“Facebook”da 42 mindən çox ailənin bir araya gəldiyi “Özəlləşdirmə Çekləri Qrupu” adından Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya və deputatlara növbəti dəfə şikayət məktubu ünvanlanıb. AYNA.AZ məktubun mətnini təqdim edir:
“Hörmətli Sahibə xanım və hörmətli deputatlar!
Biz, Dövlət Özəlləşdirmə Payları (DÖP) sahibi olan və “Facebook”da onminlərlə ailəni təmsil edən “Özəlləşdirmə Çekləri Qrupu”nun üzvləri, vaxtilə dövlət tərəfindən Qanunla verilmiş özəlləşdirmə paylarının və özəlləşdirmə çeklərinin hüquqi taleyi ilə bağlı yaranmış ciddi və uzunmüddətli problemi nəzərə alaraq, sizə kollektiv qaydada müraciət edirik.
MİLLİ MƏCLİSİN VƏ DEPUTATLARIN BU MƏSƏLƏYƏ HÜQUQİ MÖVQE BİLDİRMƏK MƏSULİYYƏTİ
Hörmətli Sahibə xanım və hörmətli deputatlar!
Bu müraciətdə qaldırılan məsələ yalnız özəlləşdirmə çeklərinin iqtisadi taleyi və ya ayrı-ayrı vətəndaşların maddi maraqları haqqında mübahisə deyildir. Burada daha fundamental məsələ — Milli Məclisin qəbul etdiyi qanunun hüquqi qüvvəsi, qanunla verilmiş əmlak hüququnun qanundan aşağı hüquqi qüvvəli normativ aktla məhdudlaşdırılıb-məhdudlaşdırıla bilməməsi, normativ hüquqi aktların iyerarxiyası və qanunverici hakimiyyətin öz konstitusion səlahiyyətlərinin qorunması məsələsi qaldırılır.
Bu səbəbdən Milli Məclis və deputatlar aşağıdakı prinsipial məsələlərə hüquqi mövqe bildirməlidirlər.
- DEPUTAT YALNIZ SİYASİ XADİM DEYİL — QANUNVERİCİ HAKİMİYYƏTİN NÜMAYƏNDƏSİDİR
Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir. Deputat Milli Məclisin üzvü olaraq xalqın adından qanunların qəbulunda iştirak edir və həmin qanunlara səs verir.
Buna görə də deputatın Konstitusiyanın aliliyi, qanunun hüquqi qüvvəsi və normativ hüquqi aktların iyerarxiyası kimi qanunvericiliyin fundamental prinsiplərinə münasibəti onun şəxsi hüquqşünaslıq ixtisasından asılı məsələ deyildir.
“Mən hüquqşünas deyiləm” arqumenti qanunverici hakimiyyət nümayəndəsinin qanunun hüquqi qüvvəsinə münasibət bildirmək məsuliyyətini aradan qaldıra bilməz.
Deputatdan Konstitusiya Məhkəməsinin hakimi və ya hüquq eksperti funksiyasını həyata keçirmək tələb olunmur. Lakin xalqın adından qanun qəbul edən şəxsdən qəbul etdiyi qanunun hüquqi qüvvəsini, onun normativ aktlar sistemində yerini və həmin qanunun qanundan aşağı hüquqi qüvvəli aktla dəyişdirilib-dəyişdirilə bilməyəcəyini bilməsi və bu barədə mövqe bildirməsi gözlənilməsi qanunverici mandatın mahiyyətindən irəli gəlir.
- MİLLİ MƏCLİSİN KONSTİTUSİON QANUNVERİCİLİK SƏLAHİYYƏTİ QANUNDAN AŞAĞI NORMATİV AKTLA ƏVƏZ EDİLƏ BİLMƏZ
Konstitusiyanın 94-cü maddəsi qanunvericilik qaydasında tənzimlənməli olan mühüm münasibətləri Milli Məclisin səlahiyyət sahəsinə aid edir. Mülkiyyət hüququnun hüquqi rejiminin müəyyən edilməsi də qanunvericilik tənzimlənməsinin predmetidir.
Əgər Milli Məclisin qəbul etdiyi qanun vətəndaşa konkret əmlak hüququ və ya həmin hüququn həyata keçirilməsi vasitəsini vermişdirsə, həmin hüququn qanun dəyişdirilmədən aşağı hüquqi qüvvəli normativ aktla faktiki olaraq aradan qaldırılması təkcə vətəndaşın hüququ məsələsi deyil. Bu, eyni zamanda Milli Məclisin Konstitusiya ilə müəyyən edilmiş qanunvericilik səlahiyyətinin sərhədləri məsələsidir.
Milli Məclis özünün Konstitusiya ilə müəyyən edilmiş qanunvericilik səlahiyyətinin faktiki olaraq başqa normativ aktla əvəz edilib-edilmədiyi barədə qaldırılmış suala hüquqi mövqesiz qala bilməz.
- QANUNLA FƏRMAN ARASINDAKI ZİDDİYYƏTİ QALDIRMAQ KONSTİTUSİYA MƏHKƏMƏSİNİN SƏLAHİYYƏTİNİ MƏNİMSƏMƏK DEYİL
Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğu haqqında yekun və məcburi hüquqi qərar vermək Konstitusiya Məhkəməsinin səlahiyyətidir. Lakin bu, Milli Məclisin özünün qəbul etdiyi qanunla qanundan aşağı hüquqi qüvvəli normativ akt arasında iddia edilən ziddiyyətə ümumiyyətlə münasibət bildirməməsi demək deyil.
Əksinə, belə ziddiyyət barədə əsaslandırılmış müraciət qanunverici orqanın qarşısına qoyulmuşdursa, Milli Məclis məsələni öz səlahiyyətləri daxilində araşdırmalı və zəruri hesab etdiyi konstitusion və qanunvericilik mexanizmlərindən istifadə məsələsini qiymətləndirməlidir.
Buna görə:
“Bu, yalnız Konstitusiya Məhkəməsinin işidir” deyərək Milli Məclisin öz qəbul etdiyi qanunun hüquqi qüvvəsi barədə mövqe bildirməkdən tamamilə kənarda qalması hüquqi problemin cavabı ola bilməz.
Konstitusiya Məhkəməsinin konstitusion nəzarət funksiyası Milli Məclisin qanunverici hakimiyyət kimi öz səlahiyyətlərini həyata keçirməsini əvəz etmir.
- QANUNVERİCİ ORQAN ÖZ QƏBUL ETDİYİ QANUNUN FAKTİKİ OLARAQ TƏTBİQDƏN ÇIXARILMASI İDDİASINA LAQEYD QALA BİLMƏZ
Müraciətimizin mərkəzində çox konkret hüquqi məsələ dayanır:
Qüvvədə olan Qanun özəlləşdirmə paylarını (çeklərini) dövlət əmlakının özəlləşdirilməsində ödəmə vasitəsi kimi tanıdığı halda, bu hüququn Qanun dəyişdirilmədən Prezident Fərmanı ilə müddətlə məhdudlaşdırılması Konstitusiyaya və normativ hüquqi aktların iyerarxiyasına uyğundurmu?
Əgər qanunun həmin norması qüvvədədirsə, onun hansı hüquqi əsasla tətbiq edilmədiyi araşdırılmalıdır. Əgər həmin hüququn artıq mövcud olmadığı hesab edilirsə, onun hansı qanunla, hansı tarixdə və hansı hüquqi mexanizmlə ləğv edildiyi göstərilməlidir.
Bu iki sualdan yayınaraq, yalnız “çeklərin istifadə müddəti bitmişdir” demək əsas hüquqi ziddiyyətə cavab vermir.
- MÜRACİƏTİ SADƏCƏ İCRA HAKİMİYYƏTİ ORQANINA GÖNDƏRMƏK QALDIRILAN KONSTİTUSİON SUALA CAVAB DEYİL
Müraciətimizdə İqtisadiyyat Nazirliyindən iqtisadi məlumat almaqdan daha geniş hüquqi məsələlər qaldırılır.
Söhbət:
Konstitusiyanın aliliyindən;
qanunun hüquqi qüvvəsindən;
normativ hüquqi aktların iyerarxiyasından;
mülkiyyət hüququnun qanunla qorunmasından;
qanunla verilmiş əmlak hüququnun hüquqi taleyindən;
və Milli Məclisin qəbul etdiyi Qanunun aşağı hüquqi qüvvəli normativ akt qarşısında hüquqi qüvvəsindən gedir.
Buna görə belə müraciətin mahiyyəti üzrə araşdırılmadan yalnız İqtisadiyyat Nazirliyinə və ya başqa icra hakimiyyəti orqanına göndərilməsi Milli Məclis qarşısında qaldırılmış əsas konstitusion və qanunvericilik suallarının cavablandırılması hesab edilə bilməz.
Əgər Milli Məclis müraciətdə qaldırılan hər hansı konkret məsələnin onun səlahiyyətinə aid olmadığını hesab edirsə, həmin mövqenin hüquqi əsası ayrıca göstərilməlidir.
- MİLLİ MƏCLİSİN QARŞISINDA İKİ HÜQUQİ VARİANT VAR — HƏR İKİSİ PARLAMENTİN MÖVQEYİNİ TƏLƏB EDİR
Əgər Milli Məclis hesab edirsə ki, qüvvədə olan qanunvericilik özəlləşdirmə paylarının hazırkı hüquqi taleyini kifayət qədər tənzimləmir və hüquqi boşluq mövcuddur, həmin boşluğun qanunvericilik yolu ilə aradan qaldırılması məsələsi Milli Məclisin səlahiyyət sahəsinə daxildir.
Əgər hüquqi boşluq yoxdur və qüvvədə olan qanun özəlləşdirmə paylarının hüquqi statusunu və ödəmə vasitəsi funksiyasını artıq müəyyən edirsə, onda daha ciddi konstitusion sual yaranır:
Qanun dəyişdirilmədiyi halda qanunun verdiyi hüquq hansı hüquqi əsasla və hansı normativ aktla faktiki olaraq istifadə edilə bilməz vəziyyətə salınmışdır?
Deməli:
ya qanunvericilikdə boşluq vardır və onun qanunvericilik qaydasında həlli məsələsi araşdırılmalıdır;
ya da qanun qüvvədədir və bu halda həmin qanunun niyə tətbiq edilmədiyinə hüquqi qiymət verilməlidir.
Hər iki halda Milli Məclisin bu məsələyə hüquqi mövqe bildirməsi zəruridir.
MİLLİ MƏCLİSƏ VƏ HƏR BİR DEPUTATA PRİNSİPİAL SUAL
Bu səbəbdən biz Azərbaycan Respublikası Milli Məclisindən və hər bir deputatdan aşağıdakı suala aydın və hüquqi əsaslandırılmış mövqe bildirməsini xahiş edirik:
Azərbaycan Respublikasında Milli Məclisin qəbul etdiyi və qüvvədə olan Qanunla vətəndaşa verilmiş əmlak hüququ həmin Qanun dəyişdirilmədən Prezident Fərmanı və ya digər qanundan aşağı hüquqi qüvvəli normativ aktla məhdudlaşdırıla, faktiki olaraq tətbiqdən çıxarıla və istifadəedilməz vəziyyətə salına bilərmi?
Əgər cavab “xeyr”dirsə — yaranmış hüquqi ziddiyyətin aradan qaldırılması üçün Milli Məclisin öz konstitusion səlahiyyətləri çərçivəsində hansı tədbirləri görəcəyi göstərilməlidir.
Əgər cavab “bəli”dirsə — bunun Konstitusiyanın 13, 29, 94, 147 və 149-cu maddələri, qanunun aliliyi və normativ hüquqi aktların iyerarxiyası baxımından konkret hüquqi əsası göstərilməlidir.
Bu suallara cavab verilmədən müraciətin başqa dövlət orqanına göndərilməsi və ya məsələnin yalnız Konstitusiya Məhkəməsinin səlahiyyətinə aid olduğunun bildirilməsi qaldırdığımız əsas hüquqi və konstitusion problemin mahiyyəti üzrə cavablandırılması sayıla bilməz.
HÜQUQİ ƏSASLAR
Hörmətli Sədr və hörmətli deputatlar!
