1990-cı illərin əvvəllərində Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı
XX əsrin sonlarında Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb və taleyüklü mərhələlərindən birini yaşayırdı. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası qısa müddət ərzində ciddi siyasi, iqtisadi və hərbi problemlərlə qarşılaşdı. Dövlət idarəçiliyində yaranmış boşluq, iqtisadi tənəzzül, Ermənistanın hərbi təcavüzü, ölkə daxilində baş verən silahlı qarşıdurmalar və hakimiyyət uğrunda mübarizə Azərbaycanı faktiki olaraq dövlətçiliyin itirilməsi təhlükəsi ilə üz-üzə qoymuşdu. Həmin dövrdə ölkədə sabitliyin olmaması, müxtəlif silahlı dəstələrin fəaliyyət göstərməsi və mərkəzi hakimiyyətin zəifləməsi Azərbaycanın müstəqilliyinin gələcəyini ciddi sual altında qoyurdu. 1988-ci ildən başlayan Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü ölkədə vəziyyəti daha da ağırlaşdırmışdı. Ermənistan tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ bölgəsində separatçılıq meylləri dəstəklənir, azərbaycanlı əhali doğma torpaqlarından qovulurdu. SSRİ rəhbərliyinin ikili standartlara əsaslanan siyasəti nəticəsində Azərbaycan xalqının hüquqları kobud şəkildə pozulur, ölkənin ərazi bütövlüyünə qarşı açıq təhlükələr yaranırdı. Bu proseslər Azərbaycanın müstəqillik uğrunda mübarizəsini daha da çətinləşdirirdi. 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıya yeridilməsi və dinc əhaliyə qarşı törədilən qanlı hadisələr xalqın azadlıq iradəsini qırmaq məqsədi daşıyırdı. Qara Yanvar zamanı yüzlərlə insan həlak oldu və yaralandı. Lakin bu faciə Azərbaycan xalqının müstəqillik əzmini sarsıtmaq əvəzinə daha da gücləndirdi və azadlıq uğrunda mübarizəni yeni mərhələyə çıxardı. 1991-ci ildə dövlət müstəqilliyi bərpa olunsa da, ölkədə sabit dövlət idarəetmə sistemi formalaşdırıla bilmədi. 1992–1993-cü illərdə siyasi böhran daha da dərinləşdi. Hakimiyyət daxilində parçalanmalar, tez-tez baş verən kadr dəyişiklikləri, dövlət institutlarının zəif fəaliyyəti ölkənin idarə olunmasını çətinləşdirirdi. Bununla yanaşı, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın bir sıra rayonları işğal edildi, yüz minlərlə insan qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Hərbi uğursuzluqlar və daxili qarşıdurmalar cəmiyyətdə narahatlığı artırırdı. 1993-cü ilin yayında vəziyyət kritik həddə çatdı. Ölkənin müxtəlif bölgələrində mərkəzi hakimiyyətə tabe olmayan silahlı qruplar fəaliyyət göstərir, vətəndaş qarşıdurması təhlükəsi gündən-günə artırdı. Dövlət çevrilişi cəhdləri və siyasi xaos Azərbaycanı parçalanma və müstəqilliyini itirmə təhlükəsi ilə üz-üzə qoymuşdu. Hətta bəzi xarici müşahidəçilər Azərbaycanın dövlət kimi mövcudluğunu davam etdirə bilməyəcəyi barədə proqnozlar verirdilər. Belə bir mürəkkəb şəraitdə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda siyasi hakimiyyətə qayıtdı. Onun qayıdışı ölkədə sabitliyin və dövlətçiliyin qorunmasının əsas təminatına çevrildi. Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə vətəndaş qarşıdurmasının qarşısı alındı, dövlət idarəetmə sistemi bərpa edildi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Müstəqil dövlətin möhkəmləndirilməsi üçün ardıcıl islahatlara başlanıldı. 1994-cü ildə Ermənistanla atəşkəs sazişinin əldə olunması ölkədə nisbi sabitliyin yaranmasına imkan verdi. Həmin ilin sentyabrında imzalanan Əsrin müqaviləsi Azərbaycanın iqtisadi inkişafı üçün yeni perspektivlər açdı və ölkənin beynəlxalq mövqeyini gücləndirdi. Sonrakı illərdə qəbul edilən mühüm dövlət proqramları, hüquqi və siyasi islahatlar Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsinə xidmət etdi. 1990-cı illərin əvvəllərində Azərbaycan həqiqətən də müstəqilliyini və dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Lakin xalqın iradəsi, dövlət müstəqilliyinə sadiqliyi və Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində bu təhlükə aradan qaldırıldı. Məhz həmin dövrdə atılan qətiyyətli addımlar Azərbaycanın müasir inkişafının, siyasi sabitliyinin və dövlət müstəqilliyinin möhkəm təməllərini formalaşdırdı. Bu gün Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu dövlət kimi tanınması və əldə etdiyi uğurlar 1990-cı illərin ağır sınaqlarından uğurla çıxmasının nəticəsi kimi qiymətləndirilir.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi – Alagöz Namazova




















