Ağdam sakinləri uzun illər ərzində doğma torpaqlarından uzaqda yaşasalar da, qayıdış ümidlərini heç vaxt itirməyiblər
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən ən mühüm proseslərdən biri keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışıdır. Uzun illər həsrətlə öz evlərinə, ata-baba torpaqlarına qayıtmağı gözləyən insanlar bu gün həmin torpaqlarda yenidən məskunlaşır, ailə ocaqlarını bərpa edir, övladlarını doğma yurdda böyütmək imkanı qazanırlar. Bu prosesin geniş vüsət aldığı rayonlardan biri də Ağdamdır.
Ağdam tarixən Azərbaycanın ən tanınmış və inkişaf etmiş rayonlarından biri olub. Öz zəngin tarixi, mədəniyyəti, kənd təsərrüfatı ənənələri, sənaye və ticarət imkanları ilə seçilən bu diyar uzun illər Qarabağın mühüm mərkəzlərindən hesab edilib. Lakin 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində Ağdam ağır dağıntılara məruz qalıb, minlərlə insan doğma yurdunu tərk etmək məcburiyyətində qalıb. Şəhər və kəndlər dağıdılıb, yaşayış evləri, məktəblər, mədəniyyət və səhiyyə müəssisələri yararsız vəziyyətə salınıb.
Ağdam sakinləri uzun illər ərzində doğma torpaqlarından uzaqda yaşasalar da, qayıdış ümidlərini heç vaxt itirməyiblər. Onlar hər zaman bir gün öz evlərinə dönəcəklərinə, uşaqlıq xatirələrinin yaşadığı küçələrdə yenidən gəzəcəklərinə, doğma kəndlərində həyatın bərpa olunacağına inanırdılar. 2020-ci il Vətən müharibəsində qazanılmış tarixi Qələbə və noyabrın 20-də Ağdam rayonunun işğaldan azad edilməsi həmin arzuların gerçəkləşməsi üçün yeni imkanlar yaratdı.
Azərbaycan dövləti qarşıya mühüm vəzifə qoydu: işğaldan azad edilmiş əraziləri yenidən qurmaq, dağıdılmış şəhər və kəndləri bərpa etmək, keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli yaşayışını təmin etmək. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə genişmiqyaslı işlərə başlanıldı. Ağdam şəhərinin Baş Planı hazırlandı, yaşayış məhəllələrinin, yolların, sosial obyektlərin, sənaye və istehsal müəssisələrinin yaradılması istiqamətində layihələr həyata keçirildi.
Bu gün həmin işlərin nəticəsi olaraq Ağdamda həyat yenidən canlanır. Şəhərdə və kəndlərdə müasir yaşayış evləri tikilir, yollar salınır, elektrik, su, qaz və digər kommunikasiya xətləri çəkilir, məktəblər, uşaq bağçaları və sosial obyektlər yaradılır. Bütün bunların əsas məqsədi insanların doğma torpaqlarına qayıtması üçün lazımi şərait yaratmaq və burada davamlı yaşayışı təmin etməkdir.
2026-cı ilin noyabr ayına olan məlumata əsasən, Ağdam rayonunda Böyük Qayıdış prosesi çərçivəsində ümumilikdə 2146 ailə olmaqla 8300 nəfər məskunlaşıb. Bu rəqəmlər uzun illər yurd həsrəti ilə yaşayan insanların artıq öz doğma torpaqlarında yeni həyata başladığını göstərir. Məskunlaşma Ağdam şəhəri ilə yanaşı, Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərini də əhatə edir.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd tam ümumtəhsil orta məktəbinin direktoru
