Bu müraciət Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının qanunlarının və parlamentin konstitusion səlahiyyətlərinin həyata keçirilməsi məqsədilə təqdim olunur.
Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 13-cü və 29-cu maddələrinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 57-ci maddəsi hər kəsə dövlət orqanlarına müraciət etmək və həmin müraciətə qanunla müəyyən edilmiş qaydada baxılmasını tələb etmək hüququ verir. Konstitusiyanın 68-ci maddəsi dövlət orqanlarının insan hüquqlarına hörmət etmək və onları qorumaq vəzifəsini müəyyən edir.
Bundan əlavə, Konstitusiyanın 94-cü maddəsinə əsasən mülkiyyət hüququnun əldə edilməsi, həyata keçirilməsi, məhdudlaşdırılması və xitamı yalnız qanunla müəyyən edilə bilər. Konstitusiyanın 147-ci və 149-cu maddələrinə əsasən Konstitusiya ali hüquqi qüvvəyə malikdir, bütün normativ hüquqi aktlar Konstitusiyaya və qanunlara uyğun olmalıdır və heç bir normativ akt qanunun müəyyən etdiyi hüquqları dəyişdirə və ya məhdudlaşdıra bilməz.
Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında” Qanununa əsasən Milli Məclis və onun vəzifəli şəxsləri müraciətləri tam, obyektiv, qərəzsiz və hərtərəfli araşdırmalı, müraciətdə qaldırılmış bütün hüquqi məsələlərə əsaslandırılmış cavab verməlidirlər.
Eyni zamanda, “Milli Məclis deputatının statusu haqqında” Qanuna əsasən deputatlar vətəndaşların hüquq və qanuni mənafelərinin müdafiəsinə kömək etməli, onların müraciətlərinə baxmalı, dövlət orqanlarından zəruri məlumatları tələb etmək, deputat sorğusu vermək və aşkar olunmuş problemlərin həlli üçün qanunvericilik təşəbbüsləri ilə çıxış etmək hüququna malikdirlər.
Azərbaycan Respublikası Konstitusiyası Milli Məclisə qanunvericilik hakimiyyətini həyata keçirməklə yanaşı, parlament nəzarəti funksiyasını da həvalə etmişdir. Bu nəzarət çərçivəsində Milli Məclis və onun komitələri qanunların icra vəziyyətini araşdırmaq, dövlət orqanlarının fəaliyyətini qiymətləndirmək, qanunların tətbiqində yaranmış hüquqi problemləri müəyyən etmək, aidiyyəti dövlət orqanlarından izahat və məlumat tələb etmək, zərurət yarandıqda isə qanunvericilik dəyişiklikləri təşəbbüsü ilə çıxış etmək səlahiyyətinə malikdir.
Bu səbəbdən Sizdən xahiş edirik ki, müraciətimizdə qaldırılmış bütün hüquqi məsələləri hərtərəfli araşdırasınız, aidiyyəti komitələrdə müzakirəsini təmin edəsiniz, zəruri hallarda deputat sorğularından və parlament nəzarəti mexanizmlərindən istifadə edəsiniz, məsul dövlət orqanlarından əsaslandırılmış hüquqi izahatlar tələb edəsiniz, qanunvericilikdə zərurət aşkar edilərsə müvafiq qanunvericilik təşəbbüslərini həyata keçirəsiniz və müraciətimizdə göstərilən bütün suallara qanunla müəyyən edilmiş müddətdə tam, əsaslandırılmış və hüquqi cavab təqdim edəsiniz.
Hesab edirik ki, Xalqın Miras Əmlak Payı ilə bağlı olan bu məsələ yalnız ayrı-ayrı vətəndaşların fərdi şikayət predmeti deyil – bu, dövlətçilik, insanların Dövlətə və qanunlara inamı, həm də geniş ictimai, tarixi, mənəvi, sosial və qanunvericilik əhəmiyyəti – normativ ziddiyyət, hüquqi müəyyənlik, mülkiyyət hüququ və legitim gözlənti problemi daşıyan məsələdir. Çünki söhbət minlərlə vətəndaşa dövlət tərəfindən verilmiş hüququn sonrakı hüquqi taleyindən və tarixi ədalətdən gedir.
Xahiş edirik, hüquqları pozulmuş yüzminlərlə vətəndaşın mülkiyyət hüquqları ilə bağlı bu müraciətimiz Milli Məclisin tribunasından səsləndirilsin və Milli Məclisin bütün komitələrində müzakirə olunsun.
Öncə “Facebook”da 42 mindən çox ailəni təmsil edən Özəlləşdirmə Çekləri Qrupunun nümayəndələri kollektiv şəkildə sizə şikayət ünvanlamışdır. Lakin bu şikayət məqsədli şəkildə sizə çatdırılmamışdır və Milli Məclis adından Konstitusiya Məhkəməsinə müraciət etmək əvəzinə, 20 may 2026-cı il tarixində Milli Məclisin İqtisadi Qanunvericilik Şöbəsinin müdiri Məhəmməd Bazıqov tərəfindən baxılması üçün İqtisadiyyat Nazirliyinə göndərilmişdir.
Sizdən çox xahiş edirik, bizim şikayətimizin dövlətçilik, qanunvericilik, Konstitusiya və hüquq pozuntuları ilə bağlı olduğunu nəzərə alaraq, qaldırdığımız əsas hüquqi və konstitusion məsələlər mahiyyəti üzrə araşdırılması və şikayətin cavablandırılması üçün İqtisadiyyat Nazirliyinə göndərilməsin.
İqtisadiyyat Nazirliyinə nə vaxtdan dövlətçiliyə və qanunvericiliyə aid olan problemi həll etmək səlahiyyəti verilib?
Sizə bildirmək istəyirik ki, İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı bir qrup müharibə və əmək veteranı tərəfindən Özəlləşdirmə Payları barədə məhkəmələrdə qaldırılan şikayət bu işdə maraqlı olan korrupsioner oliqarx məmurların təzyiqi nəticəsində təmin edilməyib.
Məhkəmələr özləri qanun və konstitusiya pozuntusu edir. Bu vəziyyət vətəndaşlarda məhkəmə araşdırmasının obyektivliyi barədə narahatlıq yaratmışdır.
Sizə bildirmək istəyirik ki, bir qrup müharibə və əmək veteranı tərəfindən Özəlləşdirmə Çekləri barədə məhkəmələrdə qaldırılan şikayət Ramiz Mehdiyevlə əlaqəli korrupsioner oliqarx məmurların təzyiqi nəticəsində təmin edilməyib. 2010–2017-ci illərdə qiymətli kağızların dövriyyədən çıxarılmasına qanunvericiliklə cavabdeh dövlət orqanlarının rəsmi dövlət sənədləri ilə Özəlləşdirmə Çeklərinin dövriyyədən çıxarılmadığının təsdiq olunmasına baxmayaraq, məhkəmələr öz əsaslandırmalarında qərəzli şəkildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şifahi-yalan məlumatı əsasında Özəlləşdirmə Çeklərinin 2011-ci il 1 Yanvardan dövriyyədən çıxarıldığını yazaraq işin araşdırılmasından imtina qərarı çıxarıblar və eyni zamanda şikayətimizin əsası olan fərman və qanun arasında olan ziddiyyətin araşdırılması üçün Konstitusiya Məhkəməsinə göndərilməyib.
Diqqət edin! Fərman ilə qanun arasında olan ziddiyyətin araşdırılması üçün Konstitusiya Məhkəməsinə bir qrup müharibə və əmək veteranı tərəfindən 2 Aprel 2026-ci ildə şikayət ünvanlanmışdı. Lakin korrupsioner oliqarx məmurların təzyiqi nəticəsində, Konstitusiya Məhkəməsinin Palatası 9 İyun 2026-ci ildə çıxardığı Konstitusiya və qanunlara zidd qərardad ilə, qanunla fərman arasında olan ziddiyyətin araşdırılmasından imtina edilib.

Hörmətli Sahibə xanım və deputatlar!
BİRİNCİ: Konstitusiya Məhkəməsi Palatasının işə mahiyyəti üzrə baxılmasından imtina etməsi nəticəsində qaldırdığımız əsas konstitusion sual bu gün də cavabsız qalmışdır. Qüvvədə olan qanunla vətəndaşlara verilmiş əmlak xarakterli hüququn Prezident Fərmanı ilə məhdudlaşdırılmasının Konstitusiyanın 13, 29, 94, 147 və 149-cu maddələrinə uyğun olub-olmaması məsələsi hüquqi müəyyənlik naminə aydınlaşdırılmalıdır.
Konstitusiya Məhkəməsi Palatasının araşdırmadan imtina etməsi həmin hüquqi ziddiyyəti aradan qaldırmır və əsas konstitusion suala cavab vermir.
Əsas konstitusion sual cavabsız qalıb:
Qanunla verilmiş əmlak hüququ fərmanla məhdudlaşdırıla bilərmi?
Qüvvədə olan qanunun norması fərmanla tətbiqdən çıxarıla bilərmi?
Bu səbəbdən qanunvericilik orqanı və Konstitusiyanın qarantı kimi məsələnin Konstitusiya Məhkəməsində tam araşdırılmasına Milli Məclis tərəfindən təşəbbüs göstərilməsi vacibdir.
Hesab edirik ki, söhbət təkcə özəlləşdirmə çeklərindən deyil, Azərbaycan Respublikasında qanunun aliliyi, normativ aktların iyerarxiyası və vətəndaşların qanunla tanınmış əmlak hüquqlarının müdafiəsi məsələsindən gedir.
Əgər dövlət tərəfindən vətəndaşa qanunla verilmiş əmlak hüququ qanun dəyişdirilmədən faktiki olaraq istifadə olunmaz vəziyyətə salınırsa, Milli Məclis bu hüququn hüquqi taleyini müəyyən etməyə borcludur.
MİLLİ MƏCLİSİN CAVAB VERMƏLİ OLDUĞU ƏSAS HÜQUQİ SUALLAR BUNLARDAN İBARƏTDİR:
- Qüvvədə olan qanunun birbaşa müəyyən etdiyi hüquqi normanı Prezident fərmanı məhdudlaşdıra və ya faktiki olaraq tətbiqdən çıxara bilərmi?
- Qanunla verilmiş əmlak hüququ qanun dəyişdirilmədən inzibati qərarlar və praktikalarla dayandırıla bilərmi?
- İstifadə olunmamış çeklərin qanunda nəzərdə tutulmuş qaydada dövriyyədən çıxarılması baş vermədən onların hüquqi və iqtisadi dəyərinin faktiki sıfırlanması mülkiyyət hüququ ilə uzlaşırmı?
- Əgər Qanun qüvvədədirsə və özəlləşdirmə prosesi tam başa çatmamışdırsa, qanunla nəzərdə tutulmuş ödəmə vasitəsinin yalnız Prezident Fərmanı ilə istifadəsinin dayandırılması normativ aktların iyerarxiyası prinsipinə uyğun hesab edilə bilərmi?
- Konstitusiyaya əsaslanan (qanunun aliliyi, normativ aktların iyerarxiyası və mülkiyyət hüququnun yalnız qanunla məhdudlaşdırılması) və Qanunda açıq şəkildə nəzərdə tutulmayan bir məhdudiyyət (ödəmə vasitəsi kimi istifadənin vaxtla məhdudlaşdırılması) Prezident fərmanı və ya qanundan aşağı normativ aktla tətbiq edilə bilərdimi?
Bu suallar cavablandırılmadan məsələnin hüquqi həlli mümkün deyil. Təəssüf ki, bu əsas hüquqi suala indiyədək heç bir dövlət qurumu tərəfindən hüquqi əsaslandırılmış cavab verilməmişdir. Hesab edirik ki, yüzminlərlə vətəndaşın Konstitusiya hüquqları ilə bağlı bu şikayət təcili olaraq Milli Məclisdə müzakirəyə çıxarılmalı və komitələrdə geniş müzakirə keçirilməlidir.
