Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) təşkilatçılığı ilə 06 oktyabr 2026-cı il tarixində Mərkəzdə 11 Oktyabr – Beynəlxalq Qızlar Günü münasibətilə “Atalar və qızlar” mövzusunda maarifləndirici tədbir keçirilib.
Xeberaz.info xəbər verir ki, tədbirdə Mərkəzin direktoru Ləman Səfərəliyeva, sosial iş üzrə mütəxəssisi Tamara Cəbrayılova, ekspert, “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova, atalar və qızları iştirak ediblər.
Tədbirn keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlanlar və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, valideynlərin, xüsusilə ataların dəstəkləyici rolunun artırılmasına yönəltməkdir.
Tədbirdə çıxış edənlər atalar və qızlar arasında sağlam münasibətlərin formalaşmasının uşaqların mənəvi-psixoloji inkişafında mühüm rol oynadığını qeyd ediblər. Bildirilib ki, ailədə qarşılıqlı hörmət, etimad, sevgi və dəstəyə əsaslanan münasibətlər qızların özünəinamının formalaşmasına, onların gələcək həyatında düzgün seçimlər etməsinə və cəmiyyətin fəal üzvünə çevrilməsinə mühüm təsir göstərir.
Çıxışlarda qızların təhsil alması, onların hüquq və azadlıqlarının təmin olunması, potensiallarının üzə çıxarılması və gələcək inkişafları üçün əlverişli mühitin yaradılmasının vacibliyi diqqətə çatdırılıb.Tədbirdə ailə dəyərlərinin qorunması, valideyn məsuliyyəti və qızların gələcəyinə dəstək mövzularında müzakirələr aparılıb.






















