Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) 2013-cü ildə Reyhanlıda 53 nəfərin həyatını itirdiyi terror aktının axtarışda olan suriyalı iştirakçılarından Ömər əl-Xətibi yaxalayıb.
Qırmızı bülletenlə axtarılan Ömər əl-Xətib dəniz yolu ilə Avropaya qaçmağa hazırlaşarkən MİT-in əməliyyatı nəticəsində saxlanılıb və Türkiyəyə gətirilib.
Türkiyə təhlükəsizlik mənbələrinin məlumatına görə, əl-Xətib Reyhanlı hücumunun planlaşdırılması və təşkilində iştirak edib, həmçinin hücumu həyata keçirən şəxslərlə Bəşər Əsədə bağlı Suriya hərbi kəşfiyyatının nümayəndələri arasında əlaqələndirici rol oynayıb.
Məlumata görə, əl-Xətib və Yusuf Nazik 2013-cü ilin fevralında Türkiyəyə qanunsuz daxil olaraq terror aktının həyata keçiriləcəyi yerləri müəyyənləşdiriblər. Həmin ilin mayında isə əl-Xətib Temir Dükancı ilə birlikdə Lazkiyadakı hərbi kəşfiyyat bölməsindən bomba qurğusunda istifadə ediləcək materialları götürüb. Bombalı avtomobil daha sonra Reyhanlıya aparılıb və uzaqdan idarə olunan qurğu ilə partladılıb.
Reyhanlıda 11 may 2013-cü ildə iki ayrı bombalı hücum nəticəsində 53 nəfər həlak olub, çox sayda insan yaralanıb.
MİT bundan əvvəl də hücumla əlaqəli axtarışda olan şəxslərə qarşı əməliyyatlar keçirib. Yusuf Nazik 2018-ci ildə, Cengiz Sertel 2024-cü ildə, Muhammed Dib Koralı və Temir Dükancı isə 2025-ci ildə yaxalanıb./NOCOMMENT.az


























