“Xeberaz.info” xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə sərt və repressiv xarakterli qanunu imzalayıb. Yeni qanunlara əsasən, müəyyən siyasi və ictimai fəaliyyət növləri artıq cinayət məsuliyyəti və əmlak müsadirəsi ilə nəticələnə bilər.
Ən diqqətçəkən dəyişikliklərdən biri, Rusiya ordusunun “diskreditasiyası”, Rusiyaya qarşı sanksiyalara çağırışlar və Rusiya iştirak etmədiyi beynəlxalq təşkilatların qərarlarının yerinə yetirilməsinə kömək göstərmək kimi əməllərə görə əmlakın müsadirəsini nəzərdə tutur. Bu cəza yalnız o halda tətbiq olunacaq ki, məqsədin maddi maraq və ya muzdla törədilmə olduğu sübuta yetirilsin. Həmin hallarda dərhal cinayət işi başlanacaq.
Putinin imzaladığı digər qanunlar aşağıdakı dəyişiklikləri nəzərdə tutur:
– Rusiya vətəndaşlarının qiyabi mühakiməsi artıq yalnız ağır və xüsusilə ağır cinayətlərə görə deyil, daha geniş əsaslarla mümkün olacaq – xüsusilə ölkədən çıxıb qayıtmayan şəxslər üçün;
– “Xarici agentlər”ə maarifləndirici və tədris fəaliyyəti ilə məşğul olmaq tamamilə qadağan olunur;
– Diversiya hazırlığı barədə məlumat verməmək, bir ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Analitiklər bu qanunların ölkədən çıxan müxalifətçilərə və xarici təsirlərdən ehtiyat edən Kreml strategiyasına uyğun olduğunu qeyd edir. Beləliklə, Rusiya daxilində tənqidə, fərqli fikrə və beynəlxalq əməkdaşlığa qarşı hüquqi təzyiq daha da sərtləşir.