Çox sağ olsunlar ki, bu günə qədər 60-dan çox deputat mətbuat vasitəsilə özəlləşdirmə çekləri barədə xalqı dəstəkləyib. Bəziləri 30 il müddət keçdiyini nəzərə alaraq, qanunvericiliyə uyğun şəkildə inflyasiyadan qorunan əmlak (maddi) ekvivalent dəyəri manatla müəyyənləşdirilərək, ya qanuna uyğun şəkildə ödəmə vasitəsi kimi istifadə olunmasının, ya da kompensasiya verilməsinin vacibliyini söyləyirlər. Lakin görünən odur ki, həm Milli Məclisdə, həm də hökumətdəki bəzi maraqlı qüvvələr bu problemin Milli Məclisdə geniş müzakirəsinə imkan vermirlər.
Hesab edirik ki, Milli Məclisdə geniş müzakirə vaxtı çoxdan çatmışdır və ən azı Milli Məclis adından Konstitusiya Məhkəməsinə müraciət edilməlidir. Bu müraciətimizin məqsədi ayrı-ayrı şəxslərin şəxsi marağını deyil, minlərlə vətəndaşın qanunla tanınmış əmlak hüquqlarının, sosial ədalətin və hüquqi müəyyənlik prinsipinin qorunmasını xahiş etməkdir. Biz bu müraciəti qarşıdurma yaratmaq məqsədilə deyil, hüquqi dövlət prinsiplərinə uyğun şəkildə qanunla verilmiş hüquqlarımızın hüquqi taleyinin aydınlaşdırılması üçün təqdim edirik.
Məlum olduğu kimi, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində vətəndaşlara qanunla özəlləşdirmə payları verilmiş, həmin paylar özəlləşdirmə çekləri formasında rəsmiləşdirilmişdir. Bu çeklər sadəcə qiymətli kağız sənədi deyil, dövlət tərəfindən verilmiş, müəyyən iqtisadi dəyərə malik, vətəndaşın dövlət əmlakının özəlləşdirilməsində iştirak hüququnu təsdiq edən hüquqi-iqtisadi sənəd olmuşdur.
Özəlləşdirmə çeklərinin dövriyyəsi, tədavül və ödəmə vasitəsi olması bir-birindən tam fərqli üç hüquqi anlayışlardır. Təəssüf ki, bu anlayışlar hüquqi praktikada bəzən bir-biri ilə qarışdırılır və hətta bəzi hüquqşünaslarımız bunu bilmir. Vətəndaşlar həmin çekləri dövlətə, qanunla verilmiş hüquqi təminatlara – Ulu Öndər Heydər Əliyevin xalqa vədinə inanaraq satmayıb – yəni tədavül vasitəsi kimi istifadə etməyib (satmayıb, girov qoymayıb və s.) və ödəmə vasitəsi kimi yüksək gəlirli müəssisələrin özəlləşdirilməsinə iştirak etmək üçün saxlayıblar. Lakin sonrakı illərdə yaranmış hüquqi vəziyyət nəticəsində həmin çeklərdən istifadə imkanları faktiki olaraq məhdudlaşdırılmış, çoxsaylı vətəndaşların hüquqları qeyri-müəyyən vəziyyətdə qalmışdır.
Tədavül (circulation) – (qiymətli kağızların alqı-satqısı, girov və s.) çeklərin özəlləşdirmə prosesində alqı-satqı predmeti kimi istifadə müddəti ilə bağlı məsələdir. Tədavül müddəti, hüquqi dövriyyə və ödəmə funksiyası eyni anlayışlar deyildir. Tədavül müddətinin başa çatması çeklərin bazarda sərbəst alqı-satqısının dayanmasına aid edilə bilər. Lakin bu hal, ayrıca və aydın qanun norması olmadan, qiymətli kağızın hüquqi mövcudluğunun və onun təmsil etdiyi əmlak hüququnun avtomatik ləğvi demək deyil.
Dövriyyə isə (civil turnover/hüquqi dövriyyə) – qiymətli kağızın hüquqi mövcudluğu, hüquq obyekti olması və qanunla dövriyyədən çıxarılıb-çıxarılmaması ilə bağlı məsələdir. Bu isə o deməkdir ki, əgər birbaşa qanunla çeklər dövriyyədən çıxarılmayıbsa – onlar tədavül vasitəsi kimi istifadə olunmasa belə – qanunla dövriyyədədir və qanunla özəlləşdirmədə ödəmə vasitəsidir!
Əgər qanunla həmin aktivlərin dövriyyədən çıxarılması və ya hüquqi qüvvəsinin ləğv edilməsi barədə açıq norma mövcud deyilsə, bu hüquq hüquqi baxımdan mövcudluğunu davam etdirir. Tədavül və ödəniş funksiyaları müxtəlif hüquqi kateqoriyalardır. Tədavül müddətinin başa çatması yalnız çeklərin sərbəst alqı-satqısına aid ola bilər. Bu isə onların özəlləşdirmə prosesində hüquqi aktiv kimi mövcudluğunu avtomatik olaraq aradan qaldırmır.
Əgər çeklərin dövlət əmlaklarının özəlləşdirilməsində təminat verən, qanunla verilmiş Dövlət Qiymətli Kağızı kimi infilyasiyadan qorunan maddi ekvivalentə bağlı mülkiyyət hüququ verən, qanunla tənzimlənmiş iqtisadi dəyərə malik ÖDƏMƏ funksiyası olmasa idi, çeklərin tədavül funksiyası da ola bilməzdi və heç vaxt xarici investorlar üçün investisiya aləti ola bilməzdi.
Əgər çeklərin ödəniş vasitəsi kimi istifadəsi qanundan aşağı qüvvəli aktlarla məhdudlaşdırılarsa və ya faktiki olaraq aradan qaldırılarsa, bu halda vətəndaşların həmin çeklər vasitəsilə dövlət əmlakında iştirak hüququ da məhdudlaşdırılmış olur. Bu isə mülkiyyət hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməlidir.

ÇEKLƏRİN HÜQUQİ FUNKSİYALARI
Özəlləşdirmə çeklərinin hüquqi mahiyyəti bir neçə bir-birindən fərqli funksiyanı əhatə edir:
- qiymətli kağız və əmlak hüququnun obyekti olmaq;
- bazar tədavülündə alqı-satqı, girov və digər mülki dövriyyə əməliyyatlarının predmeti olmaq;
- dövlət əmlakının özəlləşdirilməsində ödəmə vasitəsi kimi çıxış etmək;
- vətəndaşın dövlət əmlakının əldə edilməsində iştirak hüququnu təsdiq etmək.
Özəlləşdirmə çeklərinin üzərində “Bu özəlləşdirmə çeki Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin olunur” ifadəsi yazılmışdır və onların üzərində istifadə müddəti göstərilməmişdir. Bu, vətəndaşlarda yaranmış qanuni gözləntinin əsaslarından biridir.
Müraciətimizin əsasları – deputatların hamısının bilməsi vacib olan məsələlər:
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə tarixi sosial-iqtisadi ədalətin təmin olunması üçün qanunlar qəbul edildi və bununla dövlət əmlakının, dövlət özəlləşdirmə payları kimi xalqa verilməsi mexanizmi quruldu. Azərbaycan Respublikasında özəlləşdirmə qanunvericiliyi digər postsovet ölkələrində baş vermiş hüquqi pozuntular nəzərə alınmaqla daha yüksək hüquqi təminatlarla qəbul edilmişdir. Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi nəticəsində Azərbaycan qanunvericiliyi daha dəqiq və hüquqi baxımdan daha güclü şəkildə formalaşdırılmışdır və Özəlləşdirmə haqqında Qanunun özündə özəlləşdirmə paylarının (çeklərinin) dövlət əmlakının özəlləşdirilməsində ödəmə vasitəsi olduğu birbaşa təsbit edilmişdir.
Azərbaycan Respublikasının “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanununa əsasən, özəlləşdirmə payları (çekləri) dövlət tərəfindən vətəndaşlara verilmiş və onların mülkiyyət hüququnun obyektidir. Hüquqi mahiyyətinə görə özəlləşdirmə çekləri aşağıdakı funksiyaları daşıyırdı:
- investisiya qiymətli kağızı funksiyası
- bazar tədavülü funksiyası
- dövlət əmlakının əldə edilməsi üçün ödəniş vasitəsi funksiyası
- mülkiyyət hüququnu təmsil edən hüquqi sənəd funksiyası.
Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu, hüquqi bərabərlik prinsipini və vətəndaşların dövlət orqanlarına müraciət etmək hüququnu təmin edir. Dövlət tərəfindən vətəndaşa verilmiş əmlak xarakterli hüququn sonradan qeyri-müəyyən vəziyyətdə saxlanılması hüquqi dövlət prinsipinə uyğun hesab edilə bilməz.
HÜQUQİ ƏSASLAR — QÜVVƏDƏ OLAN QANUNVERİCİLİK
Azərbaycan Respublikasının “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanununa əsasən, özəlləşdirmə payları (çekləri) dövlət tərəfindən vətəndaşlara verilmiş və onların mülkiyyət hüququnun obyektidir. Hüquqi mahiyyətinə görə özəlləşdirmə çekləri aşağıdakı funksiyaları daşıyırdı:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 203.4. Dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada fiziki və hüquqi şəxslərin mülkiyyətinə özgəninkiləşdirilir.
Maddə 1078-4. Özəlləşdirmə qiymətli kağızları
1078-4.1. Özəlləşdirmə qiymətli kağızları dövlət əmlakının özəlləşdirilməsi zamanı dövlət əmlakının müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirilməsi məqsədi ilə buraxılan qiymətli kağızlardır.
Bu gün qüvvədə olan “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 1.0.1-ci maddəsi ilə dövlət əmlakının özəlləşdirilməsi – dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir;
Həmin Qanunun 10-cu maddəsində açıq şəkildə müəyyən edilmişdir ki, özəlləşdirmə payları ödəmə vasitəsidir və imperativ qayda olan bu norma bu gün də qüvvədədir.
Eyni zamanda bu gün qüvvədə olan, Özəlləşdirmə haqqında Qanunun icrası üçün hazırlanmış — Azərbaycan Respublikası Prezidentinin 25 mart 1996-cı il tarixli 450 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamə”nin 5-ci bəndində açıq şəkildə göstərilir ki: “Dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövlət mülkiyyətinin özəlləşdirilməsi zamanı ödəniş vasitəsi kimi qəbul edilməsindən imtina etmək qadağandır.”
Həmin Əsasnamənin 4-cü bəndində müəyyən olunur ki, çeklər yalnız özəlləşdirmə obyektlərinin alınması məqsədilə istifadə edildikdən sonra dövriyyədən çıxarılır və silinir.
Özəlləşdirmə haqqında Qanunun 12-ci Maddəsində deyilir ki, Dövlət əmlakının özəlləşdirilməsi prosesində ödəmə vasitəsi kimi təqdim olunan çeklərin və xaricilərin təqdim etdikləri opsionların tədavüldən çıxarılması qaydaları Dövlət Proqramı ilə tənzimlənir.
Qanunun 12-ci maddəsi tədavüldən çıxarılma mexanizmini məhz özəlləşdirmə prosesində ödəniş vasitəsi kimi təqdim edilmiş çeklərə münasibətdə müəyyən edir. İstifadə olunmamış çeklərin ümumi qaydada hüquqi qüvvədən düşməsi və ya əvəzsiz ləğvi barədə həmin Qanunda ayrıca, aydın və birbaşa norma göstərilməmişdir.
Qanun birmənalı olaraq — yalnız ödəmə vasitəsi kimi təqdim olunmuş (istifadə edilmiş) çeklər tədavüldən çıxarıla bilər. Vətəndaşın əlində qalan istifadə olunmamış çeklər hələ bu mərhələyə çatmayıb.
Bu isə o deməkdir ki, qanun özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılmasının konkret hüquqi mexanizmini müəyyən etmişdir və bu mexanizm yalnız onların ödəmə vasitəsi kimi istifadə edilməsindən sonra tətbiq olunur.
Diqqət edin! Mübahisənin predmeti özəlləşdirmə çeklərinin tədavül müddəti deyil (çünki özəlləşdirmə çeklərini satmaq istəməyən vətəndaşlar üçün bunun heç bir mənası yoxdur), mübahisənin predmeti qanunla tanınmış ödəmə vasitəsi funksiyasının qanun dəyişdirilmədən Prezident fərmanı ilə faktiki dayandırılmasıdır.
ƏSAS ARQUMENTLƏR
- Özəlləşdirmə çeki qanunla dövlət qiymətli kağızıdır.
