image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17951516674871310227_1200x630

Azərbaycan ilə Vyetnam arasında yaranmış dostluq münasibətləri sonrakı illərdə də davam etdirildi

image-legitimaz-810x90

Azərbaycan ilə Vyetnam arasında yaranmış dostluq münasibətləri sonrakı illərdə də davam etdirildi

 

Ho Şi Minin Bakı səfərinin əsas məqsədlərindən biri Azərbaycanın neft sənayesi sahəsində qazandığı təcrübə ilə tanış olmaq və bu təcrübədən Vyetnamın gələcək inkişafında istifadə etmək idi. Çünki həmin dövrdə Vyetnamın öz neft sənayesini yaratmağa, bu sahədə mütəxəssislər hazırlamağa və ölkənin təbii sərvətlərindən səmərəli istifadə etməyə böyük ehtiyacı var idi.

1959-cu il iyulun 23-də Ho Şi Min Bakının neft sənayesi ilə tanış olmuş, neftçilərlə, mühəndislərlə və digər mütəxəssislərlə görüşmüşdür. O, Azərbaycanın neft sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirmiş və Vyetnamda da gələcəkdə Bakıdakı kimi güclü neft sənayesi yaratmaq arzusunda olduğunu bildirmişdir. Ho Şi Min Azərbaycanın bu sahədəki təcrübəsindən yararlanmaq, Vyetnamda neftin axtarışı, çıxarılması və emalı işlərinin inkişaf etdirilməsi üçün kömək göstərilməsini istəmişdir.

Bu müraciət Azərbaycanla Vyetnam arasında uzun illər davam edəcək əməkdaşlığın başlanğıcını qoydu. Azərbaycanın neft sahəsində çalışan mühəndisləri, geoloqları, texniki işçiləri və digər mütəxəssisləri sonrakı illərdə Vyetnamın sənaye və neft sektorunun inkişafına öz töhfələrini verdilər. Onlar öz bilik və təcrübələrini vyetnamlı həmkarları ilə bölüşdülər, yeni istehsal sahələrinin qurulmasında və mütəxəssislərin hazırlanmasında iştirak etdilər.

Bu əməkdaşlıq yalnız texniki yardımla məhdudlaşmırdı. Azərbaycan Vyetnam üçün təhsil və kadr hazırlığı sahəsində də mühüm dəstək göstərirdi. Minlərlə vyetnamlı gənc Azərbaycanda təhsil alaraq müxtəlif ixtisaslara yiyələndi. Onların bir çoxu sonradan öz ölkələrinə qayıdaraq qazandıqları bilikləri Vyetnamın inkişafına sərf etdilər. Beləliklə, Bakı ilə Vyetnam arasında yaranan əlaqələr insanların həyatında, təhsilində və gələcək fəaliyyətində də öz əksini tapdı.

Əslində, iki xalq arasında dostluğun möhkəmlənməsinin ən gözəl nümunələrindən biri də məhz bu idi. Bir ölkənin mütəxəssislərinin başqa bir ölkəyə gedərək öz təcrübəsini bölüşməsi, gənclərin təhsil almasına kömək göstərilməsi və qarşılıqlı etimadın yaranması münasibətlərin daha da yaxınlaşmasına şərait yaratdı.

Azərbaycan ilə Vyetnam arasında yaranmış dostluq münasibətləri sonrakı illərdə də davam etdirildi. Bu münasibətlərin inkişafında Ümummilli Lider Heydər Əliyevin xüsusi xidmətləri olmuşdur.

1983-cü ildə Heydər Əliyevin Vyetnama səfəri iki xalq arasında mövcud olan dostluq əlaqələrinin daha da möhkəmlənməsinə böyük töhfə verdi. Həmin dövrdə Heydər Əliyev Sovet İttifaqının rəhbərliyində yüksək vəzifə tuturdu. Onun Vyetnama səfəri zamanı ölkənin müxtəlif sahələrində görülən işlərlə tanış olması, vyetnamlılarla görüşləri və neft sənayesinin inkişafı ilə bağlı məsələlərə diqqət yetirməsi Azərbaycan-Vyetnam münasibətlərinin tarixində mühüm yer tutur.

Bu səfər 1959-cu ildə Ho Şi Min tərəfindən qoyulmuş dostluq ənənələrinin davamı idi. Əgər Ho Şi Minin Bakı səfəri Azərbaycanla Vyetnam arasında əməkdaşlığın əsasını qoymuşdusa, Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri bu münasibətlərin daha da möhkəmlənməsinə xidmət etdi.

 

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki