image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-1

Ağdamın yenidən qurulmasında nəqliyyat infrastrukturunun inkişafı da mühüm yer tutur

image-legitimaz-810x90

Ağdamın yenidən qurulmasında nəqliyyat infrastrukturunun inkişafı da mühüm yer tutur

Ağdamın bərpasında əsas məsələlərdən biri də rayonun iqtisadi potensialının yenidən canlandırılmasıdır. İşğaldan əvvəl Ağdam kənd təsərrüfatı, sənaye, ticarət və digər iqtisadi sahələr üzrə mühüm imkanlara malik idi. Rayonun münbit torpaqları, kənd təsərrüfatı ənənələri, əməksevər əhalisi və əlverişli coğrafi mövqeyi onun inkişafı üçün geniş imkanlar yaradırdı. Hazırda həyata keçirilən layihələr də məhz bu potensialın yenidən üzə çıxarılmasına və daha müasir əsaslarla inkişaf etdirilməsinə yönəlib.

Bu baxımdan Ağdam Sənaye Parkının yaradılması xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin 2021-ci il mayın 28-də imzaladığı Fərmanla yaradılan sənaye parkı 190 hektar ərazini əhatə edir. Parkın əsas məqsədi Qarabağda sənaye potensialını inkişaf etdirmək, yerli istehsalı genişləndirmək, sahibkarlığa dəstək vermək, yeni iş yerləri yaratmaq və regionun iqtisadi imkanlarından səmərəli istifadə etməkdir.

Sənaye Parkında müxtəlif istiqamətlər üzrə istehsal müəssisələrinin yaradılması Ağdamın gələcək iqtisadi inkişafına mühüm töhfə verir. Burada fəaliyyət göstərən və yaradılması nəzərdə tutulan müəssisələr yeni iş yerlərinin açılmasına, yerli məhsul istehsalının artırılmasına, əhalinin məşğulluğunun təmin edilməsinə şərait yaradır. Bu isə doğma torpaqlarına qayıdan insanların yalnız yaşayış yeri ilə deyil, həm də iş və gəlir imkanları ilə təmin olunması baxımından vacibdir.

Ağdamın yenidən qurulmasında nəqliyyat infrastrukturunun inkişafı da mühüm yer tutur. Bərdə-Ağdam avtomobil yolunun və dəmir yolu xəttinin istifadəyə verilməsi rayonun digər bölgələrlə əlaqələrinin möhkəmləndirilməsinə xidmət edir. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin yaradılması şəhərin gələcəkdə mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilməsi üçün geniş imkanlar açır. Bu infrastruktur həm insanların rahat gediş-gəlişini təmin edir, həm də istehsal olunan məhsulların digər bölgələrə və bazarlara daşınmasını asanlaşdırır.

Şəhərin sosial və mədəni həyatının bərpası da diqqət mərkəzində saxlanılır. Ağdamda yeni məktəblər, uşaq bağçaları, mədəniyyət və digər sosial obyektlər tikilərək istifadəyə verilir. Müasir təhsil müəssisələrinin yaradılması doğma torpaqlarına qayıdan ailələrin uşaqlarının keyfiyyətli təhsil alması üçün vacib şərait yaradır. Uşaq bağçalarının fəaliyyəti isə valideynlərin gündəlik həyatını asanlaşdırmaqla yanaşı, uşaqların erkən yaşlardan təlim-tərbiyə prosesinə cəlb edilməsinə imkan verir.

Ağdam Muğam Mərkəzinin yaradılması şəhərin zəngin mədəni irsinin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır. Ağdam tarixən muğam sənəti ilə tanınıb, bu torpaq Azərbaycan musiqi mədəniyyətinə görkəmli sənətkarlar bəxş edib. Muğam Mərkəzi həmin ənənələrin davam etdirilməsi, gənc nəslə çatdırılması və milli musiqimizin təbliği üçün mühüm mədəniyyət ocağıdır.

 

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki