8-Cİ MƏŞVƏRƏT GÖRÜŞÜ: REGİONAL TƏRƏFDAŞLIĞIN YENİ İMKANLARI
Azərbaycanın Mərkəzi Asiyadakı tərəfdaşları sırasında Türkmənistanla münasibətlər xüsusi yer tutur. İki ölkə arasında əlaqələr siyasi, iqtisadi, enerji, nəqliyyat, mədəni-humanitar və digər istiqamətlərdə ardıcıl şəkildə inkişaf edir. Müstəqillik dövründə bu iki ölkə arasında 1992-ci ildə əsası qoyulan əlaqələr 1999-cu il iyunun 8-də Türkmənistanın Azərbaycanda səfirliyinin fəaliyyətə başlaması ilə davam etdi. 2002-ci ilin avqustundan isə Azərbaycanın Aşqabadda səfirliyi fəaliyyətə başlayıb. 2008-ci il mayında Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri iki ölkə arasında əlaqələrin canlamasının əsas təkanvericisi rolunu oynayıb. 2017-ci ildə edilən ikinci səfər isə əlaqələrin güclənməsində yeni bir mərhələ başladıb. İki ölkənin fərqli strukturları arasında imzalanan sazişlər əlaqələrin inkişafında xüsusi rol oynayıb. 2017-ci ildə imzalanmış “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə” ilə qarşılıqlı münasibətlər keyfiyyətcə yeni, daha yüksək müstəviyə qaldırılıb. Bu strateji xətt illər ərzində qardaşlıq və tərəfdaşlıq münasibətləri çərçivəsində iki ölkə rəhbərlərinin siyasi iradəsi ilə önəmli inkişaf yolu keçərək daha da möhkəmlənib. Müasir beynəlxalq münasibətlər sistemində regional əməkdaşlıq və geostrateji tərəfdaşlıq mühüm əhəmiyyət kəsb edir. Tarixi, mədəni və mənəvi köklərlə bir-birinə sıx bağlı olan Azərbaycan və Mərkəzi Asiya dövlətləri bu gün öz münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəldərək, regionun dayanıqlı inkişafına və təhlükəsizliyinə misilsiz töhfələr verirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündəki proqram xarakterli çıxışı bu çoxşaxəli tərəfdaşlığın strateji xəritəsini bir daha aydın şəkildə nümayiş etdirdi.
Azərbaycan ilə Türkmənistan çoxtərəfli platformada da daim bir-birinə dəstək olub – hər iki ölkə beynəlxalq qurumlar çərçivəsində bir qayda olaraq konstruktiv mövqe ortaya qoyurlar və müxtəlif məsələlərdə bir-birlərinə dəstək verirlər. BMT Baş Məclisinin iclasında Türkmənistanın irəli sürdüyü 12 dekabr tarixinin “Beynəlxalq bitərəflik günü” kimi qeyd edilməsinə dair qətnamə layihəsinə ölkəmizin həmmüəllif rolunda qoşulması da əməkdaşlığımızın yüksək səviyyəsinin göstəricisidir. İki ölkə arasında hüquqi bazanın davamlı olaraq möhkəmləndirilməsi qarşılıqlı əlaqələrin genişlənnməsinə güclü təminatlar verir. İndiyədək müxtəlif sahələri əhatə edən 108 ikitərəfli sənəd imzalanıb. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələri son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyub. Siyasi münasibətlərin yüksək səviyyədə olması iqtisadi-ticari əməkdaşlığın genişlənməsinə, qarşılıqlı investisiyaların artmasına və nəqliyyat-logistika sahəsində birgə layihələrin həyata keçirilməsinə əlverişli şərait yaradıb. Təsadüfi deyil ki, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Hazırda ölkəmizdə Mərkəzi Asiya dövlətlərinin kapitalı ilə 400-dən çox şirkətin fəaliyyət göstərməsi də qarşılıqlı iqtisadi əlaqələrin miqyasından xəbər verir. Şübhəsiz ki, bu dinamikanın əsas amillərindən biri qarşılıqlı etimad və siyasi iradədir. Bu gün Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyət daşıyır. Nəqliyyat, enerji, ticarət, humanitar əlaqələr və regional əməkdaşlıq istiqamətlərində mövcud potensial iki ölkə arasında münasibətlərin gələcəkdə də yeni layihələrlə zənginləşəcəyini göstərir. Görüşdə Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin son illərdə dinamik şəkildə inkişaf etdiyi məmnunluqla qeyd olundu.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının məsləhətçisi
Kənan İslamov





















