Investisiyalar və şaxələndirilmiş inkişaf hədəfləri
Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi münasibətlərin genişləndirilməsi və qarşılıqlı investisiya imkanlarının artırılması Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin əsas istiqamətlərindən birini təşkil edir. Sənəddə ticarət, investisiya və iqtisadi artım məsələlərinə geniş yer ayrılması tərəflərin mövcud iqtisadi potensialı daha səmərəli şəkildə reallaşdırmaq niyyətini göstərir.
Müasir iqtisadi münasibətlərdə dövlətlərarası əməkdaşlığın uğuru yalnız ticarət dövriyyəsinin həcmi ilə deyil, həm də investisiyaların keyfiyyəti, yeni istehsal sahələrinin yaradılması, texnologiyaların tətbiqi və məşğulluğun artırılması ilə ölçülür. Bu baxımdan Bəyannamədə davamlı, inklüziv və şaxələndirilmiş iqtisadi artımın prioritet kimi müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.
Sənəddə bərpaolunan enerji, infrastruktur və xidmətlər kimi prioritet sahələrdə uzunmüddətli kommersiya tərəfdaşlıqlarının inkişafı nəzərdə tutulur. Eyni zamanda, bizneslərarası əlaqələrin genişləndirilməsi, bilik və təcrübə mübadiləsinin təşviqi, hər iki ölkədə yeni iş yerlərinin və əlavə iqtisadi dəyərin yaradılması əsas məqsədlər sırasındadır.
Azərbaycanın əlverişli coğrafi mövqeyi, zəngin iqtisadi potensialı, enerji resursları və inkişaf edən nəqliyyat infrastrukturu xarici investorlar üçün geniş imkanlar yaradır. Ölkəmiz qeyri-neft sektorunun inkişafına, sənayeləşməyə, sahibkarlığın dəstəklənməsinə və iqtisadiyyatın şaxələndirilməsinə xüsusi önəm verir.
Böyük Britaniya ilə iqtisadi əlaqələrin yeni istiqamətlər üzrə genişləndirilməsi bu hədəflərin reallaşmasına əlavə töhfə verə bilər. Xüsusilə innovativ texnologiyaların tətbiqi, xidmət sektorunun inkişafı və müasir infrastruktur layihələrində əməkdaşlıq perspektivləri diqqətəlayiqdir.
Bəyannamədə Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın roluna xüsusi əhəmiyyət verilməsi də praktik nəticələrin əldə olunması baxımından vacibdir. Bu mexanizm iqtisadi dialoqun davamlılığını təmin etməklə, birgə təşəbbüslərin müəyyənləşdirilməsi və həyata keçirilməsi üçün mühüm platforma rolunu oynaya bilər. Yeni strateji sənəd Azərbaycan-Böyük Britaniya iqtisadi münasibətlərinin daha geniş və şaxələndirilmiş məzmun qazanmasına, qarşılıqlı investisiyaların təşviqinə və uzunmüddətli iqtisadi tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir.
Rafiq Mustafayev – Zərdab rayonu Alıcanlı kənd sakini




