- Özəlləşdirmə çeki qanunla xüsusi ödəmə vasitəsidir.
- Ödəmə vasitəsi funksiyası çekin əsas iqtisadi və hüquqi funksiyasıdır.
- Çekin tədavülünün məhdudlaşdırılması onun ödəmə vasitəsi kimi hüququnu avtomatik ləğv etmir.
- Qanun qüvvədə qaldığı halda bu hüququn aşağı hüquqi qüvvəli aktla faktiki aradan qaldırılması normativ ziddiyyət yaradır.
- Bu müdaxilə mülkiyyət hüququ və legitim gözlənti məsələsini doğurur.
- Qanun dəyişdirilmədən hüququn həyata keçirilməsinin mümkünsüz edilməsi hüquqi müəyyənlik prinsipinə təsir göstərir.
- İstifadə olunmamış çeklərin hüquqi qüvvəsinin itirilməsi barədə qanun yoxdur.
- Nəticə: qanunla tanınmış əmlak hüququ faktiki olaraq fərmanla istifadə edilə bilməz vəziyyətə salınmışdır.
- Effective Judicial Protection (effektiv məhkəmə müdafiəsi) – daxili məhkəmələrin və Konstitusiya Məhkəməsinin iddia edilən normativ ziddiyyəti mahiyyəti üzrə həll etməmişdir.
Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu, hüquqi bərabərlik prinsipini və vətəndaşların dövlət orqanlarına müraciət etmək hüququnu təmin edir. Dövlət tərəfindən vətəndaşa verilmiş əmlak xarakterli hüququn sonradan qeyri-müəyyən vəziyyətdə saxlanılması hüquqi dövlət prinsipinə uyğun hesab edilə bilməz.
Bu arqumentlər Qanuna, Konstitusiyaya və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüquqi təcrübəsinə əsaslanır (bu presedentlər bizim işə də tətbiq edilə bilər).
- Stretch v. the United Kingdom — Bu işdə də dövlət əvvəl qanunvericilik və rəsmi hüquqi aktlar vasitəsilə vətəndaşlarda konkret əmlak hüququ və qanuni gözlənti yaratmışdır. Sonradan həmin hüququ qanun dəyişdirilmədən faktiki həyata keçirməyə imkan verilməməsi Stretch işində olduğu kimi dövlətin öz yaratdığı hüquqi vəziyyətə zidd davranması məsələsini ortaya çıxarır və mülkiyyət hüququnun müdaxilə obyekti kimi qiymətləndirilməsini tələb edir.
- Pine Valley Developments Ltd and Others v. Ireland – Azərbaycan Respublikasının qanunları və qanunla təsdiq edilmiş Dövlət Proqramı vətəndaşlarda özəlləşdirmə paylarının dövlət əmlakının əldə edilməsində istifadə olunacağına dair legitim gözlənti yaratmışdır. Bu hüquqi gözlənti qanunla ləğv edilmədiyi halda onun faktiki həyata keçirilməsinin mümkünsüz edilməsi Pine Valley qərarında ifadə olunmuş prinsiplərlə uyğun hüquqi qiymətləndirmə tələb edir.
- Pressos Compania Naviera S.A. and Others v. Belgium – Bu işdə olduğu kimi, bizim halda da vətəndaşlarda artıq mövcud olan əmlak xarakterli hüququn sonradan qəbul edilmiş hüquqi və inzibati tədbirlərlə faktiki dəyərsizləşdirilməsi məsələsi yaranmışdır. Əgər dövlət qanunla tanınmış hüququ qanunu dəyişdirmədən həyata keçirilməz vəziyyətə salırsa, bu, mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilə bilər.
- Kechko v. Ukraine — Özəlləşdirmə paylarının ödəmə vasitəsi olması barədə qanun norması bu gün də qüvvədədir. Buna baxmayaraq həmin hüququn faktiki həyata keçirilməsinin mümkünsüz edilməsi Kechko işində göstərilən prinsipə uyğun olaraq, qanun qüvvədə qaldığı müddətdə dövlətin həmin hüququ təmin etmək öhdəliyinin davam etdiyini göstərir.
- Chiragov and Others v. Armenia — Özəlləşdirmə paylarının hüquqi qüvvəsinin qanunla ləğv edilməsi və ya istifadə olunmamış çeklərin qanunla dövriyyədən çıxarılması barədə norma mövcud deyildir. Buna görə də uzun illər ərzində vətəndaşların həmin hüquqdan istifadə edə bilməməsi Chiragov qərarında ifadə olunmuş prinsiplər baxımından davam edən müdaxilə və hüquqi qeyri-müəyyənlik kimi qiymətləndirilə bilər.
Bildirmək istəyirik ki, Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri sadəcə sadalanmır, “legitimate expectation”, “rule of law”, “legal certainty” kimi prinsiplərlə əlaqələndirilir.
“Legitimate expectation” (hüquqi və ya qanuni gözlənti) — dövlət orqanlarının və ya rəsmi qurumların əvvəlki hərəkətlərinə, bəyanatlarına və ya verilən vədlərə əsaslanan, şəxsin qanuni olaraq haqq qazandığı və qorunmalı olduğuna inandığı gözlənti deməkdir.
1993-cü il Qanunu və qanunla qəbul olunmuş 1995-ci il Dövlət Proqramı – Qanunla investisiya fondlarının yaradılması öhdəliyi – Qanunla çeklərin dövlət əmlakı ilə təmin olunması və Dövlət Qiymətli Kağızı kimi çeklərin üzərindəki yazılar – Çeklərin Qanunla ödəmə vasitəsi olması – Dövlətin uzun illər ərzində çekləri Qanunla tam ləğv etməməsi.
“Rule of law” ifadəsi Azərbaycan dilinə “qanunun aliliyi” və ya “hüququn üstünlüyü” kimi tərcümə olunur. Bu, hər kəsin, o cümlədən dövlət başçılarının və hökumət rəsmilərinin qanun qarşısında bərabər olduğu və qanundan üstün olmadığı idarəetmə prinsipidir.
“Legal certainty” (hüquqi müəyyənlik) — qanunvericiliyin aydın, birmənalı və qabaqcadan təxmin edilə bilən olmasını tələb edən fundamental hüquq prinsipidir. O, vətəndaşların hüquqlarının dövlət özbaşınalığından qorunmasına və cəmiyyətdə hüquqi sabitliyə xidmət edir.
Davam edən hüquqi qeyri-müəyyənlik və təsirləri bu günədək davam edən müdaxilə:
– çeklər qanunla ləğv edilməyib;
– dövriyyədən çıxarılma proseduru olmayıb;
– kompensasiya verilməyib;
– buna baxmayaraq fərmanla istifadəsi dayandırılıb.
Minlərlə vətəndaş bu hüquqi təminata, dövlətin verdiyi qanuni vədlərə inanaraq həmin çekləri satmamış, özəlləşdirmə prosesində iştirak etmək üçün saxlamışdır. Bu səbəbdən hesab edirik ki, məsələnin yalnız formal inzibati cavablarla yekunlaşdırılması hüquqi dövlət prinsipinə uyğun hesab edilə bilməz.
Bu, o deməkdir ki, ciddi hüquq pozuntusu var!
HEYDƏR ƏLİYEVİN TARİXİ SOSİAL-İQTİSADİ ƏDALƏT PRİNSİPİ: DÖVLƏT ƏMLAKINDA XALQIN PAYI TƏMİN EDİLMƏLİDİR
Dövlət özəlləşdirmə payları (çekləri) məsələsinin başlanğıcında sadəcə texniki özəlləşdirmə mexanizmi deyil, dövlət əmlakının özəlləşdirilməsi zamanı tarixi sosial-iqtisadi ədalətin təmin edilməsi və hər bir vətəndaşın özəlləşdirilən dövlət əmlakında payının olması prinsipi dayanır.
Xüsusi QEYD – Ulu Öndər Heydər Əliyevin Tarixi Ədalət Siyasəti:
7 mart 1995-ci ildə Respublikada özəlləşdirmənin həyata keçirilməsi məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Prezident Sarayındakı (bütün siyasətçilər bunu bilməlidir) çıxışının YEKUN hissəsində xüsusi qeyd etmişdir ki, özəlləşdirmənin pul və ya qiymətli kağız (vaucer) formasında həyata keçirilməsindən asılı olmayaraq, hətta 15–20 il keçsə də, hər bir vətəndaş öz miras əmlak payını almalıdır və istədiyi kimi istifadə etməlidir. Ulu Öndər Heydər Əliyevi ən çox narahat edən sual “Bəs bu, necə olacaq?” məsələsi idi.
“Özəlləşdirmənin pul və ya qiymətli kağız (vaucer) formasında həyata keçirilməsindən asılı olmayaraq, hətta 15–20 il keçsə də, hər bir vətəndaş öz miras əmlak payını almalıdır” – bu, həm Ulu Öndər Heydər Əliyevin, həm də Dövlətin Tarixi Ədalət və İqtisadi Siyasətinin əsası idi. Konstitusiya və qəbul olunmuş qanunlar bu siyasətin həyata keçirilməsinin əsasını təşkil edir.
DƏYİŞƏ BİLƏN MÜDDƏT VƏ MEXANİZM İDİ — DƏYİŞMƏZ PRİNSİP VƏTƏNDAŞIN DÖVLƏT ƏMLAKINDAKI PAYI İDİ
Həmin tarixi çıxış çeklərin 20 il qüvvədə qalmasına dair ayrıca normativ təminat kimi deyil, daha fundamental dövlət siyasətinin ifadəsi kimi qiymətləndirilməlidir. Özəlləşdirmənin 10, 15, hətta 20 il davam edə bilməsi göstərirdi ki, dəyişə bilən məsələ prosesin müddəti və payın həyata keçirilməsi vasitəsi idi; dəyişməz prinsip isə hər bir vətəndaşın dövlət əmlakındakı payının təmin edilməsi idi.
Başqa sözlə, vətəndaşın əmlak payının mövcudluğu vauçer formasından yaranmırdı. Vauçer sonradan həmin payın həyata keçirilməsi üçün seçilmiş hüquqi vasitə idi. Buna görə mübahisənin mahiyyəti yalnız fiziki çeklərin taleyi deyil, onların təmsil etdiyi qanunla tanınmış əmlak payının hüquqi taleyidir.
TARİXİ SOSİAL-İQTİSADİ ƏDALƏT PRİNSİPİNİN QANUNVERİCİLİKDƏ HÜQUQİ TƏMİNATI
Bu tarixi prinsip sonradan qanunvericilikdə konkret hüquqi mexanizmlərlə təmin edilmişdir. Dövlət Proqramında özəlləşdirmə paylarının və çek mexanizminin yeri, o cümlədən orta və iri müəssisələrin özəlləşdirilməsində çek mexanizminə ayrılmış pay, həmin siyasi-sosial prinsipin normativ həyata keçirilməsi kontekstində ayrıca hüquqi əhəmiyyət daşıyır.
Hətta dövlətin ən kasıb vaxtında (büdcədə heç 700 milyon dollar olmayan vaxtı) Ulu Öndərin tarixi social-iqtisadi ədalət siyasəti nəticəsində, qanunla bütün özəlləşdiriləcək orta və iri dövlət əmlaklarının 65%-nin özəlləşdirmə çekləri ilə əvəzlənərək xalqa – vətəndaşlara verilməsinə Dövlət təminatı verildi.
yüzminlərlə vətəndaş qanuna və hüquqi təminata, dövlətin və Ulu Öndər Heydər Əliyevin verdiyi qanuni vədlərə inanaraq həmin çekləri satmamış, özəlləşdirmə prosesində iştirak etmək üçün saxlamışdır.
Tarixi sosial-iqtisadi ədalət prinsipi vətəndaşa pay verilməsi ilə başlayıb, həmin payın hüquqi və iqtisadi məzmununun izsiz yox olması ilə başa çata bilməz. Milli Məclisdən tələb olunan keçmişə siyasi qiymət vermək deyil – özünün qəbul etdiyi qanunlarla vətəndaşa verilmiş hüququn bu gün hansı hüquqi əsasla istifadə edilə bilmədiyinə aydın, konkret və hüquqi cavab verməkdir.
