Kənd təsərrüfatı sahəsinə daim çox böyük diqqət göstərilir.
Azərbaycanın aqrar siyasəti Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən strateji inkişaf kursuna əsaslanır. Məhz onun rəhbərliyi dövründə kənd təsərrüfatının inkişafı, torpaq islahatlarının həyata keçirilməsi və regionların sosial-iqtisadi dirçəlişi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Bu siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə aqrar sahəyə dövlət dəstəyinin artırılması, subsidiyaların genişləndirilməsi, müasir texnologiyaların tətbiqi və regionlarda infrastruktur layihələrinin icrası kənd təsərrüfatının dayanıqlı inkişafına mühüm töhfə vermişdir. Görülən tədbirlər nəticəsində kənd yerlərində məşğulluq səviyyəsi yüksəlmiş, ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir.
Cənab Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər dövlətin aqrar sahəyə verdiyi önəmin bariz nümunəsidir. Dövlət başçısı çıxışında bildirib: “Kənd təsərrüfatı sahəsinə daim çox böyük diqqət göstərilir. Hələ ilk dəfə prezident vəzifəsinə seçiləndən sonra 2004-cü ildə ilk təşəbbüslərimdən biri regional inkişaf proqramı idi və onun da tərkib hissəsi kənd təsərrüfatının inkişafı idi. 2004-cü ilin əvvəlində qəbul edilmiş birinci beşillik proqram bir çox məsələlərin həll edilməsinə kömək göstərdi və biz gördük ki, bu proqramın davamı olmalıdır. Ondan sonra bir neçə beşillik regional inkişaf proqramı qəbul edildi”. Bu fikirlər göstərir ki, kənd təsərrüfatının inkişafı ölkənin ümumi iqtisadi strategiyasının ayrılmaz hissəsi kimi daim diqqət mərkəzində saxlanılır.
Hazırda Azərbaycanda aqrar sektorun modernləşdirilməsi istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir. Fermerlərə güzəştli kreditlərin verilməsi, kənd təsərrüfatı texnikasının lizinq yolu ilə təqdim olunması, suvarma sistemlərinin yenilənməsi və rəqəmsal texnologiyaların tətbiqi məhsuldarlığın artmasına şərait yaradır. Eyni zamanda, ixracyönümlü məhsul istehsalının təşviqi ölkənin qeyri-neft sektorunun inkişafına əlavə stimul verir. Regionlarda yaradılan aqroparklar və logistika mərkəzləri kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin yüksəlməsində mühüm rol oynayır. Aqrar sahəyə göstərilən diqqət Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar kənd təsərrüfatının gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Bu siyasət həm kənd əhalisinin rifahının yüksəlməsinə, həm də ölkənin iqtisadi gücünün daha da artmasına xidmət edir.
Rüxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru


















