Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının “3 saylı” ərazi partiya təşkilatında (Saatlı Təhsil Sektoru) Prezident, partiyanın Sədri cənab İlham Əliyevin VIII qurultayındakı nitqində irəli sürülən məsələlər və qarşıdakı dövr üçün müəyyən etdiyi fəaliyyət istiqamətlərinə həsr olunmuş tədbir keçirilib.
Xeberaz.info xəbər verir ki, tədbir iştirakçıları ilk öncə müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov bildirdi ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yeni strateji mərhələyə qədəm qoymasını şərtləndirən, partiyanın ideoloji və təşkilati yenilənmə yolunu müəyyən edən mühüm tarixi hadisə olmuşdur. Dövlət başçısının tədbirdəki proqram xarakterli nitqi təşkilatın gələcək fəaliyyətinə güclü dinamika qazandırmaqla yanaşı, idarəetmədə modern standartların tətbiqi və milli həmrəyliyin daha da möhkəmləndirilməsi istiqamətində aydın hədəflər müəyyənləşdirmişdir.
Daha sonra “3 saylı” ərazi partiya təşkilatının sədri Günay Sultanova çıxışında vurğuladı ki, Ümummilli Lider Heydər Əliyevin elmi-intellektual potensialın gücləndirilməsi ilə bağlı irəli sürdüyü konseptual ideyalar bu gün cənab Prezident İlham Əliyev tərəfindən yüksək texnologiyalar və modern bilik iqtisadiyyatı dövrünə uyğun olaraq yeni mərhələyə çatdırılmışdır. Ölkə rəhbərinin təhsildə kadr hazırlığının keyfiyyətcə yenilənməsi, xaricdə təhsil proqramlarının genişləndirilməsi və innovativ təlim mühitinin yaradılması yönündə atdığı addımlar Azərbaycan gəncliyinin qlobal müstəvidə rəqabətədavamlılıq qazanmasını təmin edərək dövlətimizin intellektual gələcəyini etibarlı şəkildə formalaşdırır.
Tədbir iştirakçıları – Lətif Şimşəkov və Uruşan Nuruşov çıxış edərək bildirdilər ki, Ümummilli Lider Heydər Əliyevin böyük uzaqgörənliklə təməlini qoyduğu Yeni Azərbaycan Partiyası milli dövlətçiliyimizin xilası və inkişafı yolunda ən güclü siyasi qüvvəyə çevrilmişdir.
Görüşün sonunda ərazi partiya təşkilatının cari işləri nəzərdən keçirilib və qarşıdakı dövr üçün müvafiq fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
