Əgər bu hüquq qanunla ləğv edilmişdirsə, həmin qanun, onun konkret norması, qəbul edilmə tarixi və hüquqi nəticələri göstərilməlidir. Əgər hüquq qanunla ləğv edilməyibsə, onda qanunla tanınmış əmlak hüququnun hansı hüquqi əsasla faktiki olaraq istifadəedilməz vəziyyətə salındığı izah edilməlidir. Əgər həmin hüququn əvvəlki formada həyata keçirilməsi artıq mümkün hesab edilirsə, onun təmsil etdiyi əmlak marağının bərpası, alternativ şəkildə həyata keçirilməsi və ya ədalətli ekvivalentinin təmin edilməsi məsələsinə hüquqi qiymət verilməlidir.
Bu səbəbdən Milli Məclisin qarşısında duran məsələ yalnız 1996–1997-ci illərdən etibarən vətəndaşlara verilməyə başlanmış dövlət özəlləşdirmə paylarının (çeklərinin) taleyi deyildir. Əsas məsələ tarixi sosial-iqtisadi ədalətin təmin edilməsi məqsədilə müəyyən edilmiş, sonradan qanunvericilikdə hüquqi forma verilmiş və vətəndaşa əmlak xarakterli hüquq kimi təqdim edilmiş dövlət özəlləşdirmə payının hüquqi məzmununun həmin Qanun dəyişdirilmədən qanundan aşağı hüquqi qüvvəli normativ aktın tətbiqi nəticəsində istifadəedilməz vəziyyətə salınıb-salına bilməməsidir.
ƏSAS PRİNSİPİAL SUAL: XALQA QANUNLA VERİLMİŞ ƏMLAK PAYININ HÜQUQİ MƏZMUNU QANUN DƏYİŞDİRİLMƏDƏN ARADAN QALDIRILA BİLƏRMİ?
Konstitusiyanın 29-cu maddəsi mülkiyyət hüququnun müdafiəsini təmin edir, 94-cü maddəsi isə mülkiyyət hüququ və mülki münasibətlər üzrə ümumi qaydaların qanunvericilik qaydasında müəyyən edilməsini nəzərdə tutur. Buna görə dövlətin iqtisadi və sosial proqramlarını müəyyən etmək səlahiyyəti ilə qanunvericinin artıq yaratdığı konkret əmlak hüququnun hüquqi məzmununu dəyişdirmək və ya onun qanunla müəyyən edilmiş həyata keçirilməsi imkanını aradan qaldırmaq səlahiyyəti eyniləşdirilə bilməz.
Tarixi sosial-iqtisadi ədalət prinsipi qanunvericilikdə konkret əmlak hüququ formasında hüquqiləşdirildikdən sonra onun hüquqi taleyi yalnız iqtisadi və sosial siyasətin məqsədəuyğunluğu məsələsi kimi qiymətləndirilə bilməz. Dövlət özəlləşdirmə payının və onu təmsil edən çekin hüquqi statusu, ondan istifadə, həmin hüququn məhdudlaşdırılması və ya ona xitam verilməsi ilk növbədə mülkiyyət hüququnun hüquqi rejimi, qanunvericilik səlahiyyəti və normativ hüquqi aktların iyerarxiyası baxımından qiymətləndirilməlidir.
QANUNLA MÜLKİYYƏT HÜQUQUNA ÇEVRİLMİŞ PRİNSİPİN TALEYİ ARTIQ SADƏCƏ SİYASİ MƏQSƏDƏUYĞUNLUQ MƏSƏLƏSİ DEYİL
Fundamental hüquqi fərq bundan ibarətdir: vətəndaşın əmlak payı çekə görə yaranmamışdır – əksinə, çek vətəndaşın dövlət əmlakında qanunla tanınmış payının həyata keçirilməsi üçün müəyyən edilmiş hüquqi vasitə olmuşdur. Buna görə çekin sonrakı hüquqi rejimi qiymətləndirilərkən yalnız onun fiziki sənəd formasından deyil, təmsil etdiyi qanunla tanınmış əmlak payından və həmin hüququn qanunvericilikdə müəyyən edilmiş məzmunundan çıxış edilməlidir.
Heydər Əliyevin ifadə etdiyi tarixi sosial-iqtisadi ədalət prinsipi yalnız siyasi bəyanat səviyyəsində qalmamışdır. Vətəndaşın özəlləşdirilən dövlət mülkiyyətində payı qanunvericilikdə hüquqi forma almış, dövlət özəlləşdirmə payı və onu təmsil edən çek dövlət əmlakının özəlləşdirilməsində iştirakın hüquqi vasitəsinə çevrilmişdir.
ÖZƏLLƏŞDİRMƏ PAYININ ƏVƏZSİZ VERİLMƏSİ İLƏ ONU TƏMSİL EDƏN ÇEKİN ƏVƏZSİZ TƏQDİM EDİLMƏSİ EYNİ HÜQUQİ ANLAYIŞ DEYİLDİR
Qanunvericiliyin ardıcıl təhlili göstərir ki, dövlət özəlləşdirmə payının vətəndaşa əvəzsiz verilməsi ilə həmin payı təmsil edən özəlləşdirmə çeklərinin vətəndaşa təqdim edilməsi hüquqi baxımdan fərqləndirilməlidir.
- İlkin hüquq — dövlət əmlakından paydır.
7 yanvar 1993-cü il tarixli 445 nömrəli Qanunun 18-ci maddəsinə əsasən, özəlləşdirmə payı Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir.
Deməli, qanunun yaratdığı ilkin hüququn predmeti kağız sənəd və ya çek deyil. Qanun vətəndaşa özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz hissə verilməsini nəzərdə tutmuşdur.
- 1995-ci ildə qanunla təsdiq edilmiş Dövlət Proqramı həmin hüququ yenidən təsdiq etmişdir.
29 sentyabr 1995-ci il tarixli 1120 nömrəli Qanunla təsdiq edilmiş Dövlət Proqramının “Dövlət özəlləşdirmə payı” bölməsinin 2-ci bəndində yenidən müəyyən edilmişdir ki, özəlləşdirmə payı Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir. Beləliklə, əvəzsiz verilən əsas nemət çekin fiziki blankı deyil, özəlləşdirilən dövlət mülkiyyətindən vətəndaşa ayrılmış paydır.
- Çek həmin əmlak payının hüquqi daşıyıcısı və həyata keçirilməsi vasitəsi kimi müəyyən edilmişdir.
Həmin Dövlət Proqramının sonrakı müddəaları dövlət özəlləşdirmə payının təqdim edənə nağd qiymətli kağız formasında olduğunu və dörd çekdən ibarət olduğunu müəyyən etmişdir.
Başqa sözlə:
PAY — qanunla müəyyən edilmiş əmlak xarakterli əsas hüquq və dövlət mülkiyyətindən ayrılan hissədir;
ÇEK — həmin payı təmsil edən, təsdiqləyən və onun özəlləşdirmədə həyata keçirilməsini mümkün edən qiymətli kağızdır.
Bu iki anlayışın bir-birinə qarışdırılması hüquqi nəticəni dəyişdirə bilər.
- Çekin əvəzsiz təqdim edilməsi payın mahiyyətini dəyişdirmir.
Dövlət vətəndaşdan özəlləşdirmə çekinin verilməsi müqabilində onun nominal və ya əmlak ekvivalentini tələb etmirdi. Lakin bu, dövlət əmlakından verilmiş payın dəyərinin çekin fiziki hazırlanması və ya çap edilməsinin maya dəyərinə bərabər olması demək deyildir.
Çekin fiziki blankı yalnız hüququn sənədli daşıyıcısıdır. Onun iqtisadi və hüquqi əhəmiyyəti kağızın öz maddi dəyərindən deyil, təmsil etdiyi və qanunvericiliklə müəyyən edilmiş hüquqlardan irəli gəlirdi.
Bunu Dövlət Proqramının özünün müəyyən etdiyi qayda da təsdiqləyir: özəlləşdirmə payına daxil olan hər çekin nominal dəyəri inflyasiyanın təsirindən qorunan maddi ekvivalent kimi müəyyən edilmiş və özəlləşdiriləcək Azərbaycan Respublikası dövlət əmlakının 1/32.000.000 hissəsinə bağlanmışdır.
- 450 nömrəli Fərman bu hüquqi əlaqəni birbaşa təsdiqləmişdir.
25 mart 1996-cı il tarixli 450 nömrəli Prezident Fərmanı dövlət özəlləşdirmə paylarını (çeklərini) Azərbaycan Respublikasının hər bir vətəndaşına Azərbaycan Respublikasına məxsus dövlət mülkiyyətinin bir hissəsinin əvəzsiz verilməsini təmin edən qiymətli kağız kimi müəyyən etmişdir.
Bu ifadənin hüquqi əhəmiyyəti böyükdür. Fərman demir ki, dövlət vətəndaşa sadəcə dəyərsiz kağız blankını əvəzsiz verir. Əksinə, qiymətli kağızın funksiyasını konkret olaraq dövlət mülkiyyətinin bir hissəsinin vətəndaşa əvəzsiz verilməsini təmin etmək kimi müəyyən edir. Buna görə də qiymətli kağızla onun təmin etdiyi əmlak hüququnu eyniləşdirmək olmaz.
- Hüquqi nəticə
Beləliklə, hüquqi ardıcıllıq aşağıdakı kimidir:
QANUN → dövlət mülkiyyətindən vətəndaşa əvəzsiz verilən PAY → həmin payın qiymətli kağız formasında rəsmiləşdirilməsi → 4 ÇEK → çek vasitəsilə dövlət əmlakının və səhmlərin əldə edilməsi.
Bu səbəbdən çekin fiziki blankının hüquqi taleyi ilə onun təmsil etdiyi qanunla yaradılmış əmlak xarakterli hüququn hüquqi taleyi avtomatik olaraq eyniləşdirilə bilməz. Əgər dövlət sonradan çekin müəyyən funksiyasını, istifadəsini və ya tədavülünü məhdudlaşdırmışdırsa, ayrıca cavablandırılmalı olan əsas hüquqi sual budur:
Qanunla vətəndaşa əvəzsiz verilmiş dövlət əmlakından paya dair əsas hüquq hansı qanun norması ilə, hansı hüquqi prosedurla və hansı kompensasiya və ya başqa hüquqi nəticə ilə xitam olunmuşdur?
TARİXİ-SİYASİ PRİNSİPDƏN QANUNLA TANINMIŞ MÜLKİYYƏT HÜQUQUNA – KİMDİR BU İNSANLAR?
Ulu Öndər Heydər Əliyevin AzTV-dən xalqa verdiyi məsləhətlərə qulaq asan və onun xalqa vədinə inanaraq öz DÖPÇ-ni investorlara ucuz satmaq istəməyən yüzminlərlə vətəndaş Çek İnvestisiya Fondlarının yaradılmasını, yüksək dividend əldə etmək üçün daha gəlirli müəssisələrin (məsələn SOCAR, “Azercell” və s.) özəlləşdirilməsini gözləyirdilər.
Məlumdur ki, çek hərracları həftənin 1-5-ci günləri (iş günləri) keçirilirdi. Ölkədə bu fəaliyyəti göstərən çox azsaylı məntəqə vardı və qarşısında uzun növbələr mövcud idi. Bu şəraitdə dövlət müəssisələrində işləyən – kəndlərdə və şəhərdə yaşayan təhsil və səhiyyə işçiləri, polislər, hərbçilər və s. vətəndaşların özəlləşdirmə çeklərindən birbaşa istifadə etmək imkanı olmadı.
Dövlətçiliyimizə, qanunun aliliyinə, hüquqi dövlət olduğumuza, cənab Prezidentə və deputatlarımıza inanan vətəndaşların hüquqi problemləri ölkə xaricində, Avropada həll olunmamalıdır. Qanunun aliliyi təmin olunmalı və bu hüquqi problem ölkə daxilində narazılıq, qarşıdurma, sosial gərginlik yaratmamalıdır.
Bu səbəbdən hesab edirik ki, məsələnin yalnız formal inzibati cavablarla yekunlaşdırılması hüquqi dövlət prinsipinə uyğun hesab edilə bilməz.
Bu vəziyyət:
— Konstitusiyanın 13-cü maddəsində təsbit olunmuş mülkiyyətin toxunulmazlığı prinsipinə;
— 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququnun dövlət tərəfindən qorunması prinsipinə;
— 60-cı maddəsində nəzərdə tutulmuş hüquqi müdafiə hüququna;
— 71-ci maddəsində müəyyən olunmuş insan və vətəndaş hüquqlarının təmin edilməsi vəzifəsinə;
— 149-cu maddəsində nəzərdə tutulmuş normativ hüquqi aktların hüquqi qüvvə iyerarxiyasına uyğunluq baxımından ciddi hüquqi qiymətləndirmə tələb edir.
Konstitusiyanın 147 və 149-cu maddələrinə görə, Konstitusiya və qanunlar normativ hüquqi aktlar sistemində ən yüksək hüquqi qüvvəyə malikdir və digər normativ aktlar onlara zidd ola bilməz. Gözəl bilirsiniz ki, heç bir Fərman Qanun maddəsini məhdudlaşdıra və ya ləğv edə bilməz.
Ən əsası Konstitusiyanın 94-cü maddəsi və Mülki Məcəllənin 153.3-cü maddəsi ilə qoyulmuş qaydaya əsasən, mülkiyyət hüququnun əldə olunması, məhdudlaşdırılması və xitamı yalnız qanunla müəyyən edilə bilər.
Lakin 75 nömrəli fərmanın tətbiqi nəticəsində özəlləşdirmə çeklərinin hüquqi statusu və istifadəsi ilə bağlı Konstitusiya və qüvvədə olan qanunvericilik baxımından hüquqi qeyri-müəyyənlik yaranmışdır. Bu yanaşmanın qüvvədə olan qanunvericiliyin məqsəd və mahiyyəti ilə uyğunluğu ciddi hüquqi qiymətləndirmə tələb edir.
Bu vəziyyətin Konstitusiyanın mülkiyyət hüququ, hüquqi müəyyənlik və qanunun aliliyi prinsipləri baxımından ciddi hüquqi mübahisə doğurduğunu hesab edirik. Mülkiyyət hüququ həm Azərbaycan Respublikası Konstitusiyası, həm də Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə qorunur və dövlətin yaratdığı qanuni gözləntilər əsassız olaraq aradan qaldırıla bilməz. Beynəlxalq hüquqda qəbul olunmuş prinsip belədir: qiymətli kağızın ticarət funksiyası ilə onun ödəniş funksiyası bir-birindən müstəqildir.
Diqqət edin! “European Court of Human Rights” praktikası; “European Convention on Human Rights Protocol” No. 1 1-ci maddəsi; “legitimate expectation” (qanuni gözlənti) prinsipi; dövlətin yaratdığı əmlak xarakterli hüquqların sonradan əsassız məhdudlaşdırılmasının beynəlxalq standartlara uyğunluğu Konstitusiyanın tələbidir.
Bu səbəbdən çek sahiblərinin onları ödəniş vasitəsi kimi istifadə etmək hüququ qorunmalıdır. Bu, o deməkdir ki:
- çeklər dövlət müəssisələrinin əldə edilməsi üçün təqdim edilə bilirdi
- çek sahibi qanunla dövlət əmlakının əldə edilməsində iştirak etmək hüququna malik idi.
Bu hüquq bazar tədavülündən müstəqildir.
AR Prezidentinin 10 avqust 2000-ci il 383 nömrəli Fərmanla imzaladığı “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin Dövlət Proqramı” ilə Özəlləşdirmə Çeklərinin Tədavül müddətinin başa çatması yalnız aşağıdakı nəticələri doğurur:
- yeni investorların çek əldə etməsi mümkün olmur
- bazarda alğı-satqı əməliyyatları dayandırılır.
Lakin bu, qiymətli kağızın hüquqi mövcudluğunun və onun təmsil etdiyi hüquqların ləğvi demək deyil.
Qanunla Özəlləşdirmə Çekləri ilə 65%-i Xalqa məxsus Dövlət əmlaklarının ancaq pulla özəlləşdirilməsinin qanunvericiliyə uyğunluğu və vəzifəli şəxslərin məsuliyyəti ayrıca hüquqi qiymətləndirmə tələb edir.
XÜSUSİ MƏLUMAT: Hesab edirik ki, özəlləşdirmə çekləri ilə bağlı sonrakı hüquqi və inzibati yanaşmalar nəticəsində qanunun mahiyyəti tam şəkildə təmin olunmamış, nəticədə normativ aktlar arasında hüquqi qeyri-müəyyənlik yaranmışdır.
BİRİNCİ, güman edirik ki, məsələnin Konstitusiya və qanunvericilik baxımından bütün nəticələri dövlət rəhbərliyinə obyektiv və dolğun şəkildə təqdim edilsəydi, bu qədər uzunmüddətli hüquqi mübahisə formalaşmazdı. Biz inanırıq ki, bu məsələdə Cənab Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin siyasətini pozmaq fikri olmayıb.
Əsas səbəb Ulu Öndər rəhmətə gedəndən 6 ay sonra, 2004-cü ildə 75 nömrəli fərmanı hazırlayan məmurların məsuliyyətsizliyidir. Heç bir Qanunda çeklərin hüquqi qüvvəsinin tam itirilməsi yazılmayıb. Bu, o deməkdir ki, özəlləşdirmə prosesində ciddi hüquq pozuntusu var.
TƏCİLİ BÜTÜN BU FAKTLAR VƏ ARQUMENTLƏR CƏNAB PREZİDENTƏ TAM VƏ DÜZGÜN CATDIRILMALIDIR.
İKİNCİ, özəlləşdirmə çekləri vətəndaşlara dövlət əmlakının özəlləşdirilməsində iştirak etmək üçün verilmişdir. Əgər bu hüquq tam şəkildə həyata keçirilməyibsə, dövlət orqanları və qanunverici hakimiyyət bu hüququn ədalətli həlli üçün mexanizm yaratmalıdır.
ÜÇÜNCÜ, bu məsələ uzun müddətdir həll edilmədiyindən, artıq yalnız inzibati məsələ kimi deyil, həm də qanunvericilik səviyyəsində qiymətləndirilməli olan problem kimi meydana çıxmışdır. Vətəndaşlarda dövlət tərəfindən verilmiş özəlləşdirmə paylarının gələcəkdə qanunla nəzərdə tutulmuş qaydada istifadə ediləcəyi ilə bağlı legitim gözlənti formalaşmışdır. Bu gözləntinin uzun müddət qeyri-müəyyən vəziyyətdə saxlanılması hüquqi müəyyənlik prinsipinə uyğun hesab edilə bilməz.
DÖRDÜNCÜ, vətəndaşların bir hissəsinin vaxtilə özəlləşdirmə prosesində iştirak edə bilməməsi, bir hissəsinin isə çekləri indiyədək saxlaması obyektiv hüquqi və sosial nəticələr doğurmuşdur. Bu şəxslərin hüquqları tamamilə nəzərə alınmadan məsələnin bağlanmış hesab edilməsi ədalətli yanaşma sayıla bilməz.
BEŞİNCİ, bu məsələ cəmiyyətdə dövlətə inam, qanunun aliliyinə hörmət və sosial ədalət baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət tərəfindən verilmiş hüququn hüquqi taleyi aydın, əsaslandırılmış və ədalətli şəkildə həll olunmalıdır.
ÖZƏLLƏŞDİRMƏ PAYLARI (ÇEKLƏRİ) MƏSƏLƏSİNİN ƏDALƏTLİ HƏLLİNİN AZƏRBAYCAN RESPUBLİKASININ İQTİSADİYYATINA, DÖVLƏTÇİLİYİNƏ VƏ XALQIN RİFAHINA VERƏCƏYİ STRATEJİ FAYDALAR
Hörmətli Sədr və deputatlar!
Özəlləşdirmə payları (çekləri) məsələsi təkcə keçmişdən qalmış hüquqi mübahisə deyil. Bu məsələ Azərbaycan dövlətinin qanunlarına sədaqətinin, Konstitusiyanın aliliyinin, tarixi ədalətin və xalqla dövlət arasında etimadın mühüm sınağıdır.
İqtisadçı alimlərin elmi araşdırmalarından məlum olur ki, əgər dövlət özəlləşdirmə paylarının qanunvericiliklə müəyyən edilmiş hüquqi statusunu və onların real maddi dəyərini bərpa edərsə, bunun nəticələri yalnız həmin payların sahibləri üçün deyil, bütövlükdə Azərbaycan Respublikasının iqtisadiyyatı və dövlətçiliyi üçün mühüm və uzunmüddətli müsbət təsirlər yaradacaqdır.
- Azərbaycan Respublikasının İqtisadiyyatına Strateji Faydaları
Maliyyə bazarlarının canlanması və iqtisadiyyatın diversifikasiyası baxımından bu addım mühüm katalizator rolunu oynaya bilər:
Qiymətli Kağızlar Bazarının (Fond Birjasının) Canlanması: Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün güclü kapital bazarına ehtiyac var. Milyonlarla çekin səhmlərə çevrilməsi və ya birbaşa birja vasitəsilə ticarətə cəlb olunması, Bakı Fond Birjasında aktivliyi və likvidliyi kəskin şəkildə artıra bilər. Bu, ölkədə “ölü” vəziyyətdə olan qiymətli kağızlar bazarını canlandırar.
İnvestisiya Aktivliyinin və Daxili Kapitalın Səfərbər Edilməsi: Əhalinin əlindəki çeklərin aktiv iqtisadi dövriyyəyə daxil edilməsi daxili investisiyalar üçün yeni bir maliyyə mənbəyi yaradır. Vətəndaşlar sadəcə passiv müşahidəçi deyil, yerli sənaye və xidmət müəssisələrinə investisiya qoyan aktiv investorlara çevrilirlər.
Özəlləşdirmə Prosesinə İnkişaf Təkanı: Hazırda dövlət əmlakının özəlləşdirilməsi prosesi çox vaxt dar bir investor qrupu ilə məhdudlaşır. Çeklərin dövriyyəyə qayıtması iri dövlət şirkətlərinin (məsələn, rabitə, nəqliyyat və kommunal sektorlar) xalqa açıq şəkildə özəlləşdirilməsinə (Xalq IPO-su) imkan verər və şəffaflığı təmin edər.
İqtisadi Şəffaflıq və Kölgə İqtisadiyyatının Azaldılması: Çeklərin rəsmi depozitarlar və birja vasitəsilə dövriyyəsi mülkiyyət münasibətlərinin rəsmiləşməsini tezləşdirir, bu isə iqtisadiyyatda şəffaflığın artmasına və korporativ idarəetmə standartlarının formalaşmasına kömək edir.
- Azərbaycan Dövlətçiliyinə və Hüquq Sisteminə Strateji Faydaları
Məsələnin hüquqi və siyasi müstəvidə ədalətli həlli dövlət-vətəndaş münasibətlərində yeni bir mərhələ aça bilər.
Mülkiyyət Hüququnun Toxunulmazlığı və Hüquqi Dövlət Prinsipləri: Azərbaycan Respublikasının Konstitusiyasında mülkiyyət hüququ fundamental hüquq tərəfindən qorunur.
Dövlət tərəfindən vaxtilə qanunla verilmiş payların hüquqi statusunun vətəndaşların xeyrinə tanınması, ölkədə mülkiyyət toxunulmazlığına olan inamı maksimum dərəcədə artırar. Bu, beynəlxalq reytinqlərdə Azərbaycanın “Hüquqi Dövlət” indeksini yüksəldər.
Dövlət-Vətəndaş Güvəninin və Sosial Müqavilənin Güclənməsi: Bu tarixi məsələnin kompromis və ədalətlə həll edilməsi, xalqın dövlət təsisatlarına və qəbul edilən qərarlara olan etimadını strateji səviyyədə möhkəmləndirir. Vətəndaş özünü dövlətin yaratdığı milli sərvətin real şəriki və sahibi kimi hiss edir.
Xarici İnvestorlar Üçün Müsbət Siqnal: Beynəlxalq investorlar investisiya qoyacaqları ölkədə daxili mülkiyyət mübahisələrinin necə həll olunduğuna xüsusi diqqət yetirirlər. Çek sahiblərinin hüquqlarının ədalətli qorunması xarici kapitala ölkədəki mülkiyyət hüquqlarının etibarlılığı barədə çox güclü və müsbət bir mesaj ötürər.
- Xalqın Rifahına və Sosial Ədalətə Strateji Faydaları
Sosial-iqtisadi baxımdan bu addım birbaşa vətəndaşın büdcəsinə və sosial təhlükəsizliyinə təsir edir.
Tarixi Sosial Ədalətin Bərpası: Özəlləşdirmə çekləri vaxtilə sovet dövründə və müstəqilliyin ilk illərində milli sərvətin yaradılmasında əməyi olmuş hər bir vətəndaşın payıdır. Bu payların dəyərləndirilməsi keçmiş əməyin və sosial ədalətin rəsmən tanınması deməkdir.
Əhalinin Maddi Rifahının Yüksəlməsi və İnflyasiya Qarşısında Müdafiə: Çeklərin müqabilində vətəndaşlara dividend gətirən səhmlərin verilməsi və ya kompensasiya ödənilməsi əhalinin (xüsusilə də orta və az təminatlı təbəqənin, təqaüdçülərin) gəlirlərini artırar. Bu, ailə büdcələrinə əlavə maliyyə dəstəyi təmin edər.
Sosial Təbəqələşmənin Azaldılması və “Orta Sinfi”n Formalaşması: Kapitalın yalnız dar bir oliqarxik və ya korporativ qrupda cəmləşməsinin qarşısını alaraq, sərvətin cəmiyyət arasında daha bərabər və ədalətli paylanmasına şərait yaradır. Bu isə iqtisadiyyatın dayağı sayılan “orta təbəqə”nin (həm mülkiyyəti, həm də gəliri olan vətəndaş qrupunun) böyüməsinə birbaşa xidmət edir.
Milli Həmrəyliyin Güclənməsi: Vətəndaşların uzun illərdir gözlədiyi bu problemin müsbət həlli cəmiyyətdə ümumi bir psixoloji rahatlıq, nikbinlik və daxili sabitlik (milli həmrəylik) ab-havası yaradır.
Yekun
Özəlləşdirmə çekləri məsələsi sadəcə keçmişdən qalan hüquqi-texniki bir detal deyil, Azərbaycanın gələcək iqtisadi modelinin və sosial ədalət fəlsəfəsinin mühüm bir sınağıdır. Bu məsələnin vətəndaş məmnuniyyəti və dövlət maraqları çərçivəsində ədalətli həlli ölkə iqtisadiyyatına milyardlarla manatlıq daxili kapital axını yarada, dövlət-vətəndaş birliyini sarsılmaz edə və xalqın rifah halını keyfiyyətcə yeni mərhələyə daşıya bilər.
İqtisadçı alimlərlə yanaşı – Konstitusiya Hüququ, Mülkiyyət Hüququ və Qiymətli Kağızlar üzrə Ali və Konstitusiya məhkəmələrinin, Ali Attestasiya Komissiyasının ekspertləri olan hüquqşünas alimlərin elmi-praktik araşdırmalarında qeyd olunur ki, gələcəkdə özəlləşdirilməsi planlaşdırılan investisiya holdinqlərində olan onlarla orta və iri müəssisələr, hətta ali və orta ixtisas təhsil müəssisələri, xəstəxana və poliklinikalar, müqavilələr əsasında xarici və yerli şirkətlərdə icarədə olan, kimlərəsə idarəçiliyə verilmiş mədən və sənaye müəssisələri, “Beynəlxalq Bank”, “Azercell”, MKİS-lər və s. nəzərə alınsa, ümumi dəyər 100 milyard ABŞ dolları qədər hesablana bilər.
Dövlət özəlləşdirmə çeklərinin nominal dəyərinin qanunvericiliklə birbaşa müəyyən edilməsinin vacibliyi” (“Qanun” jurnalı, 08 (334) / 2022) 57–65-ci səhifələrdə)
Müəlliflər: Yolçiyev Mübariz Xalid oğlu, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru, Vəkillər Kollegiyasının üzvü;
Əliyev Sübhan Fərmayıl oğlu, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə elmlər doktoru, Konstitusiya Məhkəməsinin eksperti, Vəkillər Kollegiyasının üzvü;
Rəyçi: h.ü.f.d., dos. S.S.Süleymanlı;
Təqdim edən: h.ü.e.d., prof. B.S.Zahidov.
NƏTİCƏLƏR
- Tarixi ədalət və dövlətin verdiyi vədin yerinə yetirilməsi
Azərbaycan Respublikasının qanunları ilə hər bir vətəndaşa dövlət əmlakında pay verilmiş və bu pay özəlləşdirmə çekləri vasitəsilə rəsmiləşdirilmişdir. Bu hüququn bərpası dövlətin öz xalqına verdiyi vədin yerinə yetirilməsi, tarixi ədalətin təmin olunması və dövlət-vətəndaş münasibətlərində etimadın möhkəmləndirilməsi deməkdir. Dövlətin ən böyük gücü yalnız iqtisadi göstəricilərində deyil, həm də öz qanunlarına və verdiyi öhdəliklərə sadiqliyindədir.
- Konstitusiyanın və qanunun aliliyinin real təmin olunması
Özəlləşdirmə paylarının hüquqlarının bərpası Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş mülkiyyət hüququnun, hüquqi dövlət prinsipinin və qanunun aliliyinin real həyata keçirilməsi olacaqdır. Bu qərar göstərər ki, Azərbaycan Respublikasında qanunla verilmiş hüquq zaman keçdiyinə görə itmir və heç bir inzibati praktika ilə aradan qaldırıla bilməz. Bu, təkcə özəlləşdirmə payları üçün deyil, bütün mülkiyyət hüquqları üçün mühüm presedent olacaqdır.
- Əhalinin alıcılıq qabiliyyətinin və daxili bazarın güclənməsi
Özəlləşdirmə paylarının real dəyərinin tanınması minlərlə ailənin iqtisadi vəziyyətinin yaxşılaşmasına səbəb ola bilər. Əgər vətəndaşlar öz paylarını satmaq və ya istifadə etmək imkanı əldə etsələr, əldə olunan vəsait mənzil şəraitinin yaxşılaşdırılmasına; məişət texnikasının alınmasına təhsil və səhiyyə xərclərinə, kiçik və orta sahibkarlığa, kənd təsərrüfatına və digər sahələrə yönələcəkdir.
(BİLİRSİZMİ Kİ, HƏR İL NEÇƏ TƏLƏBƏ TƏHSİL PULUNU ÖDƏYƏ BİLMƏDİYİ ÜÇÜN UNİVERSİTETLƏRDƏN QOVULUR? PULLU BAĞÇA və MƏKTƏBLƏRƏ KİMLƏRİN UŞAQLARI GEDİR?)
Bütün bunlar ölkədə daxili tələbatı artıracaq, iqtisadi dövriyyəni genişləndirəcək və yeni iqtisadi aktivlik yaradacaqdır.
- Dövlət büdcəsinin əlavə gəlirlər əldə etməsi
Vətəndaşların əldə etdiyi vəsaitin iqtisadi dövriyyəyə daxil olması nəticəsində:
əlavə dəyər vergisi; gəlir vergisi; mənfəət vergisi; sosial ödənişlər; müxtəlif dövlət rüsumları şəklində dövlət büdcəsinə əhəmiyyətli həcmdə vəsait daxil ola bilər.
Beləliklə, özəlləşdirmə paylarının ədalətli həlli dövlət üçün yalnız sosial məsələ deyil, həm də büdcə gəlirlərini artıran iqtisadi mexanizmə çevrilə bilər.
- İnvestorların marağının artması və investisiya imkanlarının genişlənməsi
Əgər özəlləşdirmə payları yenidən iqtisadi dövriyyəyə qaytarılarsa, investorlar onları əldə etməyə maraq göstərəcəklər.
Bu isə:
özəlləşdirmə prosesinə əlavə investisiyaların cəlb olunmasına; müəssisələrin modernləşdirilməsinə; yeni iş yerlərinin açılmasına; istehsalın genişlənməsinə; regionların iqtisadi inkişafına mühüm təkan verə bilər.
Beləliklə, özəlləşdirmə payları iqtisadi inkişafın qarşısında maneə deyil, əksinə, onun mühüm hərəkətverici qüvvəsinə çevrilə bilər.
- Dövlətə və hüquq sisteminə inamın güclənməsi
Xalq dövlətə ən çox o zaman inanır ki, dövlət öz qanunlarına özü hörmət edir. Əgər onilliklər əvvəl qanunla verilmiş mülkiyyət hüququ bərpa olunarsa, bu, milyonlarla insan üçün belə bir mesaj olacaqdır: “Dövlət öz qanunlarına sadiqdir.”
Bu isə cəmiyyətin hüquq sisteminə və dövlət institutlarına inamını əhəmiyyətli dərəcədə artıracaqdır.
Nəticə
Özəlləşdirmə payları məsələsinin ədalətli və qanuni həlli:
tarixi ədaləti bərpa edəcək; Konstitusiyanın və qanunun aliliyini möhkəmləndirəcək;
dövlət-vətəndaş etimadını gücləndirəcək; daxili bazarı canlandıracaq; investisiyaları artıracaq; dövlət büdcəsinə əlavə gəlirlər gətirəcək; iqtisadi inkişafı sürətləndirəcək.
Buna görə də özəlləşdirmə payları məsələsinin həlli yalnız keçmişin problemi deyil.
Bu, Azərbaycan Respublikasının hüquqi dövlət kimi nüfuzunun, iqtisadi inkişafının və xalqın rifahının gələcəyi ilə bağlı strateji qərardır.
Ədalətli qərar təkcə bugünkü vətəndaşların deyil, gələcək nəsillərin də dövlətə inamını gücləndirəcək və Azərbaycan tarixində hüququn, ədalətin və dövlət məsuliyyətinin təntənəsi kimi qalacaqdır.
İQTİSADİ TƏHLÜKƏSİZLİK və inflyasiya riskinin aşağı olması
İqtisadiyyatın əsas qanunlarından biri ondan ibarətdir ki, iqtisadi aktivliyin artması üçün dövriyyədə olan maliyyə resursları və maliyyə alətlərinin həcmi kifayət qədər olmalıdır. Dövriyyəyə yeni maliyyə alətlərinin daxil olması istehlakı, investisiyanı və sahibkarlıq fəaliyyətini genişləndirərək iqtisadi artıma təkan verir.
Özəlləşdirmə paylarının (çeklərin) iqtisadi dövriyyəyə qaytarılması ölkə daxilində müxtəlif səbəblərdən istehsal və investisiyaya yönəlməyən passiv maliyyə vəsaitlərinin iqtisadiyyata cəlb olunmasına şərait yarada bilər. Çekləri əldə etmək istəyən investorlar öz vəsaitlərini aktiv şəkildə dövriyyəyə daxil edəcək, bu isə investisiya və iqtisadi fəallığı artıracaqdır.
Özəlləşdirmə paylarının real dəyərinin tanınması dövlət tərəfindən əlavə kağız pul emissiyası demək deyildir. Çünki özəlləşdirmə payları artıq mövcud olan və qanunvericiliklə tanınmış qiymətli kağızlardır. Onların iqtisadi dövriyyəyə qaytarılması əsasən mövcud dövlət aktivlərinin və mövcud maliyyə resurslarının yenidən bölgüsünü təmin edir. Buna görə də bu mexanizm birbaşa pul emissiyası ilə müqayisədə inflyasiya baxımından xeyli aşağı risk daşıyır.
Beləliklə, özəlləşdirmə paylarının iqtisadi dövriyyəyə qaytarılması yeni pul çap etmək deyil, uzun illər passiv vəziyyətdə qalmış qanuni iqtisadi aktivləri yenidən işlək vəziyyətə gətirməkdir. Bu zaman dövlət əlavə pul emissiyası etmir, əksinə, mövcud aktivlərin və özəl kapitalın iqtisadiyyata cəlb olunmasına şərait yaradır. Nəticədə investisiya, istehlak və iqtisadi fəallıq artır, inflyasiya riski isə ənənəvi pul emissiyası ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağı olur.
