Dövlət ümumi təhsil müəssisələrində vahid geyim qaydaları: nizam-intizamın və bərabərliyin mühüm göstəricisi
Təhsil hər bir cəmiyyətin gələcəyini müəyyən edən əsas sahələrdən biridir. Gənc nəslin savadlı, intizamlı, milli-mənəvi dəyərlərə bağlı və məsuliyyətli vətəndaş kimi yetişməsində məktəbin rolu əvəzsizdir. Bu baxımdan dövlət ümumi təhsil müəssisələrində təhsilalanların və təhsilverənlərin geyimi ilə bağlı tələblərin müəyyən edilməsi xüsusi əhəmiyyət daşıyır. Məktəbdə geyim qaydalarına əməl olunması təhsil mühitində nizam-intizamın qorunmasına, vahid kollektiv ruhunun formalaşmasına və məktəbin nüfuzunun yüksəlməsinə xidmət edir. Şagirdlərin vahid məktəbli formasında təhsil alması, ilk növbədə, onlar arasında bərabərlik prinsipinin möhkəmlənməsinə kömək edir. Müxtəlif sosial və maddi imkanlara malik ailələrdən olan uşaqların eyni geyimdə məktəbə gəlməsi şagirdlər arasında geyimə görə fərqlənmənin qarşısını alır, diqqətin xarici görünüşə deyil, bilik və bacarıqların inkişafına yönəlməsinə şərait yaradır. Məktəbli forması həm də təhsilalanlarda kollektivə mənsubluq hissini gücləndirir, məktəbə bağlılığı və məsuliyyət duyğusunu artırır. Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının müəyyən olunması yalnız şagirdlərə aid məsələ deyil.
Müəllimlər və digər təhsilverənlər də öz geyimləri ilə məktəb mühitinə nümunə olmalıdırlar. Müəllimin səliqəli, təmiz və işgüzar görünüşü onun peşəkarlığının, məsuliyyətinin və təhsilalanlara olan hörmətinin ifadəsidir. Müəllim təkcə bilik verən şəxs deyil, eyni zamanda davranışı, danışığı və xarici görünüşü ilə şagirdlərə nümunə göstərən şəxsiyyətdir. Buna görə də təhsilverənlərin geyimində sadəlik, səliqə və pedaqoji mühitə uyğunluq mühüm meyarlar hesab olunur. Geyim tələblərinin tətbiqi zamanı əsas məqsəd şagirdlərə və müəllimlərə əlavə çətinlik yaratmaq deyil, məktəbdə sağlam, təhlükəsiz və qarşılıqlı hörmətə əsaslanan mühit formalaşdırmaqdır. Bu qaydalar tətbiq edilərkən ailələrin sosial vəziyyəti, uşaqların rahatlığı, geyimin mövsümə uyğunluğu və təhsil prosesinin xüsusiyyətləri nəzərə alınmalıdır. Məktəb rəhbərliyi, müəllimlər və valideynlər arasında əməkdaşlığın gücləndirilməsi qaydaların düzgün anlaşılmasına və uğurla həyata keçirilməsinə kömək edir. Unutmaq olmaz ki, məktəbin əsas vəzifəsi yalnız şagirdlərə bilik vermək deyil, həm də onların şəxsiyyət kimi formalaşmasına töhfə verməkdir. Geyim mədəniyyəti, davranış qaydaları və ictimai məsuliyyət hissi də bu prosesin mühüm tərkib hissələridir. Şagirdlərin kiçik yaşlardan səliqəli geyinməyə, ictimai yerlərdə davranış normalarına əməl etməyə və başqalarına hörmət göstərməyə alışması onların gələcək həyatında da müsbət rol oynayır. Nəticə etibarilə, dövlət ümumi təhsil müəssisələrində təhsilalanların və təhsilverənlərin geyimi ilə bağlı tələblərə əməl olunması məktəb mədəniyyətinin formalaşmasına, təhsil mühitində vahid yanaşmanın təmin edilməsinə və qarşılıqlı hörmətin güclənməsinə xidmət edir. Bu qaydaların mahiyyətini düzgün anlamaq və onları məsuliyyətlə yerinə yetirmək hər bir məktəb kollektivinin və valideynin üzərinə düşən vəzifələrdəndir. Səliqəli görünüş, yüksək davranış mədəniyyəti və keyfiyyətli təhsil bir-birini tamamlayan dəyərlərdir. Bu dəyərlərin qorunması isə savadlı, intizamlı və gələcəyə inamla addımlayan nəslin yetişdirilməsinə mühüm töhfə verir.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Aydın Şıxəliyev























