Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığında yeni mərhələ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçıları arasında 8-ci Məşvərət görüşündə çıxışı ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin sürətlə inkişaf etdiyini və Azərbaycanın bu regional əməkdaşlıq formatında rolunun daha da möhkəmləndiyini bir daha nümayiş etdirdi.
Dövlətimizin başçısı çıxışında Azərbaycanın ötən ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü seçilməsinin tarixi əhəmiyyətini xüsusi vurğuladı. Azərbaycan Respublikasının bu formata tamhüquqlu üzv kimi qoşulması ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığının yüksək səviyyəyə çatmasının göstəricisidir. Prezident İlham Əliyev bu tarixi qərarı yekdilliklə dəstəkləyən dövlət başçılarına təşəkkürünü bildirərək, Azərbaycanın Məşvərət formatında tamhüquqlu iştirakı təşəbbüsünün irəli sürülməsində Türkmənistanın və şəxsən Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun rolunu xüsusi qeyd etdi.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri qarşılıqlı hörmət, dostluq və strateji tərəfdaşlıq prinsipləri əsasında inkişaf edir. Bu əlaqələrdə Türkmənistanla münasibətlər xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ötən ildən başlayaraq Azərbaycan və Türkmənistan arasında ən yüksək səviyyədə artıq beş səfərin həyata keçirilməsi iki ölkə arasında siyasi dialoqun intensivliyini və qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsinə olan siyasi iradəni nümayiş etdirir.
Azərbaycan-Türkmənistan münasibətlərinin yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmaması, xalqlarımızın tarixi, mədəni və mənəvi yaxınlığının da mühüm amil olması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Türkmənistanın Füzuli şəhərində məscid tikintisi təşəbbüsü iki qardaş xalq arasında dostluq və həmrəyliyin parlaq nümunəsidir. Prezident İlham Əliyev çıxışında Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzulidə məscidin tikilməsini xüsusi qeyd etmiş, bu layihəni qardaş Türkmənistanın Azərbaycan xalqına hədiyyəsi kimi dəyərləndirmişdir. Məscidin inşası ölkələrimiz arasında mövcud olan mənəvi bağların və qarşılıqlı ehtiramın mühüm ifadəsidir.
Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığının genişlənməsi ölkəmizin regionlararası əlaqələrin inkişafında fəal və etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Xəzər dənizi üzərindən nəqliyyat əlaqələrinin inkişafı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin imkanlarının genişləndirilməsi, enerji və digər sahələrdə qarşılıqlı əməkdaşlıq Azərbaycanla Mərkəzi Asiya ölkələrini daha sıx birləşdirir.
Prezident İlham Əliyevin Türkmənbaşı şəhərində keçirilən 8-ci Məşvərət görüşündə səsləndirdiyi fikirlər Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin strateji xarakter daşıdığını və gələcəkdə bu əməkdaşlığın daha da genişlənəcəyini göstərir. Azərbaycanın bu mühüm regional platformaya tamhüquqlu üzv olması ölkəmizin beynəlxalq və regional mövqelərinin möhkəmlənməsinin, dost və qardaş dövlətlərlə münasibətlərinin yeni mərhələyə yüksəlməsinin mühüm göstəricisidir.
Bu gün Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında qarşılıqlı etimad və həmrəylik əsasında formalaşan əməkdaşlıq regionun davamlı inkişafına, sülh və sabitliyin möhkəmlənməsinə mühüm töhfə verir. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycan həm Mərkəzi Asiya dövlətləri ilə ikitərəfli münasibətlərini, həm də regional əməkdaşlıq imkanlarını ardıcıl şəkildə genişləndirir.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc


























