image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

Məsuliyyətli addım və doğru qərar

image-legitimaz-810x90

Məsuliyyətli addım və doğru qərar

 

Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın müasir siyasi tarixində mühüm hadisələrdən biri kimi qiymətləndirilir. Partiya Azərbaycan tarixinin son dərəcə ağır və mürəkkəb dövründə, ölkənin müstəqilliyinin, dövlətçiliyinin və ərazi bütövlüyünün ciddi təhlükələrlə üzləşdiyi bir şəraitdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə formalaşmışdır. Həmin dövrdə ölkədə hökm sürən siyasi qeyri-sabitlik, iqtisadi tənəzzül, sosial problemlər və idarəetmə böhranı cəmiyyətin müxtəlif təbəqələrində ciddi narahatlıq doğururdu. Azərbaycanın gələcəyini düşünən ziyalılar mövcud vəziyyətdən çıxış yollarının müəyyənləşdirilməsi və ölkənin inkişafına xidmət edəcək yeni siyasi qüvvənin yaradılması zərurətini irəli sürmüşdülər.

Belə mürəkkəb tarixi şəraitdə Azərbaycan ziyalılarının diqqəti böyük dövlətçilik təcrübəsinə, siyasi nüfuza və idarəçilik bacarığına malik olan Ümummilli Lider Heydər Əliyevin şəxsiyyətinə yönəlmişdir. Ölkənin gələcəyinə görə məsuliyyət hissi ilə çıxış edən ziyalılar onun rəhbərliyi ətrafında birləşərək yeni siyasi təşkilatın yaradılması təşəbbüsünü irəli sürmüşlər. Bu təşəbbüs Azərbaycanın müstəqil dövlət kimi qorunması, möhkəmləndirilməsi və gələcək inkişafının təmin olunması məqsədini daşıyırdı. 1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış Azərbaycan ziyalısı Ulu Öndər Heydər Əliyevə müraciət edərək yeni siyasi partiyanın yaradılmasını və onun həmin təşkilata rəhbərlik etməsini xahiş etmişdir. Azərbaycanın siyasi tarixinə “91-lərin müraciəti” kimi daxil olan bu sənəd Yeni Azərbaycan Partiyasının təsis edilməsinə aparan mühüm siyasi təşəbbüs olmuşdur. Həmin müraciət ölkədə yeni siyasi qüvvənin formalaşdırılması istiqamətində ziyalıların üzərinə götürdüyü ictimai məsuliyyətin ifadəsi kimi tarixə düşmüşdür.

Ümummilli lider Heydər Əliyev 1992-ci il oktyabrın 24-də müraciətə cavab verərək yeni partiyanın yaradılması təşəbbüsünü dəstəkləmişdir. Bu qərar partiyanın təşkilatlanması prosesinə mühüm təkan vermiş, müxtəlif bölgələrdən olan ziyalıların, ictimaiyyət nümayəndələrinin və siyasi fəalların bir araya gəlməsinə şərait yaratmışdır. 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Azərbaycanın müxtəlif bölgələrini təmsil edən nümayəndələrin iştirak etdiyi konfransda partiyanın yaradılması haqqında qərar qəbul edilmiş, Proqram və Nizamnaməsi təsdiqlənmiş, Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçilmişdir. 1992-ci il dekabrın 18-də isə Yeni Azərbaycan Partiyası rəsmi dövlət qeydiyyatına alınmışdır.

Yeni Azərbaycan Partiyasının yaranması həmin dövrün ictimai-siyasi reallıqlarına verilmiş təşkilatlanmış siyasi cavab olmaqla yanaşı, müstəqil Azərbaycanın gələcək inkişafı ilə bağlı yeni siyasi platformanın formalaşmasına da zəmin yaratmışdır. Partiyanın təsis edilməsi dövlət müstəqilliyinin qorunması, milli maraqların müdafiəsi, siyasi sabitliyin təmin olunması və demokratik dövlət quruculuğunun inkişaf etdirilməsi kimi mühüm məqsədləri ön plana çıxarmışdır. Bu baxımdan, 91 ziyalının Ümummilli lider Heydər Əliyevə müraciəti və Yeni Azərbaycan Partiyasının yaradılması məsuliyyətli siyasi addım və tarixi qərar kimi səciyyələndirildi. Həmin təşəbbüs Azərbaycan cəmiyyətində siyasi təşkilatlanmanın yeni mərhələsinin əsasını qoymuş, ölkənin sonrakı ictimai-siyasi inkişafında mühüm rol oynamışdır.

 

 

Zülfiyyə Əhmədova- Zərdab şəhər 3 saylı tam orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki