Oktyabrın 30-da Göyçay rayonunda “Keyfiyyət üzrə fəaliyyət planı”nın icrası ilə bağlı görüş keçirilib.
Xeberaz.info xəbər verir ki, görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini Cavad Cavadov, Göyçay Rayon Təhsil Sektorunun müdiri Dilarə Qasımova, idarənin əməkdaşları, eləcə də təhsil müəssisələrinin direktorları və direktor müavinləri iştirak ediblər.
Görüş zamanı Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini Cavad Cavadov “Keyfiyyət üzrə fəaliyyət planı” çərçivəsində görülən işlərin təhlilinə əsaslanan hesabat xarakterli təqdimatla çıxış edib. O, əldə olunan nəticələr və qarşıya çıxan problemlər barədə məlumat verərək ümumi təhsil müəssisələrində təlim keyfiyyətinin yüksəldilməsinin əsas prioritetlərdən biri olduğunu vurğulayıb.
Təqdimat çərçivəsində IV və VI siniflər üzrə monitorinqlərin nəticələri, IX və XI siniflər üzrə buraxılış imtahanlarının göstəriciləri, məktəblərin özünüqiymətləndirməsi, dərsdinləmələrin təşkili, məktəb kateqoriyalarının inkişaf dinamikası, məktəbdaxili qiymətləndirmənin obyektivliyi, zəif nəticə göstərən şagirdlərlə işin təşkili və müəllimlər arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Sonda müəssisə rəhbərlərini maraqlandıran suallar cavablandırılıb, mövcud problemlərin həlli yolları ilə bağlı fikir mübadiləsi aparılıb.


























