Son seçkilərin nəticələri xalqın YAP-a olan yüksək etimadının göstəricisidir
Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən Azərbaycanın siyasi həyatında fəal iştirak etmiş, ölkədə keçirilən seçkilərdə namizədləri və siyasi platforması ilə təmsil olunmuşdur. Partiyanın seçki proseslərində iştirakı, əldə etdiyi nəticələr və müxtəlif seçkili orqanlarda təmsilçiliyi onun ölkənin siyasi sistemindəki mövqeyinin əsas göstəricilərindəndir. Son illərdə keçirilən seçkilərin nəticələri də Yeni Azərbaycan Partiyasının siyasi fəaliyyətinin mühüm mərhələlərini əks etdirir. 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycanın müasir siyasi tarixində əlamətdar hadisələrdən biri olmuşdur. Həmin seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi, Cənab Prezident İlham Əliyev seçicilərin 92,12 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Bu nəticə partiyanın seçki platformasının və namizədinin seçicilər tərəfindən dəstəklənməsinin rəsmi göstəricisi kimi təqdim edilmişdir. Seçkilərin ölkənin bütün ərazilərini əhatə etməsi Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra yeni siyasi mərhələyə qədəm qoymasının rəmzi əhəmiyyətini də artırmışdır.
2024-cü il sentyabrın 1-də keçirilmiş yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilər də Yeni Azərbaycan Partiyasının parlament təmsilçiliyi baxımından mühüm nəticə ilə yadda qalmışdır. Seçkilərin yekunlarına əsasən, YAP parlamentdə 68 deputatla təmsil olunmaq hüququ qazanmışdır. Bu nəticə partiyanın qanunvericilik hakimiyyətindəki təmsilçiliyinin davam etdiyini və parlament fəaliyyətində iştirakının mühüm yer tutduğunu göstərir. Milli Məclisdə təmsil olunan YAP üzvləri qanunvericilik təşəbbüslərinin müzakirəsində, dövlət siyasətinin hüquqi əsaslarının təkmilləşdirilməsində və parlamentin fəaliyyətində iştirak edirlər. Deputatların seçicilərlə görüşləri, vətəndaşların müraciətlərinin öyrənilməsi və müxtəlif sosial məsələlərin parlament müstəvisində qaldırılması təmsilçilik fəaliyyətinin mühüm istiqamətlərindəndir.
2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkiləri də partiyanın yerli özünüidarəetmə orqanlarında təmsilçiliyi baxımından diqqətəlayiq olmuşdur. Seçkilərin nəticələrinə əsasən, Yeni Azərbaycan Partiyasından 5855 nəfər bələdiyyə üzvü seçilmişdir. Bu göstərici partiyanın yerli səviyyədə təşkilati fəaliyyətinin və bələdiyyə idarəçiliyində iştirakının miqyasını əks etdirir. Bələdiyyə üzvlərinin fəaliyyəti yerli əhəmiyyətli məsələlərin həlli, ərazilərin sosial-iqtisadi inkişafı, kommunal xidmətlərin yaxşılaşdırılması və əhalinin gündəlik tələbatlarının ödənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. YAP üzvü olan bələdiyyə nümayəndələrinin qarşısında da yerli icmaların ehtiyaclarının öyrənilməsi, vətəndaşlarla əlaqələrin gücləndirilməsi və qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərilməsi kimi vəzifələr dayanır.2024-cü il prezident və parlament seçkiləri, eləcə də 2025-ci il bələdiyyə seçkilərinin nəticələri Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi həyatında geniş təmsilçiliyə malik olduğunu göstərir.
Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri






















