Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələ və beynəlxalq təşkilatlarla əməkdaşlığın perspektivləri
Azərbaycan Respublikasının xarici siyasətində Avropa dövlətləri və beynəlxalq təşkilatlarla qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və beynəlxalq hüquq prinsiplərinə əsaslanan münasibətlərin inkişafı mühüm yer tutur. Son illərdə qlobal geosiyasi proseslərin dinamik inkişafı fonunda Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi dialoqun və iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Bununla yanaşı, bəzi beynəlxalq qurumlarda ölkəmizə münasibətdə müşahidə olunan qərəzli yanaşmalar əməkdaşlığın ayrı-ayrı istiqamətlərində müəyyən çətinliklər yaratmışdır. Lakin Azərbaycan prinsipial və ardıcıl mövqeyini qorumaqla, bütün tərəfdaşlarla qarşılıqlı maraqlara əsaslanan münasibətlərin inkişafına üstünlük verməkdə davam edir.
Azərbaycan ilə Avropa Komissiyası arasında münasibətlər müxtəlif mərhələlərdən keçmişdir. Ayrı-ayrı dövrlərdə müəyyən siyasi yanaşmalar və fərqli mövqelər əməkdaşlığın inkişaf tempinə təsir göstərsə də, son dövrdə qarşılıqlı dialoqun intensivləşməsi yeni əməkdaşlıq imkanları yaratmışdır. Xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, yaşıl enerji, ticarət və regional sabitlik kimi məsələlər hər iki tərəf üçün strateji əhəmiyyət kəsb etdiyindən, bu sahələrdə əməkdaşlığın genişləndirilməsi qarşılıqlı maraqlara xidmət edir.
Cari ildə Avropa İttifaqının yüksək səviyyəli rəsmilərinin Azərbaycana həyata keçirdikləri səfərlər münasibətlərdə yeni dinamikanın formalaşdığını nümayiş etdirir. Bu səfərlər çərçivəsində aparılan müzakirələr tərəflərin qarşılıqlı etimada əsaslanan əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bir daha təsdiqləmişdir. Siyasi dialoqun intensivləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və regional layihələr üzrə əməkdaşlığın dərinləşdirilməsi hər iki tərəf üçün uzunmüddətli perspektivlər açır. Bu proseslər Azərbaycanın Avropanın etibarlı tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirir.
Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması ölkənin beynəlxalq hüquqla tanınmış hüquqlarının təmin edilməsinin mühüm nəticəsi kimi qiymətləndirilir. Dövlətin öz suveren ərazisində qanuni səlahiyyətlərini həyata keçirməsi beynəlxalq hüququn əsas prinsiplərindən biridir. Bu baxımdan Azərbaycanın milli təhlükəsizlik və suverenlik məsələlərinə dair atdığı addımlar ölkənin daxili işi olmaqla yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həyata keçirilmiş tədbirlər kimi dəyərləndirilir.
Azərbaycan nümayəndə heyətinin AŞPA-da yaranmış vəziyyətlə bağlı qəbul etdiyi qərar da məhz milli maraqların və bərabərhüquqlu iştirak prinsipinin qorunmasına yönəlmiş addım kimi qiymətləndirilə bilər. Ölkəmiz beynəlxalq təşkilatlarda iştirakın qarşılıqlı hörmət, bərabər hüquqlar və konstruktiv əməkdaşlıq prinsiplərinə əsaslanmasını vacib hesab edir. Bu prinsiplər pozulduğu hallarda yaranan vəziyyətin siyasi dialoq yolu ilə aradan qaldırılması daha məqsədəuyğun yanaşma hesab olunur.Azərbaycan Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla münasibətlərini qarşılıqlı etimada, beynəlxalq hüquqa və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslanaraq inkişaf etdirmək niyyətindədir. Son dövrdə Avropa İttifaqı ilə siyasi dialoqun intensivləşməsi əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Eyni zamanda beynəlxalq təşkilatlarda obyektivliyin, qərəzsizliyin və hüququn aliliyinin təmin olunması gələcək əməkdaşlığın daha səmərəli və davamlı inkişafı üçün əsas şərtlərdən biri olaraq qalır.
Kəmalə Əliyeva – Zərdab rayonu, Qaravəlli kənd tam ümumtəhsil məktəbinin direktoru