Milli Məclisdən xahişimiz
Yuxarıda göstərilənləri nəzərə alaraq, sizlərdən xahiş edirik:
- Özəlləşdirmə payları və özəlləşdirmə çekləri ilə bağlı yaranmış vəziyyətin Milli Məclis səviyyəsində araşdırılmasına, Milli Məclisin aidiyyəti komitələrində ictimai və hüquqi müzakirəyə çıxarılmasına təşəbbüs göstərəsiniz.
- Bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsi və aidiyyəti dövlət orqanlarından rəsmi məlumatların alınmasına və vəziyyətin hüquqi qiymətləndirilməsinə kömək edəsiniz.
- Özəlləşdirmə çekləri əlində qalmış vətəndaşların hüquqlarının tanınması, bərpası və ya kompensasiya mexanizminin yaradılması məsələsinin qanunvericilik səviyyəsində müzakirəyə çıxarılmasına yardım göstərəsiniz.
XÜSUSİ QEYD: Qanun qarşısında hamının bərabərhüquqlu olmasına baxmayaraq, bu manipulyasiyalar ilə ayrı-seçkilik meydana gətirilmişdir. Məsələn, 2010-cu ildə “Siyəzən Broyler”in özəlləşdirilməsində əmək kollektivinin 1 Dövlət Özəlləşdirmə Payı (DÖP – 4 çek) üçün 100 manat dəyərində səhm verildiyi halda – investor üçün bir Dövlət Özəlləşdirmə Payı (4 çek) 1400 manat olaraq hesablanmışdır. Belə ki, 14 milyon 337 minlik dövlət əmlak üçün investor ödəmə vasitəsi kimi 10 000 Özəlləşdirmə Payı verilmişdir.
Özəlləşdirmə Payının əmlak dəyəri məbləği bir kollektiv üzvü üçün 65 000 ABŞ dolları hesabladıqları hallar olub (həmin dövrdə 1 ABŞ dolları 0,78 manat idi). Məsələn: 3 iyun 2008-ci il Bakı şəhər, Binəqədi, Azadlıq pr. 187, İXMİM-nin Əmlak kompleksi 1 DÖP (4 çek)-yı 60 488 manat, 19 avqust 2008-ci il Suraxanı r-n, Əmircan qəs., Balandın küç. İXMİM-nin “Atəşgah” fabrik-mətbəxi 1 DÖP (4 çek) 60 760 manat, 3 mart 2009-cu il Bakı şəhəri, Qaradağ r-nu, Puta qəsəbəsi Əmək kompleksi 1 DÖP-yı 41 858 manat, 30 iyun 2009-cu il Bakı şəhəri, Yasamal r-n “Sevinc” kafesi 1 DÖP-na 29 100 manat,10 noyabr 2009-cu il Bakı şəhəri, Əzizbəyov r-n, Şüvalan qəs., Təsərrüfat hesablı 1 nömrəli Univermaq 1 DÖP (4 çek)-na 27 764 manat dəyərində səhm.
Bildiyiniz kimi hüquq ədalətə əsaslanır, hüquqları müəyyənləşdirən və qoruyan isə Konstitusiya və Qanunlardır. Dövlət Qanunla əvəzsiz olaraq Dövlət Özəlləşdirmə Pay(çek)larını verən zaman – Qanunda hər bir vətəndaşın Dövlət Özəlləşdirmə Pay(çek)larının dəyərinin eyni olduğu və inflyasiyadan qorunan maddi dəyər olduğu açıq yazılıb.
Milli Məclis əvvəlki özəlləşdirmə prosesində baş verən pozuntuları nəzərə alaraq, neqativ halların təkrarlanmaması üçün Yeni Dövlət Komissiyası yaradılması və artıq 30 il keçdiyi üçün qanunla Özəlləşdirmə Çekinin hamı üçün (bərabərlik hüququ) eyni olan, inflyasiyadan qorunan əmlak (maddi) ekvivalenti dəyərində nominal qiymətinin hesablanaraq Elan edilməsi üçün müzakirələrə başlasın.
- Milli Məclisin müvafiq komitələrində bizim nümayəndələrimizin iştirakı ilə bu məsələ üzrə dinləmə və ya müzakirə keçirilməsi imkanını nəzərdən keçirəsiniz.
- Dövlət tərəfindən vaxtilə verilmiş özəlləşdirmə paylarının hüquqi taleyinin aydınlaşdırılması və vətəndaşların pozulmuş hüquqlarının bərpası üçün qanunvericilik təşəbbüsü məsələsinin araşdırılmasına dəstək verəsiniz.
- Bu məsələnin yalnız keçmiş dövrün iqtisadi problemi kimi deyil, hazırda da davam edən hüquq pozuntusu və sosial ədalət problemi kimi qiymətləndirilməsini təmin edəsiniz.
Hörmətli Sahibə xanım və deputatlar!
Biz bu müraciəti qarşıdurma yaratmaq üçün deyil, qanuni və sivil qaydada hüquqlarımızın tanınması üçün edirik. Biz inanırıq ki, Azərbaycan Respublikasının Milli Məclisi xalqın ali nümayəndəli orqanı kimi, vətəndaşların bu müraciətinə diqqətlə yanaşacaqdır.
Milli Məclis tərəfindən araşdırması vacib olan əsas konstitusion suallar:
- Qüvvədə olan qanunun birbaşa müəyyən etdiyi hüquqi normanı Prezident fərmanı məhdudlaşdıra və ya faktiki olaraq tətbiqdən çıxara bilərmi?
- Qanunla verilmiş əmlak hüququ qanun dəyişdirilmədən inzibati qərarlar və praktikalarla dayandırıla bilərmi?
- İstifadə olunmamış çeklərin qanunda nəzərdə tutulmuş qaydada dövriyyədən çıxarılması baş vermədən onların hüquqi və iqtisadi dəyərinin faktiki sıfırlanması mülkiyyət hüququ ilə uzlaşırmı?
- Əgər Qanun qüvvədədirsə və özəlləşdirmə prosesi tam başa çatmamışdırsa, qanunla nəzərdə tutulmuş ödəmə vasitəsinin yalnız Prezident Fərmanı ilə istifadəsinin dayandırılması normativ aktların iyerarxiyası prinsipinə uyğun hesab edilə bilərmi?
- Konstitusiyaya əsaslanan (qanunun aliliyi, normativ aktların iyerarxiyası və mülkiyyət hüququnun yalnız qanunla məhdudlaşdırılması) və Qanunda açıq şəkildə nəzərdə tutulmayan bir məhdudiyyət (ödəmə vasitəsi kimi istifadənin vaxtla məhdudlaşdırılması) Prezident fərmanı və ya qanundan aşağı normativ aktla tətbiq edilə bilərdimi?
Təəssüf ki, bu əsas hüquqi suala indiyədək heç bir dövlət qurumu tərəfindən hüquqi əsaslandırılmış cavab verilməmişdir.
Xüsusilə vurğulamaq istəyirik ki, söhbət yalnız maddi maraqdan getmir. Burada əsas məsələ dövlət tərəfindən verilmiş hüququn hüquqi taleyi, qanuna inam, vətəndaş-dövlət münasibətlərində ədalət, tarixi ədalət və hüquqi müəyyənlik prinsipidir.
Bu səbəbdən müraciətimiz Milli Məclisin aidiyyəti komitələrində ictimai və hüquqi müzakirəyə çıxarılsın və Milli Məclisin səlahiyyətləri çərçivəsində araşdırılsın, Qanun və Fərman arasında yaranmış ziddiyətin araşdırılması üçün Milli Məclis adından Konstitusiya Məhkəməsinə göndərilsin və problemin qanunvericilik yolu ilə ədalətli həlli üçün müvafiq addımlar atılsın.
KONKRET MÖVQE
- Milli Məclisin Konstitusiya Məhkəməsinə müraciəti
Konstitusiya Məhkəməsinin Palatası tərəfindən işə mahiyyəti üzrə baxılmadığından və qanunla fərman arasındakı ziddiyyət araşdırılmadığından, Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin təmin edilməsi məqsədilə Milli Məclisin öz səlahiyyətlərindən istifadə edərək, məsələnin Konstitusiya Məhkəməsi qarşısında qaldırılmasını xahiş edirik.
ƏSAS MƏQAM
Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2004-cü il tarixli 75 saylı Fərmanının 1.1-ci bəndində müəyyən edilmiş — “dövriyyədə olan dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyə vasitəsi kimi istifadə müddəti 2011-ci il yanvar ayının 1-dəkdir” — müddəanın Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 71, 94, 109, 147 və 149-cu maddələrinə, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” 16 may 2000-ci il tarixli 878-IQ nömrəli Azərbaycan Respublikası Qanununun 1.0.1-ci və 10-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.3-cü və 1078- 4.1-ci maddələrinə, habelə 26 noyabr 1999-cu il tarixli 761-IQ nömrəli “Normativ hüquqi aktlar haqqında” Qanunun 4, 5, 21 və 29.2-ci maddələrinə uyğunluğunun konstitusion qaydada yoxlanılması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu göndərilməsini xahiş edirik.
- Parlament dinləməsi
Milli Məclisin İqtisadi siyasət, Hüquq siyasəti və İnsan hüquqları komitələrinin birgə açıq parlament dinləməsi keçirilsin.
Bu dinləmədə:
Özəlləşdirmə Çeki sahibləri olan işçi qrup və ağsaqalları
hüquqşünas alimlər;
İqtisadiyyat Nazirliyi;
Konstitusiya hüququ üzrə mütəxəssislər iştirak etsinlər.
- Rəsmi dövlət hesabatı tələb olunsun
Milli Məclis hökumətdən aşağıdakı məlumatları tələb etsin:
neçə özəlləşdirmə çeki istifadə olunub;
neçə çeki vətəndaşların əlində qalıb;
2011-ci ildən sonra hansı dövlət əmlakı özəlləşdirilib;
həmin özəlləşdirmələrdə çeklərin niyə qəbul edilmədiyi hüquqi əsaslarla izah edilsin.
- Qanunvericilik təşəbbüsü
Əgər çeklərin istifadəsinin əvvəlki qaydada bərpası mümkün hesab edilməzsə, Milli Məclis aşağıdakılardan biri barədə qanun layihəsi hazırlasın:
çeklərin ödəmə vasitəsi kimi tanınması;
çeklərin inflyasiyadan qorunan maddi ekvivalentinin hesablanması;
vətəndaşlara kompensasiya və ya digər əmlak hüququnun verilməsi.
NƏTİCƏ VƏ TƏLƏB
Sizdən xahiş edirik ki, Azərbaycan Respublikasının qanunverici orqanı kimi müraciətdə qaldırılmış hər bir hüquqi məsələyə ümumi və formal xarakterli deyil, mahiyyəti üzrə, əsaslandırılmış və konkret cavab verəsiniz.
Həmçinin, Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında” Qanununun tələblərinə uyğun olaraq, müraciətimizə qanunla müəyyən edilmiş müddətdə baxılmasını, müraciətdə irəli sürülmüş bütün sual və tələblərin hər biri üzrə hüquqi əsaslar göstərilməklə rəsmi yazılı cavab təqdim edilməsini xahiş edirik.
Əgər müraciətdə qaldırılmış hər hansı məsələnin Milli Məclisin səlahiyyətlərinə aid olmadığı hesab edilərsə, həmin mövqe də müvafiq hüquqi əsaslar göstərilməklə əsaslandırılmalı və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülməlidir.
Ümid edirik ki, Azərbaycan Respublikasının qanunverici orqanı olaraq Milli Məclis qanunun aliliyinə, hüquqi müəyyənlik prinsipinə və vətəndaşların müraciət hüququna hörmətlə yanaşacaq, müraciətimizə qanunvericiliyin tələblərinə tam uyğun, hərtərəfli, əsaslandırılmış və vaxtında rəsmi cavab verəcəkdir.
Əvvəlcədən təşəkkür edirik və səbirsizliklə cavab gözləyirik. İnanırıq ki, tezliklə Sizin və qeyrətli deputatlarımızın köməyi ilə – Ulu Öndər Heydər Əliyevin xalqa vədinin, həmçinin Konstitusiya və qanunların pozulması ilə fonunda, 16 ildir davam edən Xalqın bu problemi öz həllini tapacaq.
Hörmətlə, Özəlləşdirmə Çekləri Qrupu”.
Müəllif: Aydın Gəray























