Böyük Qayıdışın əsas məqsədi insanları doğma torpaqlarına qaytarmaqla yanaşı, onların həmin ərazilərdə daimi və təhlükəsiz yaşayışını təmin etməkdir
Ağdam rayonunun Sarıcalı kəndində də qayıdış prosesi davam edir. 2026-cı ilin noyabr ayına olan məlumata görə, burada 193 ailə olmaqla 814 nəfər məskunlaşıb. Kəndin yenidən qurulması, yaşayış evlərinin və infrastrukturun yaradılması uzun illər yurd-yuvasından ayrı düşmüş insanların öz torpaqlarına qayıtmasına şərait yaradıb.
Sarıcalıya qayıdan ailələr üçün bu gün yeni həyatın başlanğıcıdır. Onlar doğma kəndlərində məskunlaşaraq əvvəlki həyat ənənələrini bərpa edir, ailə və təsərrüfat planlarını öz yurdlarında həyata keçirməyə başlayırlar. Kəndin inkişafı və əhalinin artması gələcəkdə burada sosial və iqtisadi fəallığın daha da yüksəlməsinə imkan verəcək.
Göstərilən rəqəmlər Ağdam rayonunda Böyük Qayıdışın artıq real nəticələr verdiyini aydın şəkildə nümayiş etdirir. Belə ki, ümumi məskunlaşan 2146 ailənin 1002-si Ağdam şəhərində, 659-u Xıdırlı kəndində, 292-si Kəngərli kəndində, 193-ü isə Sarıcalı kəndində yaşayır. Əhali sayına gəldikdə isə 3604 nəfər Ağdam şəhərində, 2621 nəfər Xıdırlıda, 1261 nəfər Kəngərlidə, 814 nəfər isə Sarıcalıda məskunlaşıb.
Bu göstəricilər onu deməyə əsas verir ki, Ağdamda məskunlaşma prosesi həm şəhər, həm də kənd yaşayış məntəqələrini əhatə edir. Bu isə rayonun bütövlükdə sosial və iqtisadi həyatının bərpası baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki Ağdamın gələcək inkişafı yalnız şəhərin yenidən qurulmasından deyil, kəndlərin də əvvəlki həyatına qayıtmasından asılıdır.
Böyük Qayıdışın əsas məqsədi insanları doğma torpaqlarına qaytarmaqla yanaşı, onların həmin ərazilərdə daimi və təhlükəsiz yaşayışını təmin etməkdir. Bunun üçün yeni yaşayış evlərinin tikilməsi ilə bərabər, məşğulluq imkanlarının yaradılması, təhsil və səhiyyə xidmətlərinin təşkili, nəqliyyat əlaqələrinin yaxşılaşdırılması və sahibkarlığın inkişaf etdirilməsi vacibdir.
Ağdamda bu istiqamətdə görülən işlər geniş xarakter daşıyır. Rayonun iqtisadi potensialının bərpası üçün sənaye, kənd təsərrüfatı, ticarət və xidmət sahələrində layihələr həyata keçirilir. Ağdam Sənaye Parkının fəaliyyəti yeni istehsal müəssisələrinin yaradılması, yerli məhsul istehsalının genişləndirilməsi və iş yerlərinin açılması baxımından mühüm əhəmiyyətə malikdir. Bu müəssisələrin inkişafı doğma torpaqlarına qayıdan insanların məşğulluğunun təmin olunmasına da müsbət təsir göstərir.
Kənd yaşayış məntəqələrində isə kənd təsərrüfatı fəaliyyətinin bərpası xüsusi əhəmiyyət daşıyır. Ağdamın torpaq və iqlim şəraiti əkinçilik və heyvandarlığın inkişafı üçün geniş imkanlar yaradır. Əhalinin təsərrüfat fəaliyyətinə cəlb edilməsi, torpaqlardan səmərəli istifadə olunması, suvarma infrastrukturunun qurulması və fermerlərə lazımi dəstəyin göstərilməsi rayonun iqtisadi həyatının canlanmasına xidmət edir.
Digər mühüm məsələ sosial infrastrukturun inkişafıdır. Doğma yurdlarına qayıdan ailələrin uşaqlarının təhsil alması üçün məktəblərin, məktəbəqədər təhsil müəssisələrinin yaradılması, əhalinin tibbi xidmətlərə əlçatanlığının təmin olunması və digər sosial xidmətlərin təşkili daimi yaşayışın əsas şərtlərindəndir. İnsanların yalnız evlə deyil, normal həyat üçün zəruri olan bütün imkanlarla təmin edilməsi Böyük Qayıdışın davamlılığını təmin edən başlıca amillərdəndir.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc
























