiya olunmuş şəkildə işləyir. Bununla yanaşı, süni intellekt dəstəkli sürü sistemləri meydana çıxır. Məsələn, Türkiyənin Müdafiə Texnologiyaları, Mühəndislik və Ticarət ASC (Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş – STM) tərəfindən istehsal edilən KARGU sürü sistemlərindən EFES-2026-da istifadə olunması önəmli bir mərhələdir. 20 ədəddən ibarət sürü sisteminin tək bir operatorun nəzarəti altında tapşırıq icra edə bilməsi gələcəyin “İnsansız Təzyiq Müharibəsi” doktrinasına keçidin göstəricisidir. Bu artıq Türkiyənin platforma mərkəzli deyil, “sistemlər sistemi” mərkəzli müharibə arxitekturasına keçdiyini göstərir”, – general bildirib.

Karauz “Mavi Vətən” konsepsiyasından da bəhs edib:

“Bu konsepsiya artıq doktrina çərçivəsini aşaraq faktiki əməliyyat arxitekturasına çevrilir. “Mavi Vətən” başlanğıcda dəniz yurisdiksiya zonalarının qorunması, Şərqi Aralıqda enerji təhlükəsizliyi, dəniz geosiyasəti, kontinental şelf hüquqları baxımından dəyərləndirilirdi. İndi isə konsepsiya dənizdən güc göstərilməsi, dəniz–hava–kosmos–məlumat inteqrasiyası, insansız dəniz sistemləri, dəniz enerji təhlükəsizliyi, sualtı çəkindirmə qabiliyyəti və mavi iqtisadiyyatın qorunması kimi sahələrə doğru genişlənib. Bu tablo bizə Türkiyənin artıq yalnız sahil mühafizəsini həyata keçirən bir dəniz gücü deyil, həm də inteqrasiya olunmuş şəkildə regional dəniz hakimiyyəti qurmağa çalışan dəniz strategiyasına doğru istiqamətləndiyini göstərir. Çünki xüsusilə Hörmüz boğazı, Qırmızı dəniz və Şərqi Aralıqda son illərdə yaşanan böhranlara görə dəniz təhlükəsizliyi iqtisadi təhlükəsizliyin parçasına çevrildi.

Ümumiyyətlə isə EFES-2026 təlimlərini və “Mavi Vətən” konsepsiyası ilə bağlı fəaliyyətləri birlikdə dəyərləndirsək, Türkiyənin klassik müdafiə refleksindən çıxdığını, dəniz mərkəzli güc proyeksiyasına istiqamətləndiyini, insansız sistemlərə əsaslanan yeni müharibə modelinə keçməyə başladığını, Egey, Şərqi Aralıq və Qara dənizi tək əməliyyat sahəsi olaraq gördüyünü, müdafiə sənayesi ilə əməliyyat doktrinasını eyni anda inkişaf etdirdiyini deyə bilərik. Əgər bu proses uğurlu şəkildə davam edərsə, Türkiyə Aralıq dənizi, Qara dəniz və Qırmızı dəniz xəttində orta miqyaslı deyil, əhəmiyyətli dərəcədə təsir gücü formalaşdıra bilən regional dəniz gücü kateqoriyasına yüksələcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